...

Rumıniya Prezidenti Nabukko-nun inkişafı istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə dair qanun qəbul edib

Siyasət Materials 5 İyun 2013 14:47 (UTC +04:00)
Rumıniya prezidenti Trayan Basesku Nabukko təbii qaz boru kəmərinin inkişafı istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə dair qanun qəbul edib. Bu qanun Nabukko layihəsini Rumıniya üçün milli maraq kəsb edən ictimai faydalı kommunal layihə kimi təsnif edir.
Rumıniya Prezidenti Nabukko-nun inkişafı istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə dair qanun qəbul edib

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Rumıniya Prezidenti Trayan Basesku Nabukko təbii qaz boru kəmərinin inkişafı istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə dair qanun qəbul edib. Bu qanun Nabukko layihəsini Rumıniya üçün milli maraq kəsb edən ictimai faydalı kommunal layihə kimi təsnif edir.

Nabukko şirkətindən Trend-ə daxil olan məlumata görə, sözügedən qanun Nabukko layihəsinin icrası ilə bağlı müxtəlif sahələrdə - ətraf mühit, normativ qaydalar və torpaq üzərində mülkiyyət torpaq sahəsindən istifadə hüququ istiqamətində yerinə yetirilməli olan tədbirləri, eləcə də digər texniki məsələləri əhatə edərək müfəssəl şəkildə təfsir edir. Həmçinin, "xüsusi Nabucco qanunu" Nabukko layihəsi ilə bağlı hüquqi-normativ bazanı daha da möhkəmləndirir.

Qanun cari ilin 21 may tarixində Rumıniya parlamenti tərəfindən ratifikasiya olunub.

"Nabucco Gas Pipeline International GmbH" şirkətinin İcraçı direktoru cənab Reynhard Mitçek (Reinhard Mitschek) bildirib: " Rumıniya Nabukko boru kəmərinin uğur qazanmasında mühüm əhəmiyyət kəsb edən əsas tərəfdaşlardan biridir və 21 may tarixində Buxarestdə öz işini başa vurmuş komitə üzvlərinin iclası da bunu əyani şəkildə sübut etdi. Biz layihəyə göstərilən siyasi dəstəyi, habelə layihənin möhkəm hüquqi-normativ bazasını bir daha nümayiş etdirən bu qanunun ratifikasiyasını təqdir edirik. Nabukko layihəsi hüquqi və siyasi dəstək, habelə texniki və mühəndis-layihə işləri baxımından artan xətlə inkişaf edir. Öz növbəsində Rumıniya hökuməti də Macarıstan və Bolqarıstandan sonra layihənin tikintisi üçün ekoloji icazəni təqdim edən üçüncü ölkə olmağa hazırlaşır. Biz Xəzər qazı Avropaya nəql edilmək üçün hazır olduğu zaman, Nabukko kəmərinin də onu qəbul etməyə hazır olması üçün lazımi işləri davam etdiririk".

"Nabucco Romania" (Rumıniya) şirkətinin İcraçı direktoru Vlad Pavlovski isə deyib: "Ciddi və hərtərəfli incələmədən sonra bu qanunun qəbul edilməsi Rumıniyada Nabukko layihəsinin həyata keçirilməsi istiqamətində atılan müsbət addımdır. Hazırda Rumıniyada bizim üçün prioritet məsələ Ətraf mühitə təsirin qiymətləndirilməsi (EIA) çərçivəsində icazə prosesini tamamlamaqdır. Biz bu istiqamətdə Rumıniyanın səlahiyyətli orqanları ilə əməkdaşlıq edirik və yaxın gələcəkdə bu prosesi tamamlayacağımıza inanırıq. Biz həmçinin boru kəmərinin inşası üçün lazımi icazələrin əldə olunması məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ / torpaq sahəsindən istifadə prosedurlarına xüsusi diqqət yetiririk. Biz layihənin inkişafı üçün həm icmalar, həm də yerli və milli orqanlarla əməkdaşlığı davam etdirəcəyik".

Rumıniyanın "Nabucco" milli şirkəti ölkədə Ətraf mühitə təsirin qiymətləndirilməsi çərçivəsində icazə prosesi üzrə keçirilən ictimai dinləmələrin müvəffəqiyyətlə tamamlanmasını bəyan edib. Bu ictimai dinləmələr 8-15 may tarixində Nabukko boru kəmərinin Rumıniya ərazisindən keçən hissəsi ilə kəsişən 5 rayonun 24 yaşayış məntəqəsində təşkil edilib.

İctimai dinləmələr 24 yaşayış məntəqəsinin yerli inzibati orqanlarının dəstəyi ilə Ətraf mühitin mühafizəsi üzrə milli agentlik (NEPA), habelə ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən yerli agentliklərlə birlikdə, "Nabucco Romania" ("NNC") şirkəti tərəfindən təşkil olunub.

Qeyd edək ki, "Nabucco" boru kəməri Cənub-Şərqi Avropanın bazarlarına ən qısa marşrutdur. Belə ki, yalnız "Nabucco" boru kəməri bütövlükdə Balkan ölkələrinin, həmçinin İtaliya və Yunanıstanın bazarlarına birbaşa çıxışı təmin edir.

"Nabucco" boru kəməri Türkiyə-Bolqarıstan sərhədində Trans-Anadolu boru kəməri (TANAP) ilə birləşəcək və Macarıstan, Bolqarıstan və Rumıniya ərazilərindən keçməklə, Avstriyanın Baumgarten şəhərində Mərkəzi Avropa qazpaylayıcı qovşağına (terminala) qoşulacaqdır. Daha sonra qaz Baumgarten şəhərindən "Nabucco" boru kəməri vasitəsilə bütün Avropa üzrə 500 milyon müştəriyə nəql oluna bilər.

Layihənin kompleks hüquqi bazası həm ratifikasiya olunmuş Hökumətlərarası saziş və Layihəyə dəstək göstərilməsinə dair sazişlər, həm də "3-cü enerji paketi" qanunu üzrə azad olunma imtiyazları baxımından tam hazırdır.

"Nabucco" boru kəməri genişləndirilə bilən konsepsiya təklif edir və marşrut boyu önəmli qaz ehtiyatı imkanlarını təmin edir. Ekoloji icazələr artıq Macarıstanda alınıb, Rumıniya və Bolqarıstanda isə yaxın zamanlarda alınacaq. "Nabucco" boru kəməri ən yüksək etibarlılığı və texniki təhlükəsizlik standartlarını təmin edən və vahid kompleks əməliyyat və nəzarət sisteminə malik olan texniki cəhətdən ən üstün marşrutdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti