...

Azərbaycan Respublikası Qadınlarının IV Qurultayının nümayəndələri İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyirlər

Siyasət Materials 14 İyun 2013 17:34 (UTC +04:00)
Azərbaycan Respublikası Qadınlarının IV Qurultayının nümayəndələri qarşıdan gələn prezident seçkilərində ölkə Prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyirlər.
Azərbaycan Respublikası Qadınlarının IV Qurultayının nümayəndələri İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyirlər

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbirlər İ.İsabalayeva, E.Mehdiyev/

Azərbaycan Respublikası Qadınlarının IV Qurultayının nümayəndələri qarşıdan gələn prezident seçkilərində ölkə Prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyirlər.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Qadınlarının IV Qurultayının nümayəndələri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Müraciətdə bildirilir ki, bu ilin ən mühüm hadisəsi Azərbaycanda prezident seçkilərinin keçirilməsi olacaq. Hər bir vətəndaşın seçib-seçilmək hüququ ən ali qanunumuz olan Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb: "Biz Azərbaycan qadınları seçkilərdə hamılıqla iştirak edəcəyik. Həm dövlət orqanları, həm qeyri-hökumət təşkilatları, həm də hər bir vətəndaş bu məqsədlə səylərini davam etdirəcək. Xalqımızın, övladlarımızın gələcəyini, Azərbaycanın sabahını düşünərək, Vətəni canından əziz tutan insana - cənab İlham Əliyevə səs verəcəyik. Çünki o, bizim bütün uğurlarımızın qarantıdır. Biz - bütün Azərbaycan qadınlarını təmsil edən IV Qurultayın nümayəndələri Vətənimizin qüdrətlənməsinə aparan siyasi xəttinizi, dərin zəka, möhkəm iradə ilə gördüyünüz işləri dəstəkləyir, Sizə olan etibarımızı və inamımızı bildiririk".

Müraciətdə deyilir ki, Azərbaycan qadınları XX əsrdə qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçib. Onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib. Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, siyasi, iqtisadi və mədəni proseslərdə, ictimai həyatda daha fəal iştirak edir:
"Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövr qadınların qarşısında yeni məqsəd və vəzifələr qoydu. Bazar iqtisadiyyatının təşəkkül tapması, ölkəmizin müxtəlif sahələrində aparılan islahatlar, vətəndaş cəmiyyətinin formalaşmasında vətəndaşların fəallığının artırılması yolunda görülən işlər qadınların cəmiyyətdəki rolunun daha da gücləndirilməsini tələb edir. Azərbaycanda qadın problemlərinin həlli sahəsində görülən işlərin əsasını ulu öndər Heydər Əliyev qoyub. Heydər Əliyevin siyasətinin davamçısı kimi, Sizin tərəfinizdən ailə, qadın və uşaq problemlərinin həlli istiqamətində işlər davam etdirilib və səylər artırılıb. Azərbaycanda qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi sahəsinin dövlətin diqqətində olmasının sübutu həmin sahələr üzrə beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsidir".

Müraciətdə bildirilir ki, qadın sahibkarlığının inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Qadın sahibkarlığının ehtiyaclarının, problem və xüsusiyyətlərinin təhlili qadın sahibkarlığının, ümumilikdə isə kiçik və orta sahibkarlığın inkişafına yardım edəcək.

Müraciətdə qeyd edilir ki, iqtisadi inkişafın davam etdirilməsi, sosial təminatın artırılması, respublikada insan hüquqlarının müdafiəsi sahəsində problemlərin həlli, Azərbaycan ailəsinin möhkəmləndirilməsi, milli adət-ənənələrin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi məqsədilə "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası təsdiq edilib. Bu konsepsiyaya əsasən, "Azərbaycan ailəsi strategiyası"nın, Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının və Milli Uşaq Strategiyasının hazırlanması və təsdiqi nəzərdə tutulub. Həmin sənədlərin qəbulu qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi və ailə institutunun möhkəmləndirilməsi sahələrinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu təsdiqləyir:

"Sizin tərəfinizdən Azərbaycan qadınlarının cəmiyyətdə özünü reallaşdırma imkanlarının artırılması, qadın hüquqlarının etibarlı təmin edilməsi, onların hərtərəfli sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müstəsna əhəmiyyət kəsb edən işlər görülüb. Bu gün Azərbaycan qadınları ölkədə aparılan quruculuq proseslərinin fəal iştirakçılarıdır. Ölkəmizdə yaradılmış demokratik quruluş hər bir vətəndaşın, o cümlədən qadınlarımızın həyatda özünütəsdiqi üçün yeganə həledici amil kimi onların biliklərini, intelektual potensiallarını, peşəkarlıqlarını, təşkilatçılıq bacarıqlarını ön plana çəkib, bu keyfiyyətləri əsas meyara çevirib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti