...

İlham Əliyev: Azərbaycan Avropaya daha yaxın olduqca, ölkənin demokratik inkişaf üçün daha çox imkanı olur (FOTO)

Siyasət Materials 21 İyun 2013 15:35 (UTC +04:00)
Azərbaycan Avropaya daha yaxın olduqca, ölkənin demokratik inkişaf üçün daha çox imkanı olur.
İlham Əliyev: Azərbaycan Avropaya daha yaxın olduqca, ölkənin demokratik inkişaf üçün daha çox imkanı olur (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir A.Bədəlova/

Azərbaycan Avropaya daha yaxın olduqca, ölkənin demokratik inkişaf üçün daha çox imkanı olur. Trend-in cümə günü Avropa Komissiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Herman van Rompuy ilə görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında bildirib.

İlham Əliyev tərəflər arasında münasibətlərin inkişafı baxımından böyük önəm daşıyan Avropa İttifaqı Şurası prezidentinin Azərbaycana səfərini xatırladıb.

Prezident İlham Əliyev deyib: "Bu, Avropa İttifaqı Şurası prezidentinin Azərbaycana ilk səfəri olub və Bakıda, həmçinin daha əvvəl Brüsseldə apardığımız müzakirələr əlaqələrimizin gələcək inkişafı üçün çox vacibdir. Münasibətlərimizə yekdil yanaşma mövcuddur. Azərbaycan Avropaya daha yaxın olmaq istəyir və "Şərq tərəfdaşlığı" proqramının fəal üzvüdür".

Azərbaycan Prezidenti bu sahədə əməkdaşlığa görə Avropa institutlarına təşəkkürünü bildirib.

Dövlət başçısı qeyd edib: "Fikrimcə, demokratik inkişaf, insan haqları sahələrində əməkdaşlıq Azərbaycana yüksək beynəlxalq standartlara uyğun siyasi islahatlar aparmağa kömək edir. Bu məsələlər bu gün nəzərdən keçiriləcək və bu sahədə əməkdaşlığı davam etdirəcəyik".

Prezidentin sözlərinə görə, tərəflər görüşdə məsələlərin geniş spektrini, xüsusilə, regional təhlükəsizlik, sabitlik və münaqişələrin nizamlanması məsələlərini nəzərdən keçiriblər.

İlham Əliyev deyib: "Biz, həmçinin Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin bəyanatını yüksək qiymətləndiririk. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini diqqət mərkəzində saxladıqlarına və bunun üçün G8 kimi vacib forumdan istifadə etdiklərinə görə onlara minnətdarıq".

Dövlət başçısının sözlərinə görə, Azərbaycan münaqişənin tezliklə həllinə nail olmaq üçün bütün zəruri tədbirlərin həyata keçirilməsi ilə bağlı fikirləri tam dəstəkləyir.

İlham Əliyev bildirib: "Helsinki Yekun Aktına istinad olduqca böyük əhəmiyyət daşıyır və nizamlanmanın əsasını təşkil etməli olan prinsipləri dəqiq müəyyənləşdirir. Millətlərin öz müqəddəratını təyin etməsi ölkələrin ərazi bütövlüyü ilə ziddiyyət təşkil etməməlidir. Ermənistana gəlincə, bu ölkə öz gələcəyini artıq müəyyənləşdirib və Ermənistan dövləti mövcuddur. Azərbaycan ərazisində erməni millətinin öz müqəddəratını təyin etməsi qəbuledilməzdir".

Prezident qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmaqla, həmçinin Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindən Ermənistan qoşunlarının dərhal və qeyri-şərtsiz çıxarılmasını tələb edən BMT-nin 4 qətnaməsinə riayət edilməsi ilə münaqişənin tezliklə həllində maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti