Azərbaycan, Bakı, 2 iyul /Trend/
Azərbaycan Gənclər və İdman Nazirliyinin dəvəti ilə Serbiyanın gənclər və idman naziri xanım Alisa Mariçin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edib.
Trend-in məlumatına görə, ilkin olaraq qonaqları Azərbaycan gənclər və idman naziri Azad Rəhimov qəbul edib. Hazırda qonaqlar digər qurumlarla və təşkilatlarla görüşlər keçirirlər.
Bu gün nümayəndə heyəti Azərbaycan Gənclər Fondunun ofisində olub. Qısa tanışlıqdan sonra qonaqlara Gənclər Fondunun təqdimatı keçirilib, Fondun fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri, ümumiyyətlə, Azərbaycan və xarici ölkə gəncləri ilə Fondun əməkdaşlığı barədə məlumat verilib.
Serbiyalı qonaqlar da, öz növbələrində, Fondla bağlı onları maraqlandıran bir sıra suallar ünvanlayıblar. Daha sonra Fondun icraçı direktoru Fərhad Hacıyev qonaqları qəbul edib, onları gələcəkdə qurula biləcək birgə əməkdaşlıq perspektivləri, ortaq fəaliyyət istiqamətləri barədə məlumatlandırıb.