...

Azərbaycanın qeyri-hökumət təşkilatı Moldova ombudsmanının mövqeyini müdafiə edir

Siyasət Materials 6 İyul 2013 16:43 (UTC +04:00)
Azərbaycanın QHT Əməkdaşlıq Alyansı Moldava parlamentinin ombudsmanına Ermənistanda edilən təhdidlərlə bağlı bəyanat verib.
Azərbaycanın qeyri-hökumət təşkilatı Moldova ombudsmanının mövqeyini müdafiə edir

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Azərbaycanın QHT Əməkdaşlıq Alyansı Moldava parlamentinin ombudsmanına Ermənistanda edilən təhdidlərlə bağlı bəyanat verib.

Trend-ə daxil olan bəyanatda deyilir: "İyulun 4-də Ermənistan parlamentində keçirilən Ümumavropa konfransında Moldova parlamentinin ombudsmanı Aureliya Qriqoriu "Dondurulmuş münaqişə zonalarında insan hüquqlarına əməl olunması" mövzusunda məruzə ilə çıxış edərkən Azərbaycan torpaqlarının işğalı ilə bağlı əsl reallığı bir daha dünya ictimaiyyətinə bəyan edib. Ombudsman çıxışında bildirib ki, Ermənistan Azərbaycan ərazilərinin 20%-ni işğal edib və azərbaycanlılara qarşı soyqırım törədib. O, həmçinin bildirib ki, Xocalı hadisələri ermənilər tərəfindən törədilən soyqırımdır və beynəlxalq aləm tərəfindən tanınmış faktdır. Ədalətli mövqeyinə görə Ermənistan parlamentinin vitse-spikeri Ermine Naqdalyan ombudsmanı parlament tribunasından sifarişləri yerinə yetirmək üçün istifadə etməməyə çağırıb. Ombudsman Aureliya Qriqoriu Ermənistan parlamentində çıxışından sonra Yerevanda müxtəlif təhdidlərə məruz qalıb. Bu təhdidlər bir daha göstərir ki, Ermənistan heç bir beynəlxalq hüquq tanımadığı kimi, beynəlxalq təşkilatlara da hörmət etmir. Toxunulmazlıq hüququ olan qonağa qarşı da istənilən antihumanist münasibət göstərməyə hazırdır".

QHT Əməkdaşlıq Alyansı hesab edir ki, Moldova ombudsmanının Ermənistan parlamentində çıxışı dünya birliyinin Ermənistanın militarist və işğalçı siyasəti ilə barışa bilmədiyinin və artıq bu siyasətə etirazının göstəricisidir. Bu addım haqq və ədalətin ifadəsi, 20 ildən artıq öz yurd-yuvasından qaçqın düşmüş 1 milyondan çox Azərbaycan vətəndaşının pozulmuş hüququnun bərpa edilməsinə yönəlmiş obyektiv münasibətdir:

"Hesab edirik ki, bu çıxış eyni zamanda insan haqları üzrə ixtisaslaşan bir çox beynəlxalq təşkilatlar üçün də əsl nümunədir və insan haqlarının kütləvi şəkildə pozulmasına bütün beynəlxalq təşkilatlar belə bir reaksiya nümayiş etdirməlidir. Azərbaycan torpaqlarında aparılan etnik təmizləmə siyasətinə etiraz edən Moldava ombudsmanının bu mövqeyinə görə ona vətəndaş cəmiyyəti sektoru adından təşəkkür edirik.

İnanırıq ki, haqq-ədalət öz yerini tutacaq və bütün beynəlxalq təşkilatlar, xüsusilə də özünü insan hüquqlarının müdafiəçisi kimi təqdim edən digər təşkilatlar öz mövqelərini açıq-aşkar sərgiləyəcək və Ermənistanın işğalıçı, militarist siyasətinin ifşa edəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti