...

Əhməd Davudoğlu: Yüksək strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə münasibətləri xalqların mənafeyinə uyğundur

Siyasət Materials 17 İyul 2013 19:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, spiker qonağı salamlayaraq müstəqil Azərbaycanın Türkiyə ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib:

"Siyasi sahədə yüksək səviyyəli əməkdaşlığımız həyatın digər sahələrinə də öz müsbət təsirini göstərir. Bu gün dünyada iki elə dövlət tapmaq mümkün deyil ki, onların münasibətləri Azərbaycan-Türkiyə münasibətləri səviyyəsində olsun. Əlaqələrimizin bu səviyyəyə çatmasında dövlət başçılarının qarşılıqlı səfərləri əhəmiyyətli rol oynayıb, ölkələrimiz arasında imzalanmış 180-dək sənəd münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil edib. İmzalanmaq üçün 19 sənəd üzərində isə iş davam etdirilir. Yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının fəaliyyəti, iqtisadi sahədəki uğurlarımız həqiqətən heyrətamizdir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 2,5 milyard ABŞ dolları həcmində olub. Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin 36 faizi Türkiyəyə məxsusdur. Onların böyük əksəriyyətinin qeyri-neft sektoruna sərmayə yatırması isə sevindirici faktdır. Artıq Azərbaycan da qardaş Türkiyə iqtisadiyyatına investisiyalar qoymağa başlayıb. Yaxın dövrdə bu investisiyaların həcmi 18 milyard ABŞ dollarına çatacaq. Bu gün Türkiyədə 800-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir".

Sədr münasibətlərimizin inkişafında parlamentlərin roluna diqqət çəkərək, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb, dostluq qrupları arasında əlaqələrin intensivləşdirilməsinin əhəmiyyətindən danışıb. Spiker nüfuzlu beynəlxalq qurumlarda deputatlarımızın prinsipial məsələlərdə eyni mövqedən çıxış etmələrini önəmli hesab edib.

O.Əsədov Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib. Görüşdə Milli Məclisin sədri Türkiyənin uğurunun Azərbaycanın uğuru olduğunu söyləyərək, Türkiyə xalqına yeni-yeni nailiyyətlər və firavanlıq arzulayıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını deyib. Ulu öndər Heydər Əliyevin "Bir millət iki dövlət" fikrini ifadə edən nazir münasibətlərimizin yüksək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini, xalqlarımızın mənafeyinə uyğun olduğunu söyləyib. O, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, onun nailiyyətləri ilə fəxr etdiyini və özünü burada doğma evindəki kimi hiss etdiyini xüsusi qeyd edib:

"Cənubi Qafqazda sülhün yaranması bölgə xalqlarının hamısı üçün çox önəmlidir. Ancaq Dağlıq Qarabağ problemi həll olunmadan buna nail olmaq mümkün deyil. Türkiyə Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə bundan sonra da hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək".

Söhbətdə parlamentlərarası əlaqələrin inkişafı, bölgədə ictimai-siyasi vəziyyət, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun başçısı Nizami Cəfərov, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun və digər rəsmi şəxslər iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti