Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir E.Mehdiyev/
Mitinq "Milli Şura" ideyasının, bu qurumun, orada cəmləşən dağıdıcı müxalifətin tam iflası, fiaskosu oldu. Bu barədə Trend-ə millət vəkili Ceyhun Osmanlı deyib Milli Şuranın 18 avqust mitinqinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, "Milli Şura"nın uzun müddətdir hazırlaşdığı və təmtəraqla təbliğ etdiyi 18 avqust mitinqində 20 min nəfərin iştirak edəcəyindən dəm vururdular: "Amma mitinqdə 800-900 nəfərin iştirakı sübut etdi ki, "Milli Şura"da təmsil olunan müxalifətin heç bir sosial bazası, elektoratı yoxdur".
Onun sözlərinə görə, mitinq göstərdi ki, "Milli Şura"da ailə müxalifəti təmsil olunur: "Mitinq radikal, dağıdıcı müxalifətin təbliğ etdiyi "müxalifətin birliyi" ideyasının sabun köpüyü olduğunu açıq nümayiş etdirdi. Partiyalar, onların rəhbərləri və funksionerləri arasında ciddi ziddiyyətlərin və fikir ayrılığı tam çılpaqlığı ilə diqqəti çəkdi".
C.Osmanlı vurğulayıb ki, bir daha təsdiq edildi ki, xalq dağıdıcı müxalifəti dəstəkləmir, onun iddialarına, şüarlarına biganədir: "Azərbaycan xalqı "Milli Şura"nı mövcud iqtidara alternativ hesab etmir, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasi kursu dəstəkləyir və ona sadiqliyini nümayiş etdirir".
C.Osmanlı əlavə edib ki, mitinq iştirakçılarının çox az olması "Milli Şura" başçılarını son dərəcə məyus etdi: "İsa Qəmbərin zorən nikbin çıxış belə bu bədbinliyi aradan qaldıra bilmədi. Mitinqin sonunda faktiki olaraq Əli Kərimli boş meydana üz tutaraq tələsik nitqini yekunlaşdırmaq məcburiyyətində qaldı".
Millət vəkili qeyd edib ki, Milli Şuranın mitinqində əsasən AXCP-nin bayraqları görünüb, Müsavatın bayraqları isə çox az nəzərə çarpıb: "Müsavat üzvlərinin azlığı mitinq iştirakçılarının da narazılığına səbəb olub. Onlar Müsavatı zəiflikdə, İsa Qəmbəri isə mitinqi sabotaj etməkdə günahlandırıblar".
C.Osmanlı bildirib ki, tədbirdə mitinqin təşkilat komitəsinin müraciətində əks olunmamış və BŞİH-lə razılaşdırılmamış şüarlar səsləndirib.