...

Suriyaya hərbi müdaxilə - Türkiyə təhlükə altındadır

Siyasət Materials 2 Sentyabr 2013 13:06 (UTC +04:00)
Suriyaya hərbi müdaxilə - Türkiyə təhlükə altındadır
Suriyaya hərbi müdaxilə - Türkiyə təhlükə altındadır

Rufiz Hafizoğlu, Trend-in Yaxın Şərq redaksiyasının rəhbəri

Suriyada hakimiyyətin dinc əhaliyə qarşı kimyəvi silahdan istifadəsinin tam olaraq təsdiq olunmamasına baxmayaraq, ölkəyə hərbi müdaxilənin yolları müzakirə edilməkdədir.

ABŞ Prezidenti Barak Obamanın verdiyi açıqlamada ABŞ ordusunun Suriya ərazisinə girməyəcəyini bəyan etməsindən sonra Ağ Ev sözçüsü Jay Carney Suriyaya müdaxilədə əsas hədəfin rejim dəyişikliyinin deyil, Əsəd rejimini zəiflətmək olduğunu bəyan etdi.

Bu bəyanatdan sonra Ankara da oxşar bəyanatla çıxış edərək ehtimal edilən hərbi müdaxilənin Əsəd hakimiyyətini devirmək olmadığını bildirdi.

Suriyada baş verən hadisələri diqqətlə izlədikdə görürük ki, bundan əvvəl də ölkə ərazisində dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə edildiyi deyilirdi. Ölkə hakimiyyəti kimyəvi silahın terrorçu qruplar tərəfindən istifadə edildiyini bildirsə də, müxalifət bu cür silahların məhz hakimiyyət tərəfindən tətbiq edildiyini bildirmişdi.

Lakin bütün bunlara baxmayaraq, ölkədə kimyəvi silahdan ilk dəfə istifadə edildiyi zaman Suriyaya hərbi müdaxilə məsələsi gündəmə gəlməmişdi. Baş verənlərə nəzər saldıqda, o vaxt ölkədə radikal islamçı qrupların bir o qədər də güc sahibi olmadıqlarını, bu gün isə Suriyada vəziyyətin tamamilə fərqli olduğunu görmək mümkündür.

Dolayısı ilə demək olar ki, hazırda ölkənin bir çox bölgələrinə radikal islamçı qruplar tərəfindən nəzarət edilir.

Bütün bunlar, eləcə də ABŞ vəTürkiyə rəsmilərinin hərbi müdaxilənin Əsəd hakimiyyətini devirmək olmadığı haqda bəyanatları gözlənilən hərbi müdaxilənin Suriyadakı radikal islamçı qruplara qarşı olduğunu söyləməyə əsas verir.

Digər bir tərəfdən isə hazırda Suriyada ən böyük təhlükələrdən biri ölkə ərazisindəki kimyəvi silahların məhz radikal islamçı qrupların əlinə keçə bilməsidir.

Suriyaya hərbi müdaxilə planının ilkin mərhələsinə gəlincə, müzakirə olunan məqamlardan biri də ölkənin cənubundakı Deraa şəhərinin üzərinin uçuşa qadağan bölgə elan edilməsidir.

Suriyaya hərbi müdaxilə planı baş tutacağı təqdirdə, məhz bu ərazidən ölkə ərazisinə həmlə ediləcəyi ehtimal edilir.

Təbii ki, Suriyaya hərbi müdaxilə baş tutacağı halda münaqişənin daha geniş miqyas alacağı, xüsusən də, "Hizbullah" terror təşkilatının və İranın buna adekvat cavab verəcəyinə dair ehtimallar böyükdür.

Hərbi müdaxilə baş tutarsa, bu gün Suriyadakı real vəziyyət, Ankaranın bu məsələdə tutduğu mövqeyi nəzərə alsaq Suriya ilə qonşu dövlətlərin, xüsusən də Türkiyənin sərhədyanı bölgələrinin ciddi risk altında olduqlarını söyləmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti