...

Bakıda MDB Şurasının iclasında Xəzərdə təhlükəsizlik məsələsi üzrə qərar qəbul edilib

Siyasət Materials 9 Sentyabr 2013 19:10 (UTC +04:00)
Bu gün MDB Sərhəd Qoşunları Komandanlar Şurasının Bakıda keçirilən 70-ci iclasında Xəzərdə təhlükəsizlik məsələsi ilə bağlı müvafiq qərar qəbul edilib.
Bakıda MDB Şurasının iclasında Xəzərdə təhlükəsizlik məsələsi üzrə qərar qəbul edilib

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir M.Əliyev/

Bu gün MDB Sərhəd Qoşunları Komandanlar Şurasının Bakıda keçirilən 70-ci iclasında Xəzərdə təhlükəsizlik məsələsi ilə bağlı müvafiq qərar qəbul edilib. Trend-in məlumatına görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini və Sərhəd Xidmətinin rəhbəri, Şuranın sədri Vladimir Kulişov deyib.

Onun sözlərinə görə, iclas çərçivəsində Xəzərdə təhlükəsizlik məsələləri müzakirə edilib və müvafiq qərarlar qəbul olunub: "Biz MDB dövlət başçıları üçün təkliflərimizi hazırlayırıq. Hazırda səsvermə aparılır və məsələ ilə əlaqədar ekspertlər çalışırlar".

V.Kulişov qeyd edib ki, Azərbaycan, Qazaxıstan və Rusiyanın Xəzərdə təhlükəsizliyin təmin edilməsi üzrə mövqeləri tam üst-üstə düşür.

Onun sözlərinə görə, Azərbaycana səfər zamanı Şuranın nümayəndə heyəti bir sıra obyektlərdə, o cümlədən Sərhəd Xidməti Akademiyasında olub: "Hazırda bu təhsil müəssisəsi mütəxəssislərin hazırlanması üçün çox ciddi bazaya malikdir. Əminəm ki, bu, Dövlət Sərhəd Xidmətində çalışan insanların peşəkarlıq səviyyəsini artırmağa, bizə isə təhsil müəssisələri xətti ilə də tam mübadilə aparmağa imkan verəcək".

V.Kulişov bildirib ki, iclas zamanı Şuranın yarandığı gündən fəaliyyəti təhlil edilib, bu il Xəzər, Qara və Azov dənizlərində, sərhədin quru ərazilərində birgə səylərlə həyata keçirilən xüsusi əməliyyat və profilaktik tədbirlərin nəticələri qiymətləndirilib.

Həmçinin, birgə fəaliyyətin perspektivlərinə, onun səmərəliliyinin artırılmasına diqqət ayrılıb. Yeddi məsələ nəzərdən keçirilib və fəaliyyətin prioritet istiqamətlərində təhlükəsizliyə həsr edilmiş 21 qərar qəbul edilib, Mərkəzi Asiya regionunda vəziyyət qiymətləndirilib. MDB ölkələrinin sərhədlərində mümkün böhran vəziyyətlərinin aradan qaldırılması üzrə işi əlaqələndirmək barədə razılıq əldə edilib.

İclas zamanı, həmçinin sərhədyanı sahədə kadrların hazırlanması üzrə birgə fəaliyyət müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti