...

İran Prezidenti Urmiya gölünün ətrafında bəndsalma işlərinin dayandırılmasına dair göstəriş verib

Siyasət Materials 10 Sentyabr 2013 12:57 (UTC +04:00)
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Urmiya gölünə axan su hövzəsi üzərində bəndsalma işlərinin dayandırılması ilə bağlı xüsusi göstəriş verib.
İran Prezidenti Urmiya gölünün ətrafında bəndsalma işlərinin dayandırılmasına dair göstəriş verib

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir T.Cəfərov/

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Urmiya gölünə axan su hövzəsi üzərində bəndsalma işlərinin dayandırılması ilə bağlı xüsusi göstəriş verib. Bunu İranın energetika naziri Həmid Çitçiyan bazar ertəsi televiziya proqramlarının birində Energetika Nazirliyinin su mənbələrinin idarə edilməsinə dair proqramlarını açıqlayarkən deyib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.

Çitçiyan ölkə Prezidentinin Urmiya gölünün bərpasına dair İşçi qrupunun yaradılması ilə bağlı sərancamının olduğunu və artıq bu qrupun yaradıldığını bildirib və deyib ki, İşçi qrup Urmiya gölü ilə bağlı bundan öncə aparılmış bütün araşdırmalara baxıb və bu araşdirmalara əsasən bəzi layihələr həyata keçirilmək üçün hazırlanıb.

O deyib ki, Urmiya gölünün bərpası üçün elmi mərkəzlərin təqdim etdiyi 30-dan çox təklifin araşdırılması İşçi qrupunun gündəliyinə salınıb.

Çitçiyan deyib ki, Urmiya gölünə axan su hövzəsi üzərində bəndlərin salınmasına dair araşdırmalar dayandırılacaq və Araz çayı, Xəzər dənizi və digər su hövzələrindən suyun Urmiya gölünə axıdılması ilə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Urmiya gölünün sahəsi təxminən 6 min kvadrat kilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edirlər. Ardıcıl quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, heyvanlara da təsir göstərir. İran hökuməti 2011-ci ilin sentyabrında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı. BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardımı ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti