...

Beynəlxalq festivalda qondarma "Dağlıq Qarabağ respublikası"nın bayrağının nümayiş etdirilməsinə cəhdin qarşısı alınıb (FOTO)

Siyasət Materials 4 Oktyabr 2013 19:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

3-4 oktyabr tarixlərində Budapeştdəki Ötvöş Lorand Universitetində "Mədəniyyət körpüsü - 2013" adlı beynəlxalq festival keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirliklərin və yerli milli icmaların yardımı ilə keçirilən festivalın əsas məqsədi müxtəlif xalqların və millətlərin onlara xas mədəniyyətinin, milli mətbəxinin, turizm potensialının və tarixinin nümayiş və təbliğ edilməsindən ibarət olub.

İki gün davam edən tədbirdə ölkəmizi səfirliyin dəstəyi ilə Azərbaycan-Macar Gənclər Birliyi təmsil edib. Festival iştirakçıları səfirlik tərəfindən müxtəlif dövrlərdə Azərbaycanın mədəniyyətinə, tarixinə və ədəbiyyatına dair macar dilində çap edilmiş 30-a yaxın kitaba, paxlava, şəkərbura kimi milli mətbəximizə aid müxtəlif növ şirniyyatlara, Azərbaycan tarixi və mədəniyyətini təcəssüm etdirən suvenirlərə böyük maraq göstəriblər.

Tədbir zamanı Ermənistan mədəniyyət mərkəzi üçün ayrılmış hissədə qondarma "Dağlıq Qarabağ respublikası"nın bayrağının nümayiş etdirilməsinə cəhd olunub. Səfirlik əməkdaşları və Macarıstanda təhsil alan azərbaycanlı tələbələr tərəfindən buna dərhal etiraz edilib və təşkilatçılardan bu kimi halların qarşısının alınması tələb olunub. Eyni zamanda, səfirlik tərəfindən məsələ ilə əlaqədar dərhal Macarıstan Xarici İşlər Nazirliyinə etiraz notası ünvanlanıb və Ötvöş Lorand Universitetinin rəhbərliyi ilə birbaşa danışıqlar aparılıb. Nəticədə qondarma qurumun bayrağının nümayişinə cəhd dayandırılıb və tədbirdə provokasiya ilə məşğul olan ermənilər festivaldan uzaqlaşdırılıb.

Festivalda Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Malayziya, Çin, İsrail, eləcə də Avstriya, İtaliya, Fransa və digər bir çox Avropa dövlətlərinin nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti