...

"El" hərəkatı partiyaya çevrilir

Siyasət Materials 11 Oktyabr 2013 15:12 (UTC +04:00)
"El" hərəkatı partiyaya çevrilib.
"El" hərəkatı partiyaya çevrilir

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir E.Mehdiyev/

"El" hərəkatı partiyaya çevrilib. Trend-in məlumatına görə, bu barədə hərəkatın sədri Əflan İbrahimov bu gün keçirilən mətbuat konfransında deyib.

Ə.İbrahimov "El" hərəkatının öz missiyasını sona çatdırdığını deyib: "Biz artıq bu gündən "El" hərəkatının fəaliyyətinə son qoyuruq. Çünki İlham Əliyev prezident seçildi və bununla da "El" hərəkatının missiyası sona çatdı. Bu hərəkatı yaradanda məqsədimiz İlham Əliyevin Prezident seçilməsinə dəstək vermək idi və biz bu missiyanın öhdəsindən uğurla gəldik. Bu gündən biz El Hərəkatı Partiyası adı altında fəaliyyətimizi davam etdirəcəyik".

Partiya üzvlərinə onu sədr seçdiklərinə görə təşəkkür edən Ə.İbrahimov bildirib ki, partiyanın nizamnaməsi və digər zəruri sənədlər hazırlanıb Ədliyyə Nazirliyinə təqdim ediləcək.

Ə.İbrahimov deyib ki, İlham Əliyev liderliyə layiqdir və biz onunla irəli getməyə hazırdılar.

"Biz 30 avqust 2013-cü ildə bəyanat vermişdik ki, Prezident seçkilərində İlham Əliyevin seçki kampaniyasında fəal iştirak edəcəyik, üzvlərimiz bütüm seçki dairələrində və məntəqələrində öz işlərini quracaqlar. Biz vədimizə əməl etdik."

Ə.İbrahimov deyib ki, "El" hərəkatı 900 nəfərdən çox insanı birləşdirir, 38 rayonda nümayəndəliklərini yaradıb: "125 seçki dairəsinin 78-ni əhatə etmişik, 93 nəfər müşahidəçimiz MSK-da qeydiyyatdan keçdi, dairə seçki komissiyalarında 200-ə qədər, məntəqə seçki komissiyalarında isə 500-ə qədər üzvümüz çalışıb".

Hərəkat sədri vurğulayıb ki, seçkilər demokratik və şəffaf şəraitdə keçdi: "Mənim proqnozlarım özünü doğrultdu, İlham Əliyev böyük üstünlüklə qələbə qazandı. Son on ildə olan bütün inkişafı görürük və "İlhamla irəli" deyirik. Əfsuslar olsun ki, Əli Kərimli, İsa Qəmbər, Eldar Namazov hakimiyyətdə olduqları dövrdə insanlara cımıx yedirdilər, nağara çalanı gətirib icra başçısı qoyurdular. Ancaq Heydər Əliyev gələndən sonra bütün bunlara son qoyuldu, ölkədə sabitlik yarandı, inkişaf başladı. Buna görə də Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən "İlhamla irəli" deyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti