...

Bakıda ərəb ölkələrində son dəyişikliklərdən sonrakı vəziyyət müzakirə edilib (FOTO)

Siyasət Materials 7 Noyabr 2013 11:55 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə "Ərəb ölkələri son dəyişikliklərdən sonra: sosial, iqtisadi və siyasi proseslər" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Bakıda ərəb ölkələrində son dəyişikliklərdən sonrakı vəziyyət müzakirə edilib (FOTO)

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə "Ərəb ölkələri son dəyişikliklərdən sonra: sosial, iqtisadi və siyasi proseslər" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Trend-in məlumatına görə, tədbirdə xarici ölkələrin Azərbaycandakı səfirləri, ərəb ölkələrindən olan alimlər, Azərbaycanın dövlət orqanlarının nümayəndələri və digər qonaqlar iştirak edib.

Konfransda ilk çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov qeyd edib ki, "Ərəb baharı" son 2-3 il ərzində bir çox alimləri, filosofları narahat edir.

E.Aslanov bildirib ki, "Ərəb baharı" başladığı zaman gözləntilər çox geniş idi: "Bir çox insanlar bunu böyük geosiasi oyunun tərkib hissədi kimi qiymətləndirdilər. Bir qisim insanlar bunu yeni demokratikləşmənin başlanğıcı kimi, digər qismi tənəzzülün başlanğıcı kimi, bir qismi isə dünya xəritəsinin yenidən cızılması kimi qiymətləndirirdilər. Amma bir neçə il ötdükdən sonra "Ərəb baharı"nın nə olduğu haqqında suallar hamını narahat etməyə başladı".

PA rəsmisi vurğulayıb ki, "Ərəb baharı"nın demokratikləşmə olduğunu deyənlər bir şeyi unutmamalıdırlar ki, demokratikləşmə həmin cəmiyyətin iqtisadi, siyasi, tarixi inkişafı ilə bərabər keçirilməlidir: "Təəssüflər olsun ki, bəzi ölkələrdə radikal qrupların fəallaşması və siyasətə gəlməsi gözlənilməz nəticələrlə yekunlaşa bilər. Bu baxımından, İslamın nüfuzuna müəyyən mənada mənfi təsir var və islamofobiyanın müxtəlif cəmiyyətlərdə, ölkələrdə geniş yer alması bizi təəssüfləndirir".

E.Aslanov bildirib ki, çox təəssüflər olsun ki, İslam dedikdə bəzi qüvvələr, tərəflər terror təşkilatları barədə düşünürlər: "Bunlar bir masa üzərində müzakirə olunan məsələlər deyil, çünki terrorun nə dini, nə də milliyyəti var. Amma Azərbaycan bu baxımından ən böyük terrorla üz-üzə gələn dövlətlərdəndir. Ölkəmizin torpaqlarının 20 faizi işğal altındadır, Azərbaycanın 1 milyondan artıq insanı qaçqın və məcburi köçkün şəraitində yaşayır və bu baxımından İslamla terroru eyniləşdirmək istəyən müxtəlif dövlətlər, qurumlar anlamalıdırlar ki, terror dedikdə daha çox separatçı, əsl terror mövqeyindən çıxın edən qüvvələr, dövlətlərdən danışılmalıdır".

Daha sonra çıxış edən Ərəb Dövlətləri Liqasının Türkiyədəki missiyanın rəhbəri Məhəmməd əl-Fəttah Nasiri də "Ərəb baharı" barədə danışaraq deyib ki, bu hadisələr bəşəriyyət miqyasında olan hadisələrdir. Onun sözlərinə görə, bir neçə ölkədə inkişafa, islahatlara yönələn çıxışlar sonradan silahlı toqquşmalar formasını alıb.

SAM-ın direktoru Fərhad Məmmədov isə konfransın vacibliyini qeyd edərək bildirib ki, rəhbərlik etdiyi təşkilat ənənəvi olaraq bu cür araşdırmaları həyata keçirir.

Tədbir sessiyalarda müzakirələrlə davam edəcək və noyabrın 8-də yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti