...

Vaşinqtonda Şərq Tərəfdaşlığı barədə müzakirələr keçirilib (FOTO)

Siyasət Materials 19 Noyabr 2013 09:48 (UTC +04:00)
Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə noyabrın 28-29-da Litvanın paytaxtı Vilnüs şəhərində baş tutacaq zirvə görüşü okeanın digər tayında da kifayət qədər geniş maraq doğurur və Vaşinqtonun siyasi və ictimai dairələrinin diqqət mərkəzindədir.
Vaşinqtonda Şərq Tərəfdaşlığı barədə müzakirələr keçirilib (FOTO)

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir S.Əhmədova/

Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə noyabrın 28-29-da Litvanın paytaxtı Vilnüs şəhərində baş tutacaq zirvə görüşü okeanın digər tayında da kifayət qədər geniş maraq doğurur və Vaşinqtonun siyasi və ictimai dairələrinin diqqət mərkəzindədir.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu maraqları cavablandırmaq məqsədilə ABŞ-ın nüfuzlu araşdırma mərkəzlərindən olan "İrs Fondu" (Heritage Foundation) tərəfindən "Şərq Tərəfdaşlığının Avropa İttifaqı ilə Assosiasiya Sazişləri" başlıqlı tədbir təşkil olunub. Avrasiya regionu üzrə geniş bilgi sahibi olan, "İrs Fondu"nun aparıcı tədqiqatçısı Aryel Koenin moderatorluq etdiyi panelə natiqlər qismində Şərq Tərəfdaşlığı ölkələrindən Ukraynanın səfiri Oleksandr Motsik, Gürcüstanın səfiri Arçil Qeqeşidze, Azərbaycanın səfiri Elin Süleymanov və eləcə də zirvə görüşünə ev sahibliyi edəcək Litvanın səfiri Jiqimantas Pavilionis qatılıblar.

Tədbirdə çıxış etmiş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ölkəmizin Avropa İttifaqı ilə münasibətlərin inkişafında qət etdiyi yola nəzər salıb, mövcud əlaqələrin yüksək səviyyəsindən söz açıb və bu mənada xüsusilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin cari ilin iyununda Brüsselə səfərinə istinad edib. Müxtəlif sahələrdə qabaqcıl inkişaf səviyyəsini təmin etmək məqsədilə Azərbaycanın Avropaya inteqrasiya seçiminə sadiq qaldığını deyən səfir Süleymanov ölkəmizin Şərq Tərəfdaşlığı çərçivəsində aparılan fəaliyyətlərdə yaxından iştirakı barədə məlumat verib.

Səfir Vilnüs zirvə görüşü zamanı Azərbaycan və Avropa İttifaqı arasında viza prosedurlarının asanlaşdırılması haqqında sazişin imzalanmasının gözləndiyini qeyd edərək, digər mühüm sənədlər üzərində işin davam etdiyini açıqlayıb. O, həmçinin xatırladıb ki, üzərinə götürdüyü öhdəlikləri hər zaman yerinə yetirən Azərbaycan bir qayda olaraq beynəlxalq sənədlərin razılaşdırılmasına böyük diqqətlə və öz milli maraqlarından çıxış edərək yanaşır.

Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi töhfəni ayrıca olaraq vurğulayan səfir Süleymanov bu sahədə qarşılıqlı maraqlara əsaslanan məhsuldar əməkdaşlığı təqdir edib.

E.Süleymanov həmçinin malik olduğu strateji mövqe, Qərb və Şərq arasında oynadığı körpü rolu və beynəlxalq əlaqələr sistemində məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycanın Avropa İttifaqının mühüm tərəfdaşı olduğunu ifadə edib.

O, bundan əlavə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə Avropa İttifaqının ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsi və münaqişənin nizamlanması üzrə prinsipial mövqe nümayiş etdirməsinin daşıdığı ümdə əhəmiyyəti önə çəkib.

Qeyd etmək lazımdır ki, müzakirələr əsnasında Ermənistanın 3 illik danışıqlardan sonra Avropa İttifaqı ilə inteqrasiya prosesindən geri çəkilərək, Gömrük İttifaqına qoşulmaq qərarına dair müxtəlif şərhlər səsləndirilib.

Müzakirələrə yekun vurmuş Ariel Koen öz tərəfindən Azərbaycandan danışarkən, ölkəmizdə demokratik dəyərlər və dünyəvi idarəçiliyin bir əsrlik tarixi köklərə malik olduğunu və o cümlədən, Azərbaycanda qadınların bir çox Avropa ölkələrindən əvvəl səsvermə hüququ qazandığını xatırladıb. O, həmçinin bir daha Azərbaycanın Avropa İttifaqına yetirə biləcəyi töhfələrdən söz açaraq, ölkəmizin strateji əhəmiyyətini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti