...

Bakıda YAP-ın təşkilatçılığı ilə "Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru" mövzusunda konfrans keçirilib (FOTO)

Siyasət Materials 23 Dekabr 2013 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbirlər İ.İzzət, E.Mehdiyev/

"Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha böyük uğurlara imza atacaq". Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov YAP-ın təşkilatçılığı ilə keçirilən "Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru" adlı konfransında bildirib.

Ə.Əhmədovun sözlərinə görə, hazırda Azərbaycan öz tarixinin qızıl dövürünü yaşayır: "Ölkəmizin inkişaf reallıqları Azərbaycan tarixinin ən yaddaqalan hadisələridir. Dünyanın bir çox xalqları öz tarixinin qızıl dövrünü keçmişində axtarır. Azərbaycan isə öz qızıl dövrünü indi yaşamaqdadır. Son 10-20 il ərzində keçdiyimiz inkişaf tarixi bunu söyləməyə əsas verir. Məhz elə buna görə Azərbaycan xalqı bu il keçirilmiş prezident seçkilərində öz səsini yenidən İlham Əliyevə verdi".

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan vətəndaşları İlham Əliyevi dəstəkləməklə Heydər Əliyev yolunun uğurlarına öz münasibətlərini bildirmiş oldular, eyni zamanda, növbəti 5 ildə hər bir Azərbaycan vətəndaşını gözləyən nailiyyəti əsas tutaraq prezidentə dəstək oldular: "Bizim qarşımızda duran ən başlıca hədəf Azərbaycanın inkişafıdır. Azərbaycan vətəndaşına onun layiq olduğu həyatın təmin edilməsi də hədəflər sırasındadır. Ən mühüm hədəflərdən biri də həm regional, həm də beynəlxalq müstəvidə etibarlı gücün təmin edilməsindən ibarətdir. Bu hədəflərə çatmaq uğrunda biz şərəfli bir yolun başlanğıcındayıq. Qarşıda isə daha böyük vəzifələr dayanmaqdadır".

Sonda Ə.Əhmədov partiya üzvlərini və bütün Azərbaycan xalqını 24 dekabr - Prezident İlham Əliyevin ad günü münasibətilə təbrik edib: "İnanıram ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha böyük uğurlara imza atacaq".

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov qeyd edib ki, Azərbaycan beş ildir MDB dövlətləri arasında öz iqtisadi liderliyini qoruyub saxlayır.

Y.Eyyubov vurğulayıb ki, beynəlxalq reytinq agentlikləri hətta beynəlxalq iqtisadi böhran zamanı da Azərbaycanın suveren reytinqini yüksəldərək investisiya səviyyəsində dəyərləndirib.

Y.Eyyubov qeyd edib ki, bu, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasətinin nəticəsidir.

Baş nazirin müavini əlavə edib ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın neft strategiyası bu gün nəinki regionun, hətta Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır: "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması Azərbaycanı dünyanın böyük qaz təchizatçılarından birinə çevirəcək".

Y.Eyyubov əlavə edib ki, Azərbaycanın telekommunikasiya peykinin orbitə çıxarılması nəinki bu sahənin, bütün sahələrin inkişafına öz töhfəsini verəcək.

Konfransda çıxış edən maliyyə naziri Samir Şərifov qeyd edib ki, Azərbaycan xalqının sülh, əmin-amanlıq, sosial rifah şəraitində yaşaması Prezident İlham Əliyevin qarşıya qoyduğu strateji hədəflərin icrası nəticəsində mümkün olub: "Ötən 10 ilin nəticələri göstərir ki, Prezident İlham Əliyev xalqımızı qələbələrdən qələbələrə apara bilib. Ona görə də xalqımız Heydər Əliyevə və onun siyasətinin uğurlu davamçısı İlham Əliyevə dərin hörmət və ehtiram bəsləyir".

S.Şərifovun sözlərinə görə, 2013-2018-ci illərdə Azərbaycanın inkişafının prioritetlərini seçərkən məruz qaldığımız itkilər və əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi vacibdir: "Yeni inkişaf modelinin seçilməsi bu təcrübəyə əsaslanmalıdır. Buna əsasən son 10 ili Azərbaycanın intibah illəri kimi səciyyələndirə bilərik".

Nazir qeyd edib ki, Azərbaycan son 10 ildə xaricdən investisiya alan ölkədən xaricə investisiya yatıran, orbitə peyk çıxaran ölkəyə çevrilib: "Prezident İlham Əliyevin rəhbərliyi altında son 10 ildə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb. 10 il ərzində əməkhaqları 6,4, pensiyalar 8,6 dəfə artıb, yoxsulluq 50 faizdən 6 faizə enib. Ölkənin valyuta ehtiyatları isə 50 milyard dollara çatıb".

S.Şərifov 2003-2013-cü illərdə dövlət sektorunda çalışanların əməkhaqlarının artırılması üçün 12 fərman və sərəncam imzalandığını, pensiyaların baza hissəsinin indeksləşdirilməsi üçün 8 sərəcamın verildiyini qeyd edib.

Maliyyə naziri bildirib ki, "Azərbaycan 2020: İnkişaf Konsepsiyası" qeyri-neft sektorunun inkişafını, sənayeləşmənin sürətləndirilməsini nəzərdə tutur. İnkişaf Konsepsiyasında 2020-ci ilə qədər ümumdaxili məhsulun (ÜDM) 2 dəfə artırılması, Azərbaycanın yüksək insan inkişafı ölkələri sırasına daxil olması qarşıya məqsəd qoyulub. 2012-ci ildə Azərbaycan ÜDM istehsalına görə 69-cu, adambaşına düşən ÜDM-ə görə 78-ci yerdə qərarlaşıb: "Bu gün bütün beynəlxalq iqtisadi reytinq qurumları Azərbaycanı nümunəvi ölkə kimi göstərirlər. Növbəti illərdə də bu reytinqin saxlanılması istiqamətində işlər həyata keçiriləcək".

Nazir bundan sonrakı dövrdə də Prezident İlham Əliyevə və onun siyası kursuna dəstək olmağa çağırıb.

Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov informasiya və kommunikasiya texnologiyaları sahəsində əldə olunan uğurlardan və qarşıda duran hədəflərdən söhbət açıb.

Ə.Abbasov qeyd edib ki, Azərbaycanda İKT-nin inkişafı bir çox beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir: "Bir çox göstəricilər üzrə, o cümlədən internetdən istifadəyə görə Azərbaycan 70 faizlik göstərici ilə MDB və Orta Asiya ölkələri arasında birinci yerdə gəlir. Mobil sektorda da Azərbaycan irəlidədir. Ölkənin ərazisinin çox hissəsi mobil rabitə ilə əhatə olunub".

Nazir vurğulayıb ki, Azərbaycan ÜDM-nin artımında telekommunikasiya sektorunun xüsus rolu var: "Bizim əsas hədəflərimiz 2020-ci ilə qədər bu sahədən gələn gəlirləri 8-8,5 milyard dollara çatdırmaq, yeni innovativ tipli elektron məhsulların istehsalı və onun ixrac potensialını artırmaq, bölgədə yeni tipli innovativ elektron xidmətlər yaratmaqdır. Bu istiqamətlərdə mühüm addımlar atılır".

Ə.Abbasov vurğulayıb ki, bütün bu hədəflərə Prezident İlham Əliyevin rəhbərliyi altında nail olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti