...

ABŞ Milli Müdafiə Universitetinin Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə Kollecində Azərbaycanla bağlı görüş keçirilib (FOTO)

Siyasət Materials 7 Fevral 2014 20:40 (UTC +04:00)
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ Milli Müdafiə Universitetinin Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə Kollecində professor-müəllim heyəti və tələbələrlə görüş keçirib.
ABŞ Milli Müdafiə Universitetinin Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə Kollecində Azərbaycanla bağlı görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ Milli Müdafiə Universitetinin Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə Kollecində professor-müəllim heyəti və tələbələrlə görüş keçirib.

Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı səfir iki dövlət arasında münasibətlərin strateji xarakter daşıdığını bildirərək, ölkəmizin ABŞ-la terrorçuluğun qarşısının alınması, enerji layihələri sahəsində ortaq maraqlardan çıxış etdiyini və tərəflər arasında etibarlı tərəfdaşlıq əlaqələrinin formalaşdığını qeyd edib.

Regional enerji və infrastruktur layihələrindən bəhs edən diplomat bu layihələrin regionun ümumi inkişafına töhfə verəcəyini qeyd edib. Bununla yanaşı, Azərbaycandakı tolerantlıq mühiti və ölkəmizin sivilizasiyalarası və mədəniyyətlərarası dialoqa töhfələri barədə məlumatlar görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Səfir sivilizasiyaların kəsişməsində yerləşən ölkəmizin Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti sayəsində bundan sonra da dünyada sülh və təhlükəsizliyin təmin edilməsi, habelə qarşılıqlı anlaşma və əmin-amanlığın bərqərar edilməsində töhfələrini davam etdirəcəyini bildirib.

Sonra diplomat Ermənistan-Azərbaycan münaqişəsi barədə iştirakçılara ətraflı məlumat verərək qeyd edib ki, ABŞ-ın da həmsədrlərindən biri olduğu Minsk qrupu prosesi çərçivəsində münaqişənin ədalətli həllinin tapılması ümumilikdə regional inkişaf üçün yeni perspektivlər açacaq.

Görüş zamanı, həmçinin regiondakı təhlükəsizlik məsələləri, o cümlədən dəniz təhlükəsizliyi barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə Kollec ABŞ Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Müdafiə Universitetinin əsas təhsil müəssisələrindən biri hesab olunur. 2002-ci ildən fəaliyyət göstərən bu mötəbər təhsil müəssisəsi yüksək səviyyəli qərargah və komanda vəzifələri üçün təhlükəsizlik və strateji planlaşdırma məsələləri üzrə mütəxəssislər hazırlayır. Hazırkı zamana kimi dünyanın 85-dən çox dövlətindən mütəxəssislər qeyd olunan təhsil müəssisəsində təhsil alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti