...

Müsavat başqanlığına iddialı AXCP ilə əməkdaşlığın şərtlərini açıqladı

Siyasət Materials 11 Mart 2014 15:59 (UTC +04:00)
Müsavat Partiyası Divanının üzvü, partiya başqanlığına iddialı olan Tural Abbaslı Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) arsında əməkdaşlığın yaradılmasının şərtlərini açıqlayıb.
Müsavat başqanlığına iddialı AXCP ilə əməkdaşlığın şərtlərini açıqladı

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir E.Mehdiyev/

Müsavat Partiyası Divanının üzvü, partiya başqanlığına iddialı olan Tural Abbaslı Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) arsında əməkdaşlığın yaradılmasının şərtlərini açıqlayıb.

T.Abbaslı Trend-ə bildirib ki, nə qədər eyni müxalif mövqedə olsalar da, Müsavat Partiyası ilə AXCP müxtəlif partiyalardır: "Hər iki partiyanın özünün özünə uyğun hədəfləri və ambisiyaları var və bəzən bu hədəflər və ambisiyalar toqquşur və gələcəkdə də toqquşacaq".

O, hesab edir ki, maraqlar toqquşan zaman çox emosional davranmaqdan daha çox məntiqi davranmaq lazımdır: "Bəzən siyasətçilər şəxsi münasibətlərini siyasi münasibətlərə, partiyalararası münasibətlərə tökməsələr, Müsavat Partiyası ilə AXCP-nin səmimi funksional əməkdaşlığını təşkil etmək mümkün olar. Sadəcə olaraq hər iki tərəfdən gərək buna istək olsun".

Müsavat Partiyası ilə AXCP-nin birləşməsi barədə səsləndirilən fikirlərə münasibət bildirən T.Abbaslı bunun tərəfdarı olmadığını bildirib.

Onun sözlərinə görə, AXCP birləşməyin tərəfdarıdır, amma Müsavat Partiyasının Məclisində də bu məsələ müzakirə olunub və hər iki partiyanın bir ad altında birləşməsi o qədər də məqsədəuyğun hesab olunmayıb: "Müsavat Partiyası ilə AXCP birgə fəaliyyət göstərməlidir. Yəni birgə o demək deyil ki, bir partiyada birləşsinlər və yaxud da hər seçkidə eyni koalisiyada təmsil olunsunlar. Koordinasiyalı fəaliyyət göstərə bilərlər, daha funksional birliklər yarada bilərlər".

Qeyd edək ki, Müsavat Partiyası Milli Şuradan istefa verdikdən sonra Müsavat Partiyası ilə AXCP arasında qarşılıqlı ittihamlar açıq müstəviyə keçib. Hətta Müsavatın Milli Şuradan istefa etməsi səbəbindən AXCP bu partiya ilə müttəfiqlik etməkdən imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti