...

Pakistan-Azərbaycan dostluq qrupunun ilk iclası aprel ayında keçiriləcək (FOTO)

Siyasət Materials 13 Mart 2014 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir S.Əhmədova/

Pakistan parlamentində Pakistan-Azərbaycan dostluq qrupunun ilk iclası aprel ayında keçiriləcək. Trend-in Azərbaycanın Pakistandakı səfirliyinə istinadən verdiyi məlumata görə, bu barədə Pakistan İslam Respublikasının Milli Assambleyasının spikeri vəzifəsini icra edən Murtaza Caved Abbasi Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovla səfirliyin iqamətgahında bu gün keçirilən görüşü zamanı bildirib.

Görüşdə D.Şikarov iki ölkə arasında mövcud olan dostluq münasibətlərindən söz açaraq, Dağlı Qarabağ məsələsi daxil olmaqla bütün məsələlərdə Pakistanın ölkəmizə indiyə kimi verdiyi dəstəyə görə həmsöhbətinə təşəkkür edib, Azərbaycan xalqının da daim Pakistanla birlikdə olduğunu bildirib.

D.Şikarov Dağlıq Qarabağ konfliktinin hazırkı durumu haqqında M.C.Abbasiyə məlumat verib, Pakistan parlamentinin yuxarı palatası tərəfindən qəbul edilmiş Xocalı soyqırımını tanıyan, həmçinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistanın qeyd-şərtsiz çıxmasını tələb edən 01.02.2012-ci il və 05.10.2013-cü il tarixli qətnamələrə görə minnətdarlığını ifadə edib.

Daha sonra iki dost ölkə - Azərbaycan və Pakistan arasında mövcud olan iqtisadi məsələlər müzakirə edilib və bu istiqamətdə əlaqələrin inkişafı üçün böyük potensialın mövcudluğu vurğulanıb. Səfir Azərbaycanın neft, qaz və ağır sənayeləri, tikinti, kənd təsərrüfatı sahələrində imkanlarından Pakistanın bəhrələnə biləcəyini bildirib, eyni zamanda, Pakistanın yüngül sənaye və əczaçılıq malları, cərrahiyə ləvazimatları, kənd təsərrüfatı məhsullarının ölkəmiz üçün maraq kəsb etdiyini vurğulayıb.

Görüşdə Azərbaycanda aparılan iqtisadi islahatlar, enerji layihələri, Bakı şəhərində və ölkənin regionlarında aparılan yenidənqurma işləri, ölkəmizin xarici ölkələrdə investisiya layihələri haqqında məlumat verilib.

Pakistan Milli Assambleyasının sədri vəzifəsini icra edən M.C.Abbasi səmimi dostluğa arxalanan və strateji xarakter daşıyan iki ölkə və xalq arasındakı münasibətlərin bütün sahələrdə dinamik inkişaf etdiyini, Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı birmənalı dəstəklədiyini qeyd edərək, işğal olunmuş Azərbaycan torpaqları azad olunmayana qədər ölkəsinin Ermənistanı tanımayacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti