Azərbaycan, Bakı, 21 mart /Trend/
Ermənistan Krımı müstəqil respublika kimi tanısa, bu, Ukrayna-Ermənistan münasibətlərində son dərəcə mənfi nəticələrə gətirib çıxaracaq. Trend UNN agentliyinə istinadən verdiyi məlumata görə, bunu brifinqdə Ukrayna xarici işlər nazirinin müavini Daniil Lubkivski deyib.
O, qeyd edib: "Biz artıq Ermənistana Krımla bağlı rəsmi mövqeyinə aydınlıq gətirməsi xahişi ilə rəsmi nota ünvanlamışıq. Biz erməni tərəfinin Krımın müstəqilliyini tanımaq barədə bəyanatlarından narahatlığımızı bildirmişik. Biz Ermənistana yaxın günlərdə Krımın zorla başqa ölkəyə birləşdirilməsini tanımadığı barədə bəyanat verməsi üçün rəsmi müraciət edirik. Biz belə cavab gözləyirik. Əgər buna əməl olunmasa, bu, Ukrayna-Ermənistan münasibətlərinə mənfi təsir göstərəcək".
Jurnalistlərin "Ermənistan Krımın müstəqilliyini tanıyarsa, Ukrayna bu ölkə ilə diplomatik münasibətləri dayandırmağı planlaşdırırmı" sualına isə nazir müavini belə cavab verib: "Biz geniş tədbirlər kompleksi qəbul edəcəyik. Bunun necə olacağı isə erməni tərəfinin izahatından asılı olacaq".