...

Odessada üç günlük matəm elan edilib

Siyasət Materials 3 May 2014 10:28 (UTC +04:00)
Odessada toqquşmalarda həlak olanlara görə üç günlük matəm elan edili
Odessada üç günlük matəm elan edilib

Azərbaycan, Bakı, 3 may /Trend/

Odessada toqquşmalarda həlak olanlara görə üç günlük matəm elan edilib. Trend-in məlumatına görə, bu barədə "RBK-Ukrayna" Odessa Şəhər Şurasının mətbuat xidmətinə istinadən xəbər yayıb.

Məlumatda deyilir: "2014-cü il mayın 2-də Odessanın mərkəzində insanların həlak olması ilə nəticələnən qarşıdurma baş verib. İlkin məlumatlara görə, hadisələr zamanı 40-dan artıq insan həlak olub. Baş vermiş faciə ilə əlaqədar mayın üçü, dördü və beşi Odessada matəm günləri elan edilib. Şəhərdəki kommunal müəssisələr, idarə və təşkilatların binalarından üzərində matəm lenti olan Ukraynanın dövlət bayrağı və Odessa şəhərinin bayrağı endiriləcək. Şəhərin mülkiyyət formalarından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlara musiqidən istifadə və əyləncə tədbirlərinin keçirilməsini məhdudlaşdırmaq tövsiyə olunub".

Odessa Şəhər Şurasının məlumatına görə, şəhərdəki qarşıdurmalar zamanı 41 nəfər həlak olub, 174 nəfər xəstəxanaya müraciət edib, onlardan 77-si xəstəxanaya yerləşdirilib, 25 nəfərinin vəziyyəti ağırdır, iki nəfər vəfat edib.

Eyni zamanda, milisin məlumatına görə, həlak olanların sayı 35 nəfərdir.

Xatırladaq ki, dünən gecə Odessanın Aleksandrovsk prospektində bir qrup fəal toplaşıb. Onlar Odessa və Xarkov futbol azarkeşlərinin iştirakı ilə "Maydan" və "Sağ sektor" fəallarının təşkil etdikləri "Ukraynanın birliyi uğrunda" yürüşün keçirilməsinə qarşı çıxış ediblər. Nəticədə dava başlayıb və 4 nəfər həlak olub. Daha sonra Ukraynanın birliyi tərəfdarları federallaşma tərəfdarlarının toplaşdıqları Kulikovo çölünə gəliblər və onlara hücum ediblər. Nəticədə Rusiyapərəst qüvvələr geri çəkilərək Həmkarlar Evinin binasına toplaşıblar. Toqquşma nəticəsində bina yanmağa başlayıb. Yanğın nəticəsində binada 30 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti