...

Prezident İlham Əliyevin Praqa Sammitində nümayiş etdirdiyi inam və qətiyyət Azərbaycan dövlətinin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir

Siyasət Materials 5 May 2014 20:31 (UTC +04:00)
Dövlətin gücü və nüfuzu barədə müxtəlif əlyetərli mənbələrə əsasən məlumat əldə etmək olar. Buna statistik məlumatlar, nüfuzlu ekspertlərin və “beyin mərkəzləri”nin rəyləri və qərarları, ölkə təmsilçilərinin dünya idman arenalarında və hətta məşhur konsert salonlarının səhnələrində qazandıqları uğurlar və nailiyyətlər (razılaşın ki, bütün bu sahələr dövlət tərəfindən sərmayə qoyuluşu və rəhbərlər tərəfindən diqqət tələb edir, bunu isə heç də hər bir ölkə özünə rəva görə bilmir) bir sıra başqa amillər dəlalət edə bilər.
Prezident İlham Əliyevin Praqa Sammitində nümayiş etdirdiyi inam və qətiyyət Azərbaycan dövlətinin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir

Aslan Aslanov - AzərTAc-ın Baş direktoru

Dövlətin gücü və nüfuzu barədə müxtəlif əlyetərli mənbələrə əsasən məlumat əldə etmək olar. Buna statistik məlumatlar, nüfuzlu ekspertlərin və "beyin mərkəzləri"nin rəyləri və qərarları, ölkə təmsilçilərinin dünya idman arenalarında və hətta məşhur konsert salonlarının səhnələrində qazandıqları uğurlar və nailiyyətlər (razılaşın ki, bütün bu sahələr dövlət tərəfindən sərmayə qoyuluşu və rəhbərlər tərəfindən diqqət tələb edir, bunu isə heç də hər bir ölkə özünə rəva görə bilmir) bir sıra başqa amillər dəlalət edə bilər.

Lakin dövlətin artmaqda olan nüfuzu barədə mühakimə yürütməyə əsas verən daha bir indikator var - bu, ölkə rəhbərinin dünya forumlarının, sammitlərin və beynəlxalq təşkilatların tribunalarından çıxış edərkən nümayiş etdirdiyi inam və qətiyyətdir. Öz xalqının dəstəyini qazanmayan, dünyada nüfuz sahibi olmayan, legitimliyi şübhə doğuran və ya ölkəsində ciddi iqtisadi çətinliklər, siyasi qeyri-sabitlik hökm sürən dövlət rəhbəri dünyanın sənaye cəhətdən qabaqcıl və böyük dövlətlərindən olan həmkarlarının baxışları və aparıcı informasiya agentliklərinin kameraları ona yönəldiyi bir vaxtda bu cür tribunalardan çıxış edərkən, çətin ki, özünü inamlı və qətiyyətli hiss etsin. Asanlıqla manipulyasiya və şantaj edilə bilən, xarici ölkələrdəki ağalarının yanına "xalça üzərinə" çağırılan, asanlıqla təzyiq göstərilən və elə öz vətəndaşlarının nəzərində yalnız xəcalət hissi doğuran oyuncaqlara çevrilən, "forpost" adlandırılan izqoy dövlətlərin rəhbərlərinə həmişə təzyiq göstərən müəyyən psixoloji gərginlik vardır. Bu psixoloji gərginlik, özlərinin cılızlıqlarını dərk etmələri onlara həmkarlarının məclisində özlərini inamlı hiss etməyə (xüsusən də çıxış etməyə) heç vaxt imkan verməyəcəkdir. Onlar həmkarları arasında özlərini həmişə narahat hiss edəcəklər. Natamamlıq kompleksi onları daim təqib edəcəkdir.

Eyni zamanda, hər bir sahədə qibtə doğuracaq uğurlar nümayiş etdirən və hətta bütün dünya (o cümlədən, inkişaf etmiş ölkələr də) maliyyə-iqtisadi böhrandan əziyyət çəkdiyi bir vaxtda inkişaf edən dövlətlərin liderləri, bir qayda olaraq, nəinki öz ölkəsində, həm də xaricdə keçirilən müxtəlif çoxtərəfli sammitlərdə özlərini inamlı hiss edir, qətiyyətlə çıxış edirlər.

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının beş illiyi ilə bağlı aprelin 24-də Praqada keçirilmiş Zirvə görüşünün yekunlarını təhlil etsək, bu görüş kimin kim olmasını, hansı dövlətin regionda lider və hansının tarixin künc-bucağında ilişib qalmış "izqoy" olmasını lakmus kağızı kimi heyrətamiz dəqiqliklə nümayiş etdirdi.

Ermənistan prezidenti Serj Sarkisyan bu Sammitdə, həmişəki kimi, siyasi riyakarlıq, qeyri-səmimilik, fitnəkarlıq "prinsiplərinə" sadiq qaldığını bir daha göstərdi. O, yenidən öz sevimli metoduna - opponentinin gözünün içinə baxmaqdan qorxaraq onun arxasınca qalmaqal salmaq, açıq, səmimi söhbətdən çəkinmək, böhtan atmaq yoluna sadiq qaldı. Ermənistan prezidenti yüksək səviyyəli görüşdə Türkiyə nümayəndəsinin olmamasından istifadə edərək kin-küdurətini oradakı həmkarlarının üstünə tökməyə çalışdı, Türkiyəni "qeyri-konstruktivlikdə", "heç bir təqsiri olmayan" və "başıbəlalı Ermənistanla" sərhədləri açmaq istəməməkdə günahlandırdı.

Aşkar görünürdü ki, Sarkisyan bu cür demarşa "evdə" hazırlaşmışdı. Çünki o, dəqiq bilirdi ki, Praqa Sammitinin formatına görə, həmin tədbirdə Türkiyə nümayəndəsinin iştirak etməsi nəzərdə tutulmur. Bəsit siyasi intriqalar ustası olan Ermənistan prezidentinin fikrincə, özünü vətəndaşları qarşısında "qoçaq oğlan" kimi göstərmək üçün münasib məqam idi. Bir qədər irəli gedərək qeyd edək ki, Sarkisyan Praqa Sammitində özünü biabır edəndən dərhal sonra bütün dünyaya yenidən nümayiş etdirdi ki, müdriklər demişkən, "qozbeli qəbir düzəldər". Ertəsi gün o, İlham Əliyevə "cavab vermək" üçün, necə deyərlər, "fürsət tapdı". Əlbəttə, Prezident İlham Əliyevin orada olmadığı vaxtda. Bu hərəkəti yalnız öz gücünə inamı olmayan, cəngavər kimi açıq dueldə vuruşmağı bacarmayan, hətta öz vətəndaşlarının da nifrət bəslədiyi qorxaq edə bilər. Yalnız o adam özünü bu cür aparar ki, o, heç bir təqsiri olmayan, silahsız insanları - körpələri, qadınları və qocaları qətlə yetirməsi ilə fəxr edir, bununla "stereotipləri aradan qaldırmasını" bəyan edir.

Lakin Ermənistan prezidentinin Praqada ləyaqətsiz davranışı onun siyasi, əxlaqi və psixoloji portretinə heç bir yeni cizgi əlavə etmədi. Buna görə də onun hərəkətlərini təhlil etməyin heç bir mənası yoxdur.

Çexiya paytaxtında baş vermiş hadisənin qeyri-adiliyi başqa məsələdədir: yəqin bu, beynəlxalq təcrübədə ən nadir, bəlkə də birinci hadisə idi ki, bir dövlətin başçısı digər ölkəni açıq-aşkar müdafiə edirdi. Özü də bunu çox sərt, açıq, birbaşa şəkildə, sözlərinə heç bir diplomatik don geyindirmədən edirdi. Burada heç bir ilkin hazırlığın olmaması dəqiqdir. Çünki Ermənistan prezidentinin nə barədə danışacağını güman etmək mümkün olsa da, onun, yumşaq desək, öz qeyri-əxlaqi davranışında bu qədər həddini aşacağını gözləmək, hər halda sivil münasibətlərə adət etmiş insan üçün, çox çətin idi.

Azərbaycan Prezidentinin dəqiq arqumentləri, prinsipial mövqeyi və məntiqi qarşısında açıq-aşkar küncə sıxılmış Sarkisyan cavab verməyə söz tapmırdı. Ona görə ki, o, vicdanlı polemika aparmağı öyrənməmişdir, ağlabatan dəlillərinin olmaması isə onu tamam çıxılmaz vəziyyətə salardı.

Bu hadisə Prezident İlham Əliyevin gözlənilməz vəziyyətdə çevik və yeganə düzgün qərar qəbul etmək bacarığını da nümayiş etdirdi. Azərbaycan dövlətinin başçısı şəxsi nümunəsi ilə (özü də təkcə Praqada yox) beynəlxalq münasibətlərdə yeni davranış xətti - dostluqda sədaqət, yüksək mənəviyyat və bir də, uzun illər boyu formalaşmış - guya siyasətdə dostların olmaması, yalnız maraqların olması barədə stereotipdən imtina etmək, bu hərəkətin kimlərinsə xoşuna gəlib-gəlməyəcəyinin fərqinə varmadan çətin anda öz tərəfdaşlarını dəstəkləmək bacarığı nümayiş etdirdi. Bu, özünə güvənən dövlətin özünə güvənən liderinin hərəkətləri idi. Bu hərəkətlər qəti inam yaradır ki, vaxt gələcək beynəlxalq siyasətdə mənəviyyat meyarları üstünlük təşkil edəcək və liderlərin davranışını müəyyən edən təkcə bədnam maraqlar olmayacaqdır.

Mən istisna etmirəm ki, Praqa Sammitində baş vermiş bu hadisə və artıq tanış bir fraza gələcəkdə beynəlxalq diplomatiya və politologiya dərsliklərinə daxil ediləcək: dost ölkənin nümayəndələri bu masa arxasında yoxdur, amma mən buradayam və mən cavab verirəm...

Prezident İlham Əliyev Praqada öz həmkarlarına Türkiyənin Ermənistanla öz sərhədlərini məhz nə üçün bağlamasını xatırlatdı. Axı erməni tərəfi adətən müəyyən hadisənin nəticələri barədə danışanda onun səbəbləri haqqında danışmağı "unudur". Prezident İlham Əliyev demişdir: "Türkiyənin Ermənistanla sərhədi 1993-cü ilin aprel ayında Azərbaycanın Kəlbəcər rayonu işğal ediləndən sonra bağlanmışdır. Bundan əvvəl isə Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovulmuşdur. Azərbaycanlılar Dağlıq Qarabağ əhalisinin 30 faizini təşkil edirdi. Kəlbəcərdən əvvəl ermənilər 1992-ci ildə Şuşanı və Laçını, bunun ardınca Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarını, yəni ümumilikdə Azərbaycanın Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda yerləşən 7 rayonunu işğal etmişdir. Bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini təşkil edir".

Ermənistan nə qədər desə də ki, Türkiyə-Ermənistan sərhədinin açılması və Qarabağın işğalına son qoyulması iki "paralel", "bir-biri ilə bağlı olmayan" prosesdir, ötən illər bir daha göstərdi: Bir halda ki, sərhəd indiyə qədər bağlıdır, deməli, kimlərinsə xoşuna gəlsə də, gəlməsə də, bu iki məsələ bir-biri ilə bağlıdır. Ermənistan-Türkiyə sərhədinin indiyə qədər bağlı qalmasına heyrətlənməyə və bu iki prosesin "kəsişməməsi" barədə köhnə valı neçənci dəfə səsləndirməyə dəyərmi? Məgər Kəlbəcər artıq azad edilmişdirmi? Məgər bu sərhədin bağlanmasının ilkin səbəbi aradan qaldırılmışdırmı? Məgər ermənilər Birinci Dünya müharibəsi illərində onların əcdadları tərəfindən Anadolunun və Qafqazın dinc müsəlman əhalisinə qarşı törədilmiş cinayətləri etiraf etmişlərmi? Məgər Ermənistan həmin faciəli illərin tarixinin birlikdə öyrənilməsinə razılaşmışdırmı? Xeyr! Ermənistan açıq söhbətdən çəkinməkdə davam edir, tarixi məsələlərin birgə öyrənilməsi üçün əvvəlcə qondarma "soyqırımı"nın tanınması şərtini irəli sürür, bu isə tarixi tədqiqat metodikasında nonsensdir.

Azərbaycan dövlətinin başçısı Praqa Sammitinin tribunasından dünya birliyini bir daha ikili standartlar siyasətindən imtina etməyə çağırdı. Təəssüf ki, dünyanın müxtəlif guşələrində eyni problemlərə ikili standartlardan yanaşma iri dövlətlərin siyasətində yenə də üstünlük təşkil edir və son nəticədə yalnız yeni münaqişələr yaranmasına gətirib çıxarır. Axı tamamilə aşkardır ki, əgər beynəlxalq birlik Dağlıq Qarabağdakı separatçıları və onların himayədarlarını lap əvvəldən pisləmiş olsaydı, dünyanın başqa nöqtələrində də separatçılıq həddini aşmazdı. Əgər qondarma "Dağlıq Qarabağ respublikası"nın nümayəndələrini Avropa paytaxtlarında gülərüzlə qarşılamasaydılar, onlara maliyyə dəstəyi verməsəydilər yəqin ki, heç kəs bu cür cinayətlərə cəsarət etməzdi. İkili standartlar siyasəti mənəviyyata ziddir və sülh üçün yeni təhdid mənbəyidir - Azərbaycan Prezidentinin beynəlxalq birliyə ismarışı belə idi. Bu narahatlıq Azərbaycan Prezidentinin aşağıdakı sözlərində də hiss olunurdu: "Azərbaycan xalqı soruşur: nə üçün Ermənistana qarşı sanksiyalar tətbiq edilmir? Nə üçün Ermənistanın Avropa Şurasındakı nümayəndə heyəti səs vermək və çıxış etmək hüququndan məhrum edilmir? Onlar başqa ölkənin ərazilərini işğal etmişlər, beynəlxalq hüquq normalarını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar, bunun müqabilində onlara qarşı heç bir sanksiya, heç bir cəza tətbiq edilmir. Dağlıq Qarabağın qanunsuz, kriminal rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu, dözülməz haldır və buna son qoyulmalıdır".

Prezident İlham Əliyevin çıxışı formalaşmış yeni geosiyasi gerçəkliyi - eyni regionda yerləşən qüdrətli, qlobal resessiya nəticəsində zərər çəkməmiş iqtisadiyyata, döyüş qabiliyyətli orduya, beynəlxalq arenada artan nüfuza və dünya siyasətinə təsir göstərmək imkanlarına malik olan iki güclü türk dövlətinin möhkəm ittifaqını göstərdi. Bu, böyük qardaş ilə kiçik qardaş arasındakı münasibətlər deyil, bərabər ittifaqdır. Bu, sanballı regional amildir, heç kəs, o cümlədən Ermənistan da bu amillə hesablaşmaya bilməz. Bu ittifaq təkcə etnik-mədəni köklərin ortaq olması ilə deyil, həm də qlobal əhəmiyyətli enerji layihələrinin birlikdə həyata keçirilməsi, perspektivdə Asiya ilə Avropanı birləşdirəcək nəqliyyat dəhlizinin formalaşması ilə möhkəmlənir. Bu layihələrdə Gürcüstanın da iştirakı - bütövlükdə formalaşmaqda olan təkcə iqtisadi xarakterli deyil, həm də siyasi xarakterli Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığının üçtərəfli formatının yaranması Ermənistanın təcridini gücləndirir, bu ölkəni regional çərçivədən kənarda qoyur.

Bütövlükdə qloballaşma şəraitində regional əməkdaşlıq ön plana çıxır. Bir sıra, xüsusən kiçik ölkələr üçün bu əməkdaşlıq əksər hallarda salamat qalmağın, xarici təhdidlərə qarşı səmərəli mübarizə aparmağın, iqtisadi və sosial inkişafın, müstəqilliyin qorunub saxlanmasının, alçaldıcı "forpost" adı almaqdan qorunmağın təminatıdır. Təəssüf ki, Yerevanda bunu başa düşmürlər. Buna görə də onlar qonşuları ilə aciz halda düşmənçilik edir, onlara qarşı absurd iddialar irəli sürür və öz sərhədlərindən uzaqlarda himayə və dəstək axtarırlar.

Ermənistan özünün sayca böyük diasporuna və Qərbin hərtərəfli dəstəyinə baxmayaraq, əslində tək qalmışdır. Əgər Ermənistan rəhbərliyi müasir geosiyasi reallıqlardan çıxış edərək öz siyasətini dəyişdirməsə, konstruktiv mövqe tutmasa, Azərbaycanın işğal edilmiş ərazilərini azad etməyə başlamasa və heç zaman gerçəkləşməyəcək məqsədlərə çatmaq üçün tarixi saxtalaşdırmağa son qoymasa, bu ölkənin gələcəyi böyük sual altında olacaqdır.

Azərbaycan-Türkiyə münasibətlərinə gəldikdə isə, Prezident İlham Əliyev bütün dünyaya növbəti dəfə nümayiş etdirdi: İki qardaş xalqın mənafeləri bütün məsələlərdə üst-üstə düşür və bir-birinə arxa-dayaqdır. Türkiyə ilə Azərbaycanın kədəri də ortaqdır, sevinci də. Başqa cür ola da bilməz. Qoy bütün dünya bilsin ki, əgər bu və ya digər beynəlxalq tədbirdə bu iki dövlətdən biri iştirak edirsə, deməli o, hər iki dövləti təmsil edir. Çünki Azərbaycan ilə Türkiyə qardaşdır, "bir millət, iki dövlət"dir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti