Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İzzət/
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Avropadakı regional münaqişələr, onların həlli yolları mövzusunda müzakirələr aparacaqlar.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu məsələ ilə bağlı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, Moldovanın siyasi və dövlət xadimi, 1997-2002-ci illərdə ölkəyə rəhbərlik etmiş Petru Luçinski ilə Mərkəzin icraçı direktoru Rövşən Muradov arasında Kişinyovda keçirilən görüş zamanı fikir mübadiləsi aparılıb.
Görüşdə bu ilin aprelində Bakıda keçirilmiş II Qlobal Açıq Cəmiyyətlər Forumunu yüksək qiymətləndirən P.Luçinski, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sabiq prezident və baş nazirlərdən ibarət üzvlərinin gələcəkdə dialoq-seminarlarının və bü üzvlərdən ibarət faktaraşdırıcı missiyanın təşkil olunmasını təklif edib. Mərkəzin nümayəndəsi isə, öz növbəsində, P.Luçinskinin bu təkliflərini qurumun digər üzvləri ilə müzakirə edəcəyini və layihələrin qısa zamanda reallaşması istiqamətində fəaliyyət göstərəcəyini bildirib.
Qeyd edək ki, 2012-ci ildə yaradılmış Nizami Gəncəvi Beynəlxalq Mərkəzi əsasən sabiq dövlət və hökumət rəhbərlərini birləşdirən qurumdur. Madrid Klubu ilə sıx əməkdaşlıq edən təşkilat Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə artıq bir neçə qlobal tədbirə imza atıb.