...

Səxavət Əlisoy: "Yenilənmiş Müsavat ortaya çıxmalıdır"

Siyasət Materials 17 İyun 2014 14:05 (UTC +04:00)
"Mən Müsavat Partiyasının qurultayının keçirilməsinin tərəfdarıyam. Mənim bu fikirlərimə görə, partiyada bir qrup insan mənə qarşı aqressiv münasibət bəsləyir və hətta hədlərini aşıb məni partiyadan uzaqlaşdırmaq istəyini ortaya qoyanlar var".
Səxavət Əlisoy: "Yenilənmiş Müsavat ortaya çıxmalıdır"

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Mən Müsavat Partiyasının qurultayının keçirilməsinin tərəfdarıyam. Mənim bu fikirlərimə görə, partiyada bir qrup insan mənə qarşı aqressiv münasibət bəsləyir və hətta hədlərini aşıb məni partiyadan uzaqlaşdırmaq istəyini ortaya qoyanlar var". Bunu Trend-ə Müsavat Partiyası başqanının müşaviri, partiya başqanlığına namizədliyini irəli sürəcəyini bəyan edən Səxavət Əlisoy deyib.

S.Əlisoy qeyd edib ki, partiyanın qurultayının keçirilməsini istədiyinə görə, bu cür vəziyyət yaranıb: "Amma bizim ən böyük şüarımız "insanlara hürriyyət, millətlərə istiqlal"dır. Əgər insanın hürriyyəti yoxdursa, millətin istiqlalının olması qeyri-mümkündür. Mən onsuz da azad bir insanam, heç bir qruplaşmaya mənsub deyiləm. Mən sadəcə Müsavat Partiyasının üzvüyəm və ağlı başında olan insanların böyük əksəriyyəti bilir ki, öz mövqeyim var, kimlərinsə dediklərini tutuquşu kimi təkrar edənlərdən deyiləm. Mənim də mövqeyim budur ki, bizə istədiyimiz yeri verməsələr belə, biz qurultayımızı keçirməliyik. Bu fikri deməkdə nə cinayət tərkibi var, nə də partiya nizamnaməsinə zidd bir hərəkət var. Amma bu gün özlərini partiyanın prokurorları hiss edənlər düşünürlər ki, belə sözləri deyənləri cəzalandırmaq lazımdır. Hələ şükür ki, söhbət partiya cəzasından gedir, başqa cəza formaları ortaya qoyan yoxdur. Amma hələ bilmək olmaz ki, sabah nə baş verəcək".

S.Əlisoy hesab edir ki, bu cür gərginliyin baş verməsinə səbəb həmin insanların vərdiş etmədikləri vəziyyətin yaranmasıdır.

Başqan müşavirinin fikrincə, bu adamların da tənqidi fikrə münasibətləri yalnız belə aqressiv olmalıdır: "İnsanların mövqelərinə sayğı ilə yanaşmaq lazımdır. İndi leninizm, bolşevizm dövrü deyil ki, kimsə tənqidi fikrini söyləyəndə ona qarşı belə aqressiv münasibət göstərəsən. Mən hələ bildiklərimin mində birini söyləmirəm. Partiyanın üzvü kimi, mənim haqqımdır ki, partiyanın qurultayının keçirilməsini tələb edəm. Təmtəraqlı saraylarda olmasa da, təmtəraqsız saraylarda da keçirilməsini məqbul sayıram. Çünki qarşıdan bələdiyyə seçkiləri, ondan bir neçə ay sonra isə parlament seçkiləri gəlir. Partiya öz siyasi fəaliyyət proqramını bəyan etməlidir. Mən yenilənmiş Müsavatın ortaya çıxmasını istəyirəm. Amma bu gün yenilənmə sözünə qısqanclıqla yanaşan, ümumiyyətlə, dəyişmək barədə düşünməyən insanlar isə 100 arqument gətirəcəklər ki, məhz bizə bu şəkildə yer olmalıdır və biz ondan sonra qurultayımızı keçirməliyik. Mən o adamlara sual edirəm. Partiyanın qurultayının keçirilməsini tələb etmək, yoxsa qurultayı keçirməmək nizamnaməyə ziddir? Üzümü məni tənqid atəşinə tutanlara tuturam, bu suala cavab versinlər".

S.Əlisoy qeyd edib ki, hələ aysberqin görünməyən qatlarında çox şeylər gizlənir və zaman gələndə bunların hamısı açılacaq: "Misal üçün, bu gün ABŞ-da yaşayan Müsavat Partiyasının keçmiş üzvü Ramiz Yunus Müsavat Partiyasında tamamilə dəyişmənin dövrü çatdığını ortaya qoyub. İndi düşünürəm ki, yenilənmənin tərəfdarı olmayanlar buradan ABŞ-a hansı yaylım atəşləri açacaqlar. Hələ ki əsas məsələ tənqid üzərindədir. Amma aysberqin dərin qatlarında elə şeylər var ki, məni vadar edirlər, mən onları da açam. Əgər istəyirlərsə, onlar da açılar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti