Gürcüstan, Tbilisi, 7 iyul /Trend, müxbir Nana Kirsxaliya/
SSRİ-nin keçmiş xarici işlər naziri, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze iyulun 7-də Tbilisidə vəfat edib.
Trend-in məlumatına görə, E.Şevardnadze uzun sürən ağır xəstəlikdən sonra 86 yaşında dünyasını dəyişib.
Gürcüstanın sabiq prezidenti, siyasi və dövlət xadimi Eduard Ambrosiyeviç Şevardnadze 1928-ci il yanvarın 25-də Gürcüstan SSR-in Lançxut rayonunun Mamaçi kəndində kənd müəllimi ailəsində anadan olub.
1946-cı ildə texnikumu bitirdikdən dərhal sonra komsomolun rayon komitəsinin şöbə müdiri olub. Daha sonra Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında partiya məktəbinə daxil olub.
1948-ci ildə Şevardnadze Kommunist Partiyasına daxil olub, 1949-51-ci illərdə Gürcüstan KP (b) MK yanında iki illik partiya məktəbinin dinləyicisi olub, oranı bitirdikdən sonra LKGİ MK-nın təlimatçısı olub. 1952-ci ildə Şevardnadze Gürcüstan SSR LKGİ-nin Kutaisi vilayət komitəsinin katibi, sonra ikinci katibi, daha sonra birinci katibi təyin edilib.
1972-1985-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi, 1985-1990-cı illərdə SSRİ-nin xarici işlər naziri vəzifələrində çalışıb. 1992-ci ilin martında Şevardnadze Gürcüstana qayıdaraq prezident Zviad Qamsaxurdiyanın devrilməsindən sonra yaradılan Dövlət Şurasına rəhbərlik edib. 1995-2003-cü illərdə Gürcüstan Respublikasının prezidenti olub.
2003-cü ilin noyabrında müxalifətin ölkə parlamentində seçkilərin nəticələrindən narazılığı ilə əlaqədar Gürcüstanda baş verən "Qızılgül inqilabı" nəticəsində Şevardnadzeyə prezident kürsüsünü tərk etmək təklif olunur. Həmin vaxt parlamentin ölkə başçısının Gürcüstanda fövqəladə vəziyyət tətbiqi ilə bağlı təklifini qəbul etməməsindən sonra Şevardnadze istefa verir.
Bundan sonra o, Krtsanisidə dövlət tərəfindən verilən iqamətgahda yaşayır.