...

İlham Əliyev: Azərbaycanda son illər müşahidə olunan iqtisadi inkişaf ölkəyə beynəlxalq biznes qurumlarının diqqətini artırır (FOTO)

Siyasət Materials 21 İyul 2014 17:28 (UTC +04:00)
Dövlət siyasəti ondan ibarətdir ki, Azərbaycanda yerli istehsal genişlənsin, idxalı əvəzləyən istehsal yaradılsın. Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev iyulun 21-də Bakının Qaradağ rayonu ərazisində yerləşən “Norm” sement zavodunun açılışında çıxışı zamanı deyib.
İlham Əliyev: Azərbaycanda son illər müşahidə olunan iqtisadi inkişaf ölkəyə beynəlxalq biznes qurumlarının diqqətini artırır (FOTO)

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Dövlət siyasəti ondan ibarətdir ki, Azərbaycanda yerli istehsal genişlənsin, idxalı əvəzləyən istehsal yaradılsın. Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev iyulun 21-də Bakının Qaradağ rayonu ərazisində yerləşən "Norm" sement zavodunun açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Əziz dostlar, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz Bakıda, Qaradağ rayonunda yeni sement zavodunun açılışına toplaşmışıq. Sizi bu münasibətlə ürəkdən təbrik edirəm. "Norm" sement zavodu ən müasir standartlara cavab verir. Bu zavodun fəaliyyətə başlaması sement istehsalında bütün hədəflərimizə çatmaq üçün bizə imkan yaradır. Çünki bizim əsas məqsədimiz ondan ibarət idi ki, bu sahədə idxaldan asılılığımızı aradan götürək və nəinki özümüzü tam şəkildə təmin edək, eyni zamanda, kifayət qədər böyük ixrac potensialının yaradılması da bizim hədəfimiz idi".

Azərbaycan Prezidenti qeyd edib ki, zavodun inşasına 350 milyon dollar sərmayə qoyulmuşdur. Bu, son illər ərzində Azərbaycanda tikilən ən böyük sement zavodudur: "Bu zavodun fəaliyyətə başlaması, eyni zamanda, 500 yeni iş yerinin yaradılmasına imkan verir. Əslində zavodun yaradılmasında Azərbaycanda iqtisadi sahədə və sənaye sahəsində bütün dövlət siyasəti öz əksini tapır. Çünki bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycanda yerli istehsal genişlənsin, idxalı əvəzləyən istehsal yaradılsın. Qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir. Bildiyiniz kimi, bu il Azərbaycanda "Sənaye ili" elan edilib və sənaye istehsalının yaradılması, genişləndirilməsi bizim əsas məqsədimizdir. Yəni, dövlət siyasətimizin bütün istiqamətləri bu zavodda demək olar ki, öz əksini tapıb. Çox şadam ki, hazırda Azərbaycanda bir neçə sement zavodu fəaliyyət göstərir. Yadımdadır, bir neçə il bundan əvvəl sadəcə olaraq, yalnız Qaradağ sement zavodu işləyirdi. O da ekoloji normalara uyğun deyildi. Orada böyük yenidənqurma işləri aparılmışdır və ötən dövrdə "Holcim" zavodunun fəaliyyətə başlamasını qeyd etmişik".

Prezident İlham Əliyev xatırladıb ki, Qazaxda, Naxçıvanda, Sumqayıtda sement zavodları vardır. Hazırda bu zavodun - ən böyük "Norm" zavodunun fəaliyyətə başlaması Azərbaycanda sement istehsalını 5 milyon tona çatdırır, bəlkə ondan da bir qədər çox. Tələbat isə 4,5 milyon tondur: "Yəni, biz artıq fikirləşməliyik ki, ilk növbədə, daxili bazarımızı qoruyaq. Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyi təklifləri hazırlayır. Çünki artıq bu zavodun fəaliyyətə başlamasından sonra xaricdən sementin gətirilməsi məqsədəuyğun deyildir. Eyni zamanda, biz öz sementimizlə, ixrac məhsulumuzla yeni bazarlara çıxmalıyıq. Əslində bizim ixrac potensialımızın gücləndirilməsi artıq təmin edilir. Nəzərə alsaq ki, bu zavodda istehsalı artırmaq üçün imkanlar var, hesab edirəm, gələcəkdə yeni bazarlara çıxdıqca Azərbaycanın bütün sement zavodları öz fəaliyyətlərini genişləndirə bilər".

Dövlət başçısının sözlərinə görə, zavodun tikintisində ən müasir avadanlıqdan istifadə edilib, Avropa istehsalı olan avadanlıq quraşdırılıbdır: "Zavodun tikintisini isə baş podratçı kimi Çin şirkəti icra edib və bu da Azərbaycanın iqtisadi sahədə beynəlxalq əlaqələrinin güclü olduğunu göstərir. Bizim tərəfdaşlarımız arasında Avropa, Asiya şirkətləri yer tutur və bu gün Azərbaycanda fəaliyyət göstərmək, işləmək üçün bizə çoxlu müraciətlər daxil olur. Azərbaycanda son illərdə müşahidə olunan iqtisadi inkişaf, sənayeləşmə prosesi, geniş infrastruktur layihələrinin həyata keçirilməsi, əlbəttə ki, ölkəmizə beynəlxalq biznes qurumlarının diqqətini artırır. Eyni zamanda, bizim uğurlu inkişafımıza da böyük inam vardır. Çünki bu gün bizim həm maliyyə, həm iqtisadi vəziyyətimiz kifayət qədər möhkəmdir, sabitdir. Bizim iqtisadi siyasətimiz dəqiq proqram əsasında icra edilir. Hazırda üçüncü regional inkişaf proqramı icra edilir və bu proqram 2018-ci ilə qədər ölkəmizin əsas infrastruktur layihələrinin icrasına xidmət göstərəcəkdir. Əlbəttə, bizim xarici tərəfdaşlarımız da bütün bu məlumatları əldə ediblər və bilirlər ki, Azərbaycanda həm dövlət investisiyaları, eyni zamanda, özəl investisiyalar böyük həcmdə qoyulur".

Prezident İlham Əliyev qeyd edib ki, dövlət investisiyaları daha çox infrastruktur layihələrinə, sosial infrastruktur layihələrinə yönəldir və eyni zamanda, büdcədən özəl sektora kredit şəklində güzəştli şərtlərlə vəsait ayırır: "Özəl sektor isə Azərbaycanın sürətli inkişafından istifadə edərək öz sərmayələrini bax, belə gözəl müəssisələrə yönəldir və beləliklə, Azərbaycanda dövlət və özəl tərəfdaşlıq ən yüksək səviyyədə təmin edilir. Son vaxtlar Azərbaycanda yaradılan sənaye müəssisələri, infrastruktur layihələrinin icrası, sənayeləşmə ilə bağlı atılan addımlar əminəm ki, gələcəkdə daha da gözəl nəticələrə gətirib çıxaracaqdır. Bu gün biz ölkəmizdə gedən sənaye və iqtisadi prosesləri istiqamətləndiririk və burada əsas məsələ bu sahədə təhlükəsizliyi tam şəkildə təmin etməkdir. İlk növbədə enerji təhlükəsizliyidir ki, Azərbaycanda bu, artıq 100 faiz səviyyəsində təmin edilib və hətta biz başqa ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi veririk. Azərbaycanda nəqliyyat təhlükəsizliyi təmin edilir və son vaxtlar icra edilən və icrada olan layihələr - Bakı-Tbilisi-Qars dəmir yolu, Gəmiqayırma zavodu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, digər layihələr nəqliyyat təhlükəsizliyimizi tam təmin edəcəkdir. Coğrafi vəziyyətimiz elədir ki, əgər biz müasir infrastrukturla bu coğrafi üstünlükləri zənginləşdirsək Azərbaycan ərazisindən böyük həcmdə yüklərin keçirilməsi mümkün olacaqdır. Ərzaq təhlükəsizliyi təmin edilir. Biz yaxın zamanlarda özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz təmin edəcəyik. Hazırda Azərbaycanda inşaat materiallarının istehsalı istiqamətində böyük işlər görülür. Sement sahəsində biz bunu artıq tam şəkildə təmin etmişik, böyük metallurgiya kompleksinin tikintisi artıq başlamışdır".

Dövlət başçısı bildirib ki, Qaradağ rayonunda və digər bölgələrdə bir çox sənaye müəssisələri fəaliyyət göstərir: "Bir sözlə, özümüzü 100 faiz təmin etməliyik və xarici bazarlara keyfiyyətli məhsulla çıxırıq və çıxmalıyıq. Belə olan halda ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı təmin ediləcək, iş yerlərinin yaradılması prosesi davam etdiriləcək və ölkəmizdə qeyri-neft sektoru daha da böyük paya malik olacaqdır. Hazırda ümumi daxili məhsulumuzda qeyri-neft sektoru 55 faiz təşkil edir. Baxmayaraq ki, biz indi böyük qaz layihələrini icra etməyə başlayırıq və əlavə böyük qaz hasilatı gözlənilir, əminəm, yaxın illərdə qeyri-neft sektorumuz ümumi iqtisadiyyatda daha da böyük paya malik olacaqdır. Bu zavodun fəaliyyətə başlaması məni çox sevindirir. Çünki bir daha demək istəyirəm ki, mən burada dövlət siyasətimizin təzahürünü görürəm. O siyasət ki, bu gün Azərbaycanda böyük inkişafa səbəb olmuşdur. Ölkəmizin inamlı, uzunmüddətli dayanıqlı inkişafını təmin edən bizim siyasətimizdir - daxili siyasət, siyasi sahədə atılan addımlar, iqtisadi islahatlar. Təsadüfi deyil ki, dünyanın aparıcı maliyyə və iqtisadi qurumları Azərbaycanda iqtisadi sahədə görülən işlərə çox böyük qiymət verir. Rəqabətqabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 39-cu yerdədir. Belə zavodların işə düşməsi nəticəsində bizim yerimiz daha da yüksək olacaqdır. Mən sizi bu zavodun fəaliyyətə başlaması münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə uğurlar arzulayıram. Sağ olun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti