Azərbaycan, Bakı, 12 sentyabr /Trend/
Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov etimadnaməsini YUNESKO-nun baş direktoru İrina Bokovaya təqdim edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, etimadnamənin təqdim edilməsi mərasimindən sonra A.Kərimov və İ.Bokova arasında görüş olub.
İ.Bokova A.Kərimovu YUNESKO yanında daimi nümayəndə təyin olunması münasibətilə təbrik edib və YUNESKO ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın məmnunluq doğurduğunu bildirib.
Azərbaycanlı diplomat YUNESKO ilə əlaqələrin gücləndirilməsinin ölkəmiz üçün prioritet sahələrdən biri olduğunu deyib. O, bu əməkdaşlığın daha da inkişaf etməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əvəzolunmaz rolunu qeyd edib.
Görüşdə Azərbaycan ilə YUNESKO arasında əməkdaşlığın gələcək perspektivləri və birgə layihələr ətrafında müzakirələr aparılıb.