Emil Hüseynli - Trend-in Azərbaycan redaksiyasının rəhbəri
BMT Baş Assambleyasının 69-cu sessiyasının işini Azərbaycan üçün uğurlu hesab etmək olar. Əsasən də bu mötəbər tribunadan Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılması baxımından rəsmi Bakı üzərinə düşən işin öhdəsindən uğurla gəldi. Bu, xüsusilə, Ermənistan Prezidenti Serj Sarkisyanın yalanlar üzərində qurulan çıxışının ifşasında özünü açıq büruzə verdi.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxışında təfərrüatı ilə Dağlıq Qarabağ probleminin həlli yollarını, münaqişənin həllinin uzanmasının regionda təhlükəsizliyə təhdid yaradacağını, Serj Sarkisyanın faktları saxtalaşdırdığını açıqladı. Daha doğrusu, Ermənistan rəhbərliyini faktları saxtalaşdırmaqda ittiham etdi. Beləliklə, Azərbaycanın xarici siyasət bilicisi Serj Sarkisyanın beynəlxalq hüququn norma və prinsiplərini və bu çərçivədə qəbul edilmiş sənədləri təhrif edərək, BMT Baş Assambleyasını aldatmağa çalışdığını dünya ictimaiyyətinə bəyan etdi. Ermənistan Prezidentinin xalqların öz müqəddəratını təyin etmə prinsipindən sui-istifadə edərək, ölkəsinin qonşu dövlət olan Azərbaycanın ərazilərini zor tətbiq etməklə ilhaq etməsi cəhdlərini ört-basdır etməyə çalışdığını ifşa etdi. Beynəlxalq birliyi Ermənistanın mülki əhaliyə qarşı törədilmiş cinayətlərə görə cəzasızlığına son qoymağa çağırdı.
Bununla da Serj Sarkisyanın dünya ictimaiyyətini aldatmaq cəhdi uğursuzluğa məhkum oldu, Ermənistan Prezidenti xarici siyasətində növbəti dəfə "ofsayd"a düşdü. "Ofsayd"a intensiv düşən futbolçuya baş məşqçi tərəfindən etibar edilmədiyi kimi, Serj Sarkisyanın nüfuzlu beynəlxalq tədbirlərdə "ofsays"da qalması onun nüfuzunu ləkələyir. "Ofsayd"a düşən oyunçular isə heç zaman qol vura bilmirlər.
Görünür, Serj Sarkisyanın da son dövrlər qol vura bilməməsi onun siyasi hakimiyyətinin sonuna gətirir. Bütün dünya bilir ki, münaqişənin həll edilməməsi Serj Sarkisyan hakimiyyətinin qeyri-konstruktiv fəaliyyətinin nəticəsidir. Erməni ictimaiyyəti də bunu dərk edir. Dərk edir ki, Dağlıq Qarabağ münaqişəsi davam etdiyi müddətdə Ermənistanın durumu indikindən yaxşı olmayacaq və Ermənistan xalqı bunun fərqindədir. Ermənistan xalqı onun da fərqindədir ki, güclənən, zənginləşən, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirən Azərbaycanla müqayisədə Ermənistan çox cılız və mənasız görünür. Ermənistan rəhbərliyi bütün regional layihələrdən ölkəni kənarda qoymaqla həm də vətəndaşlarının gələcək taleyini sual altına qoyur.
Digər tərəfdən, ləkələnmiş Prezidentin yalan, uydurma dolu bəyanatları heç zaman dövlətlər tərəfindən ciddi qəbul edilə bilməz. Onsuz da Serj Sarkisyan cani, hərbi cinayətkar, əli minlərlə insanın qanına bulaşan prezident imicini özündə cəmləşdirib. Bu imicə onun yalançılığı da əlavə olundu. Bu ləkələri isə yumaq çox çətin olur.
Yekun olaraq onu qeyd etmək olar ki, BMT Baş Assambleyasının 69-cu sessiyasının işi onu göstərdi ki, Azərbaycan istər regional və qlobal təhlükəsizliyin təmin edilməsində, istər enerji təhlükəsizliyinə nail olunmasında etibarlı, stabil tərəfdaş kimi qəbul olunur. Azərbaycanın xarici siyasətinin uğurlu olması ona şərait yaradır ki, bir çox xarici ölkələrə irihəcmli investisiyalar yatırsın, beləliklə də söz sahibinə çevrilsin və öz nüfuzunu daha da gücləndirsin.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması üçün "hücum diplomatiyası"nı davam etdirir.