Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Təmkin Cəfərov/
Azərbaycan Aslandüz-Horadiz sərhəd-keçid məntəqəsinin açılmasında maraqlıdır. Trend-in İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov Biləsuvarda yeni terminalın açılışı zamanı çıxışında deyib.
Ş.Bağırov bildirib ki, Azərbaycan hər iki ölkənin vətəndaşlarının gediş-gəlişi üçün Aslandüz-Horadiz sərhəd keçidində lazımi infrastrukturu və şəraiti yaradıb: "Biz Aslandüz-Horadiz keçidinin açılması üçün İran Gömrük İdarəsinin işləri tezləşdirməsini gözləyirik".
Onun sözlərinə görə, Azərbaycan İranla əlaqələrini inkişaf etdirməkdə maraqlıdır və iki ölkənin xalqlarının tarix, mədəniyyət və din baxımından çox oxşarlıqları var: "Dost və qardaş olan Azərbaycan və İranın dostluq və birliyini heç kəs poza bilməz".
Qeyd edək ki, bir müddət öncə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin də İran-Azərbaycan sərhədində, Aslandüz (Parsabad) - Horadiz (Füzuli) bölgəsində "Aslandüz (Horadiz)" sərhəd-keçid məntəqəsinin yenidən fəaliyyətə başlaması üçün infrastrukturun hazırlandığını və yaxın vaxtlarda məntəqənin açılmasının gözlənildiyini qeyd etmişdi.
Azərbaycan və İran sərhədində beynəlxalq marşrutlarda 6 sərhəd-keçid məntəqəsi mövcuddur ki, onlardan hazırda 5-i (Culfa, Şahtaxtı, Astara, Biləsuvar və İmişli sərhəd-keçid məntəqələri) fəaliyyət göstərir, Horadiz gömrük postu isə uzun müddətdir fəaliyyətini dondurub.