...

Mübariz Əhmədoğlu: Nikolay Bordyuja Rusiya-Azərbaycan münasibətlərini bilərəkdən gərginləşdirir

Siyasət Materials 21 Aprel 2015 15:23 (UTC +04:00)
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja son mətbuat konfransında Azərbaycanla əlaqəli mövzuya iki dəfə toxundu”.
Mübariz Əhmədoğlu: Nikolay Bordyuja Rusiya-Azərbaycan münasibətlərini bilərəkdən gərginləşdirir

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir Elçin Mehdiyev/

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja son mətbuat konfransında Azərbaycanla əlaqəli mövzuya iki dəfə toxundu". Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi "Qarabağ saat"ında deyib.

Politoloq qeyd edib ki, N.Bordyuja əvvəlcə Dağlıq Qarabağ münaqişə ocağının gərginləşdiyini bildirdi, nədənsə, onun münasibəti bu mövzuda tamamilə ermənilərin mövqeyi ilə səsləşdi: "İkincisi, Azərbaycanın KTMT-yə üzvlüyü məsələsini aktuallaşdırdı. Ermənistan KTMT üzvüdür və bu qurumun üzvü kimi Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın 7 rayonunu işğal edib. Ermənistanın üzv olduğu KTMT və onun rəhbərliyi üzv dövlətin işğalçılıq siyasətinə bu günə kimi bir dəfə də olsun münasibət göstərməyib. Əksinə, Ermənistana verdiyi siyasi-hərbi dəstəklə Ermənistanın işğalçılıq siyasətinin davamlı olmasına şərait yaradıb. Ermənistan rəhbərliyi uzun müddət Azərbaycanı KTMT-nin adı ilə hədələyib. N.Bordyuja bu hədələrin heç birisinə reaksiya verməyib. İndi N.Bordyuja Azərbaycanı KTMT-yə üzv olmağa çağırır. Görünür, N.Bordyuja şəxsiyyət, vicdan, Rusiya dövlətçiliyi anlayışlarından uzaq olduğu üçün Azərbaycana belə təklif edir".

M.Əhmədoğlu bildirib ki, eyni zamanda, N.Bordyujanın Azərbaycanı KTMT-yə dəvət etməsi ayrı rakursdan da diqqət çəkir.

Onun sözlərinə görə, N.Bordyuja Ermənistanın NATO ilə münasibətlərinə nəinki göz yumub, hətta şərait yaradıb: "Bu gün NATO Quru Qoşunları komandanı F.Bridlavın çox asanlıqla idarə etdiyi şəxs Ermənistanın müdafiə naziri S.Ohanyandır. S.Ohanyan isə asanlıqla N.Bordyujanı idarə edə bilir. Ona görə də N.Bordyuja KTMT-nin digər üzv dövlətlərinin paytaxtlarından qırağa çıxmadığı halda, S.Ohanyanın əmri ilə bir neçə dəfə Ermənistan-Azərbaycan sərhədlərində olub, bəlkə Dağlıq Qarabağa da gəlib. N.Bordyujanın Rusiyanın siyasəti və hərbi sahəsi barədə bildikləri S.Ohanyan vasitəsilə F.Bridlava ötürülür. Ermənistan yaxınlarda "Saber junction-2015" hərbi təlimlərinə qatıldı. N.Bordyuja ildə 6-7 dəfə Ermənistan prezidenti S.Sarkisyan və müdafiə naziri S.Ohanyanla görüşür. N.Bordyujanın Ermənistanın NATO hərbi təlimlərinə qoşulmasından xəbəri olmayıbsa, deməli, ermənilər də N.Bordyujanı şəxsiyyətsiz, pula satılmış hesab edirlər, ona deməyiblər. Yox, əgər N.Bordyujanın Ermənistanın NATO tədbirlərinə qatılmasından məlumatı olub qarşısını almayıbsa, deməli, N.Bordyuja Rusiya dövlətinə xəyanət edib".

Politoloq vurğulayıb ki, KTMT NATO ilə əlaqələri kəsmək barədə iki dəfə qərar qəbul etsə də, Ermənistan hər iki qərarı inkar edib: "N.Bordyujanın bəzi bəyanatları Ermənistanın KTMT-nin NATO ilə əlaqəli qərarlarından imtinasına haqq qazandırmaq kimi başa düşülə bilinər. KTMT-nin baş katibi N.Bordyujanın Azərbaycanın KTMT-yə üzvlüyü ilə bağlı verdiyi bəyanatın istiqaməti bəllidir: Rusiyada müəyyən etatist-millətçi qüvvələri Azərbaycanın üzərinə qızışdırmaq. Son illərdə nəinki Kremldə, ümumilikdə Rusiyanın siyasi elitasında Azərbaycana münasibət müsbət tərəfə xeyli yaxşılaşıb".

M.Əhmədoğlu əlavə edib ki, N.Bordyuja "Rusiyanın təklifini rədd edən Azərbaycan imici" yaratmaqla, bu prosesə yeni stimul verir.

Onun sözlərinə, Azərbaycan Rusiya prezidentinin Soçidə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın "xüsusi statusu" ilə bağlı prezident Vladimir Putinin təklifini qəbul etdi: "Ermənistan isə V.Putinin təklifini rədd etdi. Ermənistanın Rusiyanın təklifini rədd etməsi fonunda, Azərbaycanın Rusiyanın təklifini qəbul etməsi erməniləri və Rusiyadakı ermənipərəstləri ciddi narahat edir. Ona görə də ortalığa belə bir təklif qoyulmalıdır ki, Azərbaycan onu rədd etsin. N.Bordyuja ermənilərin bu arzusunu reallaşdırdı. Beləliklə, Rusiyanın təklifini rədd etməkdə Azərbaycan və Ermənistan bərabərləşir. Ermənistan Rusiyanın təklifini rədd etməkdə tək qalmır. N.Bordyuja V.Putinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın xüsusi statusuna dair təklifini dəstəkləsə, Rusiya dövlətçiliyinə və prezidentinə xidmət etmiş olardı".

Politoloqun sözlərinə görə, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində xüsusi statusu barədə V.Putinin təklifini dəstəkləməyə Ermənistan və Rusiya xarici işlər naziri Sergey Lavrovu-Kələntəryan dəvət edilsə, Dağlıq Qarabağ münaqişəsi regionunda gərginlik xeyli azala bilər: "O vaxta kimi olan bütün təkliflərdən fərqli olaraq, V.Putinin təklifi Dağlıq Qarabağ münaqişəsinin siyasi tənzimlənməsində dönüş yarada bilərdi. Bu isə Ermənistan rəhbərliyinin KTMT baş katibinin və RF xarici işlər nazirinin maraqlarına uyğun gəlmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti