...

Avropa Şurası baş katibinin müavini seçilib

Siyasət Materials 23 İyun 2015 21:09 (UTC +04:00)
Qabriella Battaini-Draqoni yenidən Avropa Şurası baş katibinin müavini seçilib.
Avropa Şurası baş katibinin müavini seçilib

Fransa, Strasburq, 23 iyun /Trend, müxbir Anar Əliyev/

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay plenar sessiyasının ikinci iş günündə Avropa Şurası baş katibinin müavini postuna seçkilər keçirilib.

Trend-in məlumatına görə, plenar sessiyanın sonunda Assambleyanın 165 üzvü - əksər səs çoxluğu - Qabriella Battaini-Draqonini yenidən uç il müddətinə Avropa Şurası baş katibinin müavini seçiblər. Onun yeni mandat çərçivəsində səlahiyyətləri 1 sentyabr 2015-ci il tarixindən qüvvəyə minəcək.

O, ilk dəfə baş katibin müavini kimi səlahiyyətlərinin icrasına 1 sentyabr 2012-ci ildə başlayıb.

Qeyd edək ki, bu dəfə baş katib postuna yalnız Q.Battaini-Draqoninin namizədliyi irəli sürülüb.

Xatırladaq ki, AŞ daxilində aparılan islahatlardan sonra sözügedən vəzifənin səlahiyyət müddəti beş ildən üç ilə endirilib.

Xanım Q.Battaini-Draqoni AŞ-də müxtəlif vəzifələrdə çalışıb. O, 2001-2004-cü illərdə AŞ-nin sosial birlik üzrə, 2004-2011 illərdə isə AŞ-nin təhsil, mədəniyyət və irs, gənclər və idman üzrə baş direktoru və təşkilatın mədəniyyətlərarası dialoq üzrə və diskriminasiyaya qarşı kampaniya üzrə koordinatoru vəzifələrində çalışıb. O, habelə 2011-2012-ci illərdə AŞ-nin proqramlar üzrə baş direktoru olub, təşkilat daxilində baş direktor vəzifəsinə təyin olunan ilk qadın olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti