...

Həsən Ruhani: İran xalqı fövqəltəbii gücünün bir hissəsini bütün dünyaya göstərdi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 6 Avqust 2015 11:16 (UTC +04:00)

İran, Tehran, 6 iyul /Trend, xüsusi müxbir Təmkin Cəfərov/

İran xalqı ötən aylar ərzində öz fövqəltəbii gücünün bir hissəsini dünyaya göstərdi. Trend-in məlumatına görə, bu sözləri İran Prezidenti Həsən Ruhani bu gün Tehran əyalətinin İslamşəhr şəhərində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: "Bu xalq dünyanın bütün gücləri qarşısında dayandı və İslam İnqilabı etdi, öz istiqlal, azadlıq və şərəfini qorudu. Heç bir gücün qarşısında qorxmadı və İslam Respublikasının bayrağını uca tutdu".

H.Ruhani bildirib ki, ötən illər ərzində regionda işğalçı İsrail 3 dəfə sarsılıb: "Bu sarsıntı bir dəfə 1979-cu ildə İslam İnqilabının qələbə qazandığı gün oldu. Həmin gün sionist rejimi dağılacağını hiss etdi. İkinci dəfə belə sarsıntı İran-İraq müharibəsində işğal olunmuş Xürrəmşəhr şəhərinin azad edildiyi gün oldu. Və bu gün işğalçı İsrail üçüncü dəfə sarsıldı. İran və dünyanın böyük gücləri arasında Vyana sazişi kimi tanınan saziş imzalandığı andan hər gün qorxusundan yenə də işğalçı sionist rejimidir".

Dövlət başçısı deyib ki, əldə olunan razılıqdan sonra regionda və dünyada bütün xalqlar sevinir: "Sevinməyən isə sionisti rejim və ABŞ-dakı müharibə tərəfdarlarıdır. "Bu saziş İran xalqının üçüncü qələbəsidir və biz öz diplomatlarımız, hüquqşünaslarımızla fəxr edirik".

H.Ruhani bildirib ki, bu gün İslam düşmənlərinin İran xalqının dünya ictimaiyyəti ilə əlaqələr qurması üçün bağladığı yolun açıldığı gündür: "Bu gün hər şeyə yenidən başlama günüdür. Hamı bizim üzümüzə açlımış bu qapıdan istifadə etməlidir və ölkənin iqtisadi inkişafı və istehsalın artırılması üçün bu imkandan istifadə etməliyik".

İran Prezidenti ölkə diplomatları və alimlərinə öz minnətdarlığını bildirib: "Dünyanın böyük gücləri qarşısında öz dəlil və məntiqləri ilə bizim üçün başucalığı gətirən diplomatlarımıza təşəkkür edirik. Onların səylərinin nəticəsidir ki, İranın nüvə texnologiyası əldə etmək hüququnu tanımayan BMT bu gün İranın nüvə texnologiyasını zənginləşdirmə hüququnun olduğunu elan edir. BMT-nin 2231 saylı qətnaməsi İran xalqının nüvə texnologiyasını əldə etmək hüququnu açıq-aydın rəsmən tanıyır".

H.Ruhani hamını əl-ələ verərək İranın inkişafı və ölkədə istehsalın həcminin artırılması üçün çalışmağa səsləyib: "Bizim Vyana sazişini əldə etməkdə məqsədimiz ölkədə istehsal üçün, işsizliyi aradan qaldırmaq üçün və ali təhsilli gənclər üçün əlverişli şərait yaratmaqdır".

O, ölkəsində gənclər - qız və oğlanlar arasında ayrı-seçkiliyin tərəfdarı olmadığını da bildirib: "Bəziləri deyir ki, təkcə işsiz oğlanlar üçün iş yerləri açılsın, çünki qızların işə ehtiyacı yoxdur. Amma mən deyirəm ki, bu, düzgün mövqe deyil. Bu ölkənin övladları İranın övladlarıdır. Kişi, qadın, oğlan və ya qız arasında ayrı-seçkilik olmamalıdır. Siz düşünürsüz ki, mühəndis qızlarımız elm baxımından oğlan mühəndislərdən aşağıdır? Bu, belə deyil, onlar hamısı birdirlər və eyni universitetdə və eyni müəllimlərdən dərs alıblar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti