...

İlham Əliyev Misir və Hindistan səfirlərinin etimadnaməsini qəbul edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 29 Oktyabr 2015 14:52 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Suzanne Mohamed Gamilin etimadnaməsini qəbul edib.
İlham Əliyev Misir və Hindistan səfirlərinin etimadnaməsini qəbul edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Suzanne Mohamed Gamilin etimadnaməsini qəbul edib.

Trend-in məlumatına görə, səfir Suzanne Mohamed Gamil fəxri qarovul dəstəsinin qarşısından keçib.

Suzanne Mohamed Gamil etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin son vaxtlar daha fəal şəkildə həyata keçirilməsinin önəmini qeyd edərək bu təmasların əməkdaşlığımızın çox müsbət göstəricisi olduğunu deyib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrə toxunan Prezident İlham Əliyev bu əlaqələri irəli aparmaq üçün prioritetlərin dəqiq müəyyənləşdirilməsinin vacibliyini qeyd edib, iki ölkə arasında qarşılıqlı ticarətin səviyyəsinin artırılacağına ümidvar olduğunu bildirib. Azərbaycanın Misir ilə əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyən dövlətimizin başçısı enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq üçün də yaxşı potensialın olduğunu qeyd edib.

Ölkələrimizin yerləşdiyi regionlardakı vəziyyətə toxunan Prezident İlham Əliyev hazırda təhlükəsizliyin bütün dünyada gündəlikdə duran ən vacib məsələlərdən biri olduğunu vurğulayıb. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan danışan dövlətimizin başçısı Azərbaycan ilə Misirin daim bir-birini dəstəkləməkdə davam edəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Suzanne Mohamed Gamil Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını dövlətimizin başçısına çatdırıb. Ölkəmizə səfir təyin olunmasından məmnunluğunu ifadə edən Suzanne Mohamed Gamil Azərbaycan ilə Misir arasında dost və qardaş münasibətlərinin mövcud olduğunu deyib, ölkəsini beynəlxalq təşkilatlarda daim dəstəklədiyinə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi böyük insan və əsl lider kimi ehtiramla xatırlayan səfir Suzanne Mohamed Gamil Ulu Öndərin qısa zaman ərzində dövlət quruculuğu sahəsində əldə etdiyi nailiyyətlərin xalqımız tərəfindən yüksək qiymətləndirildiyinin daim şahidi olduğunu deyib. Səfir, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində ölkəsinin hər zaman Azərbaycana dəstək nümayiş etdirdiyini vurğulayıb.

Dövlətimizin başçısı İlham Əliyev Prezident Əbdülfəttah əs-Sisinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Misir Ərəb Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sanjay Rananın etimadnaməsini qəbul edib.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Sanjay Rana etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Səfir Sanjay Rana Hindistan Respublikasının Prezidenti Pranab Mukhercinin və Baş nazir Narendra Modinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Ölkələrimizin tarixi əlaqələrə malik olduğunu vurğulayan səfir Hindistanın Azərbaycan ilə əlaqələrə böyük maraq göstərdiyini bildirdi. O qeyd etdi ki, Hindistan hökuməti Prezident İlham Əliyevin müdrik rəhbərliyini yüksək qiymətləndirir. Səfir Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən iqtisadi və sosial sahələrdə böyük inkişafa nail olunduğunu dedi. Hindistanlı diplomat birinci Avropa Oyunlarının ölkəmizdə uğurla təşkil olunmasının və keçirilməsinin önəmini də qeyd etdi. Ölkələrimiz arasında iqtisadi, ticarət, təhsil və texniki sahələrdə əlaqələrin genişləndiyini deyən Sanjay Rana bu əlaqələrin Prezident İlham Əliyevin dəstəyi sayəsində daha yüksək səviyyəyə çatdırılması üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi.

Prezident İlham Əliyev Azərbaycanın Hindistan ilə tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın iqtisadi, enerji, ticarət, təhsil, mədəniyyət və digər sahələrdə böyük potensiala malik olduğunu qeyd etdi. Prezident İlham Əliyev biznes sahəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı sərmayələrin stimullaşdırılması, birgə müəssisələrin yaradılması və ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün də böyük imkanların olduğunu vurğuladı. Hindistanın informasiya texnologiyaları sahəsində çox qabaqcıl ölkə olduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycanda da bu istiqamətdə işlərin görüldüyünü dedi və ölkələrimizin bu sahədə əməkdaşlığı üçün yaxşı imkanların olduğunu bildirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi və ticari sahələrdə əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün səfirin Azərbaycanın müvafiq qurumları ilə yaxşı əlaqələr yaradacağına və diplomatik fəaliyyətinin səmərəli olacağına əminliyini ifadə etdi.

Dövlətimizin başçısı Hindistan Respublikasının Prezidenti Pranab Mukhercinin və Baş nazir Narendra Modinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Hindistan Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti