...

Məzahir Pənahov beynəlxalq müşahidəçilərlə görüşüb (FOTO)

Siyasət Materials 30 Oktyabr 2015 23:00 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkiləri müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkdilli Ölkələrin Parlament Assambleyasının beynəlxalq müşahidə missiyasının üzvləri ilə görüş keçirib
Məzahir Pənahov beynəlxalq müşahidəçilərlə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkiləri müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkdilli Ölkələrin Parlament Assambleyasının beynəlxalq müşahidə missiyasının üzvləri ilə görüş keçirib.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Mərkəzi Seçki Komissiyasında nümayəndə heyətini salamlayan sədr Məzahir Pənahov görüşdən məmnunluğunu bildirib və qeyd edib ki, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq seçki praktikasının təkmilləşməsində hər zaman mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının müxtəlif beynəlxalq təşkilatlar və xarici qurumlarla sıx münasibətlərinin ölkədəki seçki sisteminin və proseslərin hazırkı inkişaf səviyyəsinə çatmasındakı rolu inkaredilməzdir.

Beynəlxalq müşahidə missiyasının üzvləri MSK sədri Məzahir Pənahova səmimi qəbula görə təşəkkürlərini bildirib və Azərbaycan Respublikasının seçki sistemi və Milli Məclisə keçiriləcək seçkilərlə bağlı görülmüş işlərlə maraqlanıblar. Nümayəndə heyətinin suallarını cavablandıran MSK sədri seçkilərin yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçirilməsi üçün atılmış addımlar və gerçəkləşdirilmiş genişmiqyaslı layihələr barədə hərtərəfli məlumat verib.

Görüş çərçivəsində qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

ХХХ

Azərbaycan Respublikasında bu il noyabrın 1-də keçiriləcək seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirak edəcək Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin başçılıq etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşüb.

Trend-in məlumatına görə, ölkəmizdə keçirilən seçkilərin müşahidəsində hər zaman yaxından iştirak edən Mərmərə Qrupu Vəqfinin nümayəndə heyətini salamlayan MSK sədri Məzahir Pənahov budəfəki görüşdən də məmnunluğunu bildirib.

Səmimi qəbula görə minnətdarlıqlarını bildirən qonaqlar ölkəmizə hər gəldiklərində şahidi olduqları dinamik inkişafdan sevinc hissi keçirdiklərini bildirib və seçkilərə son hazırlıq işlərilə maraqlanıblar. MSK sədri Məzahir Pənahov qonaqların suallarını cavablandıraraq, Milli Məclisə seçkilərlə bağlı həyata keçirilmiş layihələr barədə onları ətraflı məlumatlandırıb.

XXX

Beşinci çağırış Milli Məclisə seçkiləri müşahidə etmək üçün Azərbaycanda səfərdə olan Belarus Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina oktyabrın 30-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

MSK sədri Məzahir Pənahov qonaqları salamlayaraq Milli Məclisə seçkilər ərəfəsindəki görüşdən məmnunluğunu bildirib və hər iki ölkənin seçki qurumları arasındakı əlaqələrdən söhbət açıb. Komissiya sədri rəhbərlik etdiyi qurumun çoxsaylı müxtəlif ölkələrin ali seçki qurumları ilə əlaqələrinə önəm verdiyini vurğulayıb.

Belarusiya Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina da öz növbəsində həm dəvət, həm də səmimi qəbula görə təşəkkürünü ifadə edib və Milli Məclisə keçiriləcək seçkilərə son hazırlıq işlərinin gedişi ilə maraqlanıb. Həmkarının suallarını cavablandıran MSK sədri Məzahir Pənahov ölkə vətəndaşlarının aktiv və passiv seçki hüquqlarının yüksək səviyyədə təmin olunması üçün atılmış addımlar barədə ətraflı məlumat verib.

Görüşdə həmçinin, qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti