...

Prezident İlham Əliyev: Qlobal Bakı Forumunun mövzuları bütün bəşəriyyət üçün vacibdir (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 10 Mart 2016 11:07 (UTC +04:00)
Bu gün Bakıda “Çoxqütblü dünyaya doğru” mövzusunda lV Qlobal Bakı Forumu öz işinə başlayıb.
Prezident İlham Əliyev: Qlobal Bakı Forumunun mövzuları bütün bəşəriyyət üçün vacibdir (ƏLAVƏ OLUNUB-2)

Bakı. Trend:

Bu gün Bakıda "Çoxqütblü dünyaya doğru" mövzusunda lV Qlobal Bakı Forumu öz işinə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev forumun qonaqlarını təbrik edib və salamlayıb.

İlham Əliyev bildirib: "İlk növbədə sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm. Çox şadam ki, Qlobal Bakı Forumu yaxşı ənənəyə çevrilir".

Dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə, onun Şurasına, həmsədrləri xanım Vayra Vike-Freyberqaya və İsmail Serageldinə Mərkəzin qısa müddət ərzində dünya miqyaslı beynəlxalq instituta çevrilməsinə görə təşəkkür edib.

İlham Əliyev qeyd edib ki, bu gün forumda beynəlxalq gündəliyin geniş əhatəli məsələləri müzakirə olunacaq.

Dövlət başçısının sözlərinə görə, mövzuların müzakirə edilməsi bizim hamımız, bütün bəşəriyyət üçün çox vacibdir.

Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, forumda dünyada sülh, təhlükəsizlik və proqnozlaşdırmaya xidmət edən faydalı fikirlər ifadə ediləcək.

İlham Əliyev, həmçinin əlavə edib ki, hər bir beynəlxalq forumun səviyyəsi əsasən onun iştirakçı siyahısından - dövlət və hökumət başçıları, görkəmli siyasətçilər, ictimai xadimlər, ekspertlər - asılıdır.

Dövlət başçısının sözlərinə görə, bununla da bu, bu gün və sabah baş tutacaq müzakirələrin səviyyəsini göstərir.

İlham Əliyev deyib ki, ötən ilki baharın analoji görüşündən bəri dünyada vəziyyət dəyişib və təəssüf ki, müsbət istiqamətdə deyil.

Prezident diqqətə çatdırıb ki, dünya həll edilməmiş münaqişələrin qalması fonunda təhlükəsiz olmayıb.

İlham Əliyev bildirib ki, ölkələr, hökumətlər, siyasətçilər gərginliyi azaltmağa çalışmaq, əməkdaşlıq, qarşılıqlı anlayış və qarşılıqlı hörmət üçün zəmin yaratmaqda öz rollarını oynamalıdırlar.

Dövlət başçısının sözlərinə görə, əks halda vəziyyət pisləşməyə davam edəcək.

Prezident İlham Əliyev narahatlıq doğuran məsələlər sırasında Yaxın Şərqdəki, Avropanın bəzi hissələrindəki vəziyyəti, son illərin reallığı olan qaçqın böhranını sadalayıb.

Dövlət başçısının sözlərinə görə, IV Qlobal Bakı Forumunun əsas vəzifələrindən biri bu məsələlərin həllidir, xüsusilə də forum iştirakçılarının səviyyəsini və onların dünya məsələlərinin həllində töhfəsini, təcrübəsini, biliyini diqqətə alsaq, forum mövcud vəziyyətdən çıxış yolu tapmağa kömək edə bilər.

Prezident İlham Əliyev deyib: "Biz hamımız bir vəzifəyə bağlıyıq - qarşılıqlı əməkdaşlığa, qarşılıqlı anlaşmaya yardım etmək. Biz hamımız bir-birimizlə bağlıyıq".

Dövlət başçısı vurğulayıb ki, bəzən elə gəlir ki, televiziya vasitəsilə izlədiyimiz dünyanın müxtəlif yerlərində baş verən təhlükəli hadisələr digər planetdə cərəyan edir, lakin bu, yanımızda baş verir.

Prezident əlavə edib ki, qaçqınlar böhranı göstərdi ki, biz hamımız bir-birimizlə bağlıyıq.

Prezident diqqətə çatdırıb ki, digər dövlətlərin işinə hər bir müdaxilə, hər bir hərəkət, hər bir addım müdaxilə edənlərə çətinliklər yarada bilər.

İlham Əliyevin sözlərinə görə, bu, hazırkı reallığın əsas dərsidir: "Biz hamımız bir-birimizə hörmət etməliyik, seçimimizə, ərazi bütövlüyünə, gələcəklə bağlı planlarımıza hörmət etməliyik, biz hamımız qarşılıqlı fəaliyyət göstərməliyik, çünki əsas məqsəd gərginliyin və mövcud təhdidlərin azaldılmasıdır".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu il müstəqilliyinin 25 illiyini qeyd edəcək: "Müstəqilliyin ilk illərində vətəndaş müharibəsindən, humanitar böhrandan, işğaldan, təcavüzdən, iqtisadi çətinliklərdən, faktiki iqtisadi tənəzzüldən əziyyət çəkirdik".

İlham Əliyevin sözlərinə görə, Azərbaycan terror hücumlarının hədəfinə çevrildi: "Erməni terror təşkilatları 1990-cı illərdə mülki əhaliyə qarşı çoxsaylı terror aktları törətdilər. Təəssüf ki, Ermənistan və Azərbaycan arasında münaqişə həll edilməyib. Baxmayaraq ki, ölkəmiz müstəqilliyin ilk illərində müyyən uğura nail olub və hazırda müasir, sabit, proqnozlaşdırılan, özünü təmin edən ölkə kimi inkişaf edir, münaqişə həll edilməlidir".

Prezident əlavə edib ki, milyon azərbaycanlı qaçqının öz vətəninə qayıda bilməsi, zorakılığı dayandırmaq və regionumuzda sülhü bərqərar etmək üçün münaqişə həll edilməlidir, çünki bunsuz bütün ölkələr əziyyət çəkəcək.

Azərbaycan Prezidenti xatırladıb ki, beynəlxalq təşkilatlar, xüsusilə də BMT və onun Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən çoxsaylı qətnamələr qəbul ediblər, lakin bu qətnamələr yerinə yetirilmir.

Dövlət başçısının sözlərinə görə, bu qətnamələrin yerinə yetirilməsi mexanizmi müzakirələr mövzusu olmalıdır: "Bəzi hallarda BMT-nin Təlükəsizlik Şurasının qətnamələri bir neçə saat ərzində yerinə yetirilir, bizim halda isə artıq 20 ildən çox vaxt ötür".

Prezident qeyd edib ki, bu, siyasi iradənin, xüsusilə də bu qətnamələri qəbul edən ölkələrdə siyasi iradənin olmamasını göstərir: "Hazırda danışıqlar prosesi hər hansı uğur olmadan davam edir və bunun əsas səbəbi odur ki, Ermənistan sülh istəmir. O, işğal edilmiş əraziləri qanunsuz nəzarət altında saxlamaq, status-kvonu dəyişməz olaraq saxlamaq istəyir, lakin bu belə qala bilməz. Danışıqlar prosesində təmsil olunan ölkələr, BMT-nin Təhlükəsizlik Şurasının 3 daim üzvü dəfələrlə bu barədə açıq deyiblər. Onlar bəyan edirdilər ki, status-kvo qəbuledilməzdir və dəyişməlidir. Status-kvonu dəyişmək üçün Ermənistan işğal edilmiş əraziləri tərk etməli və işğalı dayandırmalıdır".

Dövlət başçısı vurğulayıb ki, XXI əsrdə qonşu ölkənin ərazisini işğal etmək qanunsuzluqdur və danışıqlar prosesini bloklamaq bütün baxımlardan - siyasi, hüquqi, humanitar - tamamilə qeyri-normaldır: "Fikrimcə, münaqişənin nizamlanması üçün lazımdır - birincisi, Azərbaycan güclü olmalıdır və bu artıq baş verir, ikincisi, beynəlxalq ictimaiyyət, xüsusən də bu münaqişənin həllində səlahiyyəti olanlar siyasi iradə göstərməli və təcavüzkarı işğalı dayandırmağa məcbur etməlidir. Necə ki, bunu dünyanın müxtəlif hissələrində gördüyümüz kimi təcavüzkar dayandırılıb, cəzalandırılıb, ona qarşı sanksiyalar tətbiq edilib və o, təcavüzü dayandırmaq məcburiyyətində qalıb".

Prezident xatırladıb ki, işğal edilmiş ərazilərdə Azərbaycanın tarixi irsi dağıdılıb.

İlham Əliyevin sözlərinə görə, ATƏT faktlaraşdırıcı missiyanı və səhra qiymətləndirmə missiyasını iki dəfə işğal edilmiş ərazilərə göndərib, onlar oradakı real vəziyyəti əks etdiriblər: "Bizim bütün tarixi abidələrimiz, məcsidlərimiz dağıdılıb. Hazırda Yaxın Şərqdə tarixi abidələrin məhv edilməsi barədə telereportajlar görürük. İyirmi il əvvəl eyni hal Azərbaycanın işğal edilmiş ərazilərində baş verirdi. Lakin həmin vaxt beynəlxalq ictimaiyyət və kütləvi informasiya vasitələri diqqət ayırmırdılar və ya informasiyaya çıxış imkanları yox idi, ancaq bu, eyni hadisədir, eyni yanaşmadır".

İlham Əliyev əlavə edib ki, mövcud vəziyyət gələcək, regionda sülh və təhlükəsizlik üçün təhlükəlidir, təcavüzkar cəzalandırılmadığına görə o daha nə isə planlaşdıracaq".

Prezident qeyd edib ki, Azərbaycanın 1990-cı illərin əvvəlində üzləşdiyi humanitar böhrana və vəziyyətə baxmayaraq, ölkə uğurla inkişaf edir: "Eyni zamanda, Azərbaycanda adambaşına düşən ən böyük qaçqın sayı müşahidə edilirdi. Bir milyon insan öz torpağında qaçqın və məcburi köçkün oldu. Həmin vaxt Azərbaycan əhalisinin sayı 8 milyondan bir az çox idi".

İlham Əliyev diqqətə çatdırıb ki, buna görə də Azərbaycan humanitar böhranın nə olduğunu və onun öhdəsindən necə gəlməyi bilir.

Prezidentin sözlərinə görə, həmin Azərbaycan bugünkü Azərbaycandan fərqlənirdi: "O çox kasıb ölkə, yeni müstəqil dövlət idi, iqtisadiyyatı dağıdılmışdı, sənaye tənəzzüldə idi, gələcək üçün heç bir perspektiv yox idi. Əsas vəzifəmiz dövlət, güclü iqtisadiyyat yaratmaq, ölkəni xarici sərmayədarların üzünə açmaq, eləcə də dünya bazar iqtisadiyyatının bir hissəsi olmaqdan ibarətdir. Və bu baş verdi".

İlham Əliyev bildirib ki, hazırda ölkə sabitdir, paralel olaraq aparılan siyasi və iqtisadi islahatları davam etdirir: "Bütün əsas azadlıqlar təmin edilib - fikir azadlığı, toplaşma azadlığı, din azadlığı, kütləvi informasiya vasitələrinin azadlığı. Azərbaycanda internet azaddır, əhalinin 70 faizindən çoxu internet istifadəçisidir. Siyasi azadlıq iqtisadi islahatlarla dəstəklənir".

Prezidentin sözlərinə görə, 2004-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə artan iqtisadiyyat olub: "Ölkə yoxsulluğun səviyyəsini xeyli və işsizliyin səviyyəsini 5 faizədək azalda bildi. Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətli oldu və Davosdakı iqtisadi foruma əsasən, o, rəqabət qabiliyyəti baxımından 40-cı yeri tutur. Sosial infrastruktur layihələri daxil olmaqla xeyli sayda infrastrukur layihələri reallaşdırılıb ki, xalqın həyat səviyyəsi artırılsın və eyni zamanda investisiyalar üçün daha əlverişli şərait yaradılsın".

X X X

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan, ilk növbədə, neft-qaz sektorunda adambaşına düşən birbaşa xarici investisiyaların ən böyük həcmini əldə etmiş ölkələr sırasında olub: "İndi məqsəd investorları qeyri-neft sektoruna cəlb etməkdən ibarətdir. Neft və qazdan asılılığın azaldılması ölkədəki islahatların bir hissəsi olub. Və bu gün islahatlar nəticəsində neft-qaz sektoru ölkə ÜDM-nin 30 faizdən bir qədər çoxunu və büdcə xərclərinin təqribən yarısını təşkil edir. Bununla da məqsəd neft və qazdan asılılığı minimumadək azaltmaqdır".

Prezident qeyd edib ki, Azərbaycan üçün postneft dövrü artıq başlayıb: "İstehsalı azaltdığımıza görə deyil, neftin qiymətlərinin azalmasına görə. Bu, tamamilə yeni vəziyyətdir. Dünyada heç bir ölkə buna hazır deyildi, heç kim təsəvvür edə bilməzdi ki, neftin qiymətlərinin azalmasının belə güclü təsiri olacaq. Və bu, bir il ərzində baş verdi".

İlham Əliyev diqqətə çatdırıb ki, beləliklə, Azərbaycan bunun mənfi nəticələrini azaltmaq üçün çox fəal, çox səmərəli işləməli idi: "Hazırda ölkədə maliyyə vəziyyəti yenidən sabitdir, proqnozlaşdırılandır və büdcə 1 barel neftin qiymətinin 25 dollar səviyyəsinə əsaslanır və bu, bir növ iqtisadi çətinliklərin bütün formasına qarşı zəmanətdir".

Prezidentin sözlərinə görə, Azərbaycanın Dövlət Neft Fondunda əhəmiyyətli ehtiyatları var ki, bu da ölkəyə mövcud vəziyyətdən minimum risklə çıxmağa imkan verir: "Eyni zamanda bu vəziyyət islahatları daha səmərəli aparmağa məcbur edir. Həyata keçirilmiş böyük islahatlar paketi Beynəlxalq Valyuta Fondu tərəfindən dəstəklənir".

Dövlət başçısı əlavə edib: "Biz düzgün yoldayıq. Azərbaycanda hazırda iqtisadiyyatın şaxələndirilməsinə, iqtisadiyyatın inkişafının yeni istiqamətlərinin axtarışına diqqət ayrılır. Onlardan biri Azərbaycanın uzun illər üzərində işlədiyi nəqliyyat infrastrukturudur. Biz gələcəkdə Azərbaycana regionda güclü mövqelərə malik olmağa imkan verəcək nəqliyyat şəbəkəsi tikirik".

Azərbaycan Prezidenti bildirib ki, ölkənin coğrafi mövqeyi çox əlverişlidir, buna görə də dəmir yolları, aeroportlar, dəniz limanı daxil olmaqla nəqliyyat infrastrukturuna investisiyalar Azərbaycana nəqliyyat qovşağına çevrilməyə imkan verir.

Prezident qeyd edib ki, Şərq-Qərb nəqliyyat dəhlizi artıq işləməyə başlayıb.

İlham Əliyev ümid etdiyini bildirib ki, bu il Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yollarının birləşməsi başa çatdırılacaq və bununla da Avropa və Asiyanın yeni, ən qısa nəqliyyat marşrutu olacaq: "Çindən Avropaya ilk konteyner qatarı artıq Azərbaycan ərazisindən keçib, yəni bu, müasir infrastrukturu olan yeni İpək Yoludur. Biz bu marşrutu cəlbedici etmək üçün tərəfdaşlarımıza vahid nəqliyyat tariflərini təklif etmişik".

Dövlət başçısı hazırda ölkənin qonşuları və tərəfdaşları ilə üzərində fəal işin aparıldığı digər nəqliyyat marşrutunu - Pakistan, Hindistan, İran, Azərbaycan və Rusiyadan yükləri Şimali Avropaya nəql etməyə imkan verəcək Şimal-Cənub nəqliyyat marşrutunu qeyd edib: "Azərbaycan müasir infrastruktura sərmayə qoyur və ümid edirəm ki, yaxın vaxtlarda bu marşrut işə düşəcək. Beləliklə, bütün bu marşrutlar ərazimizdən keçir və bu, ölkəmizin geosiyasi əhəmiyyətini artırır, gələcəkdə inkişaf məqsədilə istifadə edəcəyimiz əlavə gəlir yaradır".

İlham Əliyev qeyd edib ki, enerji sektoru Azərbaycan üçün çox əhəmiyyətli olaraq qalır və bu sahə hazırda enerji təhlükəsizliyi üçün daha önəmlidir.

Prezident xatırladıb ki, ötən ayın sonunda - fevralın 29-da Bakıda XXI əsrin layihəsi adlandırılan "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ikinci iclası keçirilib: "Azərbaycanın təşəbbüs göstərdiyi bu meqalayihə Avropada ən iri infrastruktur və enerji layihələrindən biridir və Azərbaycan bu layihədə təşəbbüskar, təşkilatçı və investor qismində qabaqcıl rol oynayır".

İlham Əliyev bildirib ki, layihə 45 milyard dollar məbləğində investisiyanı nəzərdə tutur: "Biz şirkət və ölkələrin güclü komandasını yaratdıq və bu Məşvərət Şurasının məqsədi səylərimizi əlaqələndirmək və bu layihənin reallaşdırılması məqsədlərinə nail olmaqdır. Bu layihə mərhələli şəkildə həyata keçiriləcək".

Azərbaycan Prezidenti əlavə edib ki, "Cənub Qaz Dəhlizi" 4 elementdən ibarət layihədir: Azərbaycanın yeni, iri qaz yatağından qazın hasilatı, Bakını İtaliya ilə 3500 kilometrlik boru kəməri ilə birləşdirməyə imkan verəcək 3 inteqrasiya edilmiş qaz kəməri: "Əlbəttə ki, bu, böyük investisiyalardır, eyni zamanda layihəyə koordinasiya lazımdır".

Dövlət başçısı deyib ki, fevralın 29-da 11 ölkə və Avropa Komissiyasının imzaladığı bəyannamədə Azərbaycanın "Cənub Qaz Dəhlizi"nin reallaşdırılmasına kömək edən əsas oyunçu qismində strateji rolu qeyd olunur: "Biz həqiqətən də ölkələrin komandasını yaratdıq. Mən boru kəməri marşrutunun keçəcəyi ölkələrin adlarını sıra ilə çəkəcəyəm: Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya - "Cənub Qaz Dəhlizi" layihəsinin üzvləri".

Azərbaycan Prezidenti qeyd edib ki, bəyannaməni Xorvatiya və Monteneqro da imzalayıb. İlham Əliyev əmin olduğunu bildirib ki, bu iki ölkə yaxın illərdə komandaya qoşulacaq: "Bundan başqa, ABŞ və Böyük Britaniyanın hökumət nümayəndələri və Avropa Komissiyasının vitse-prezidenti sənədə imza atıblar. Bununla da 12 imza həqiqətdə göstərir ki, "Cənub Qaz Dəhlizi" artıq reallıqdır".

Prezidentin sözlərinə görə, bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi, azad rəqabət layihəsidir: "Düşünürəm ki, bu, enerji layihələrinin necə reallaşdırılmalı olduğuna nümunədir və əsas vəzifəmiz bu layihəni reallaşdırmaq və ona kommersiya məqsədilə yanaşmaqdır. Bəzən enerji təhlükəsizliyi ilə bağlı məsələlər həddən artıq siyasiləşdirilir və biz buna qarşıyıq. Siyasət və energetika ayrılmalıdır. Energetika siyasi alət qismində istifadə olunmamalıdır. Eyni zamanda biznesin inkişafına qarışan siyasi alətlər bəzən çətinliklər yaradır"

Dövlət başçısı deyib ki, bu layihə sonrakı onilliklərdə Azərbaycana təbii resurslarını ixrac etməyə, bazarları şaxələndirməyə imkan verəcək. Prezidentin sözlərinə görə, Avropa üçün bu layihə ona lazım olacaq əlavə qaz mənbəyi deməkdir.

İlham Əliyev əlavə edib ki, hamıya, o cümlədən Azərbaycana Avropa istehlakçılarının tələbatı lazımdır: "Hazırda dünyada iqtisadi çətinliklər müşahidə olunur, lakin bu, müvəqqəti haldır. Neftin qiymətləri belə aşağı səviyyədə qalmayacaq. İqtisadi artım aktivlik yaradacaq, Avropada təbii qaza tələbat yalnız artacaq. Hamı üçün kifayət qədər məkan olacaq. Düşünürəm ki, istehsalçılar lazımsız rəqabətdən yayınmaq üçün səylərini əlaqələndirməlidirlər. Çünki istehsalçıların öz məqsədləri, istehlakçıların da öz məqsədləri var və fikrimcə, "Cənub Qaz Dəhlizi" layihəsində istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında balans yarada biləcəyik. Bu, uduşlu vəziyyətdir, buna görə də layihə uğurla inkişaf edir. Belə irimiqyaslı layihənin bu qədər iştirakçı sayı ilə qısa müddət ərzində, neftin qiymətinin azaldığı və milyardlarla dolların xərclənməsinə ehtiyac olduğu dövrdə reallaşdırılması ciddi vəzifədir".

Dövlət başçısı qeyd edib ki, enerji təhlükəsizliyi, şübhəsiz ki, siyasi gündəmdə dominantlıq edəcək.

Azərbaycan Prezidenti bildirib ki, "Cənub Qaz Dəhlizi" enerji ilə siyasəti ayırmaqla uğura nail ola bilməyin nümunəsidir.

Prezident qeyd edib ki, bu il Azərbaycanda "Multikulturalizm ili"dir: "Müxtəlif millətdən, etnik kökəndən, dindən olan insanlar uzun əsrlər boyu Azərbaycanda dinc şəraitdə və şərəf hissi ilə yaşayıblar və biz bununla fəxr edirik. Fəxr edirik ki, müstəqillik illərində bu müsbət tendensiyalar yalnız güclü oldu. Multikulturalizm, dini tolerantlıq Azərbaycanda dövlət siyasətidir. Eyni zamanda bu, cəmiyyətin əhvali-ruhiyyəsində əks olunub. Bu vacibdir, çünki Azərbaycanda bu məsələ üzrə dövlət siyasəti və cəmiyyətin əhvali-ruhiyyəsi heç nə ilə fərqlənmir".

Dövlət başçısı bildirib: "2008-ci ildə "Bakı prosesi"nə başladıq. Həmin vaxt Avropa Şurası ölkələrinin mədəniyyət nazirlərinin görüşündə ilk dəfə iştirak etmək üçün İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərini dəvət etdik. Bu alındı və "Bakı prosesi" reallığa çevrildi. Azərbaycanda xeyli sayda tədbir təşkil edərək multikulturalizm dəyərlərini irəli apardıq - Dini Liderlərin Ümumdünya Sammiti, Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu. Bu ilin aprelində isə ölkəmizdə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək".

İlham Əliyevin sözlərinə görə, bu sahədə Azərbaycanın təcrübəsi aparıcı beynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib və bu onu göstərir ki, multikulturalizm yaşayır, onun gələcəyi var: "Hesab edirəm ki, siyasətçilər, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri daxil olmaqla, ictimai rəyə təsir edə bilənlər daha məsuliyyətli olmalıdırlar. Və düşünürəm ki, kütləvi informasiya vasitələri bu baxımdan daha müsbət rol oynamalıdırlar, çünki təəssüf ki, xəbərlərdə gördüyümüz əsasən qarşıdurma, qaçqın böhranı mənzələridir və bu, yalnız yadlaşmaya gətirib çıxarır. Özümüzə yadlaşmaq imkanı verə bilmərik, çünki dediyim kimi, hamımız qarşılıqlı şəkildə əlaqəliyik, bir planetdə yaşayırıq və gördüyümüz kimi, Avropa və Yaxın Şərq arasında məsafə böyük deyil. Bu, böyük olsa belə, insanları sığınacaq tapmaq və ya öz həyatını, yaxud ailə üzvlərinin həyatını xilas etmək cəhdlərindən dayandırmır. Buna görə də hesab edirəm ki, multikulturalizmin müsbət nümunələrinə diqqət ayırmaq, bu dəyərlərin irəliləməsi hamımıza kömək edəcək. Çünki heç bir ölkə, heç bir millət gələcəkdə təcrid vəziyyətində yaşaya bilməz. Biz hamımız qarşılıqlı şəkildə əlaqəliyik. Dünya ölkələrinin mütləq çoxluğu çoxmillətli, multikonfessional əhaliyə malikdir və biz bununla fəxr etməliyik".

Prezident xatırladıb ki, ötən ay Azərbaycanda yenidənqurma və təmir işlərindən sonra müsəlman dünyasının müqəddəs yerlərindən biri, Gəncədə, Nizami Gəncəvinin vətənində olan "İmamzadə" dini-tarixi kompleksinin açılışı oldu: "Azərbaycan xalqı bu abidəni səkkizinci əsrdən qoruyub".

Dövlət başçısı qeyd edib ki, yeni məscidin tikildiyi kompleksin açılışı olub: "Açılış mərasiminə Azərbaycanın bütün bölgələrindən nümayəndələr və dövlət başçısı ilə yanaşı, ənənəvi dinlərin liderləri - Azərbaycanda Rus pravoslav kilsəsinin başçısı, yəhudi icmasının sədri və Katolik kilsəsinin rəhbəri dəvət olunub.

İlham Əliyevin sözlərinə görə, onlar təkcə açılışda iştirak etmədilər, həm də auditoriya qarşısında çıxış etdilər: "Sonra biz yeni tikilmiş məscidə keçdik. Bax bu, ölkəmizdə belə baş verir. Bu, cəmiyyətimizə, xalqımıza, dünyaya ismarıc idi".

Azərbaycan Prezidenti bildirib ki, bir neçə ay əvvəl şiələr və sünnilər ölkənin ən böyük məscidində birlikdə dua ediblər və bu, öz növbəsində, ölkədə dini bərabərliklə bağlı real vəziyyətin göstəricisidir. Dövlət başçısı deyib ki, bu baxımdan ölkədə müsəlman icmasında və ümumiyyətlə, cəmiyyətdə fərq qoyulmur.

Prezident deyib ki, bu, Azərbaycanın reallığıdır və güman ki, ölkənin ən böyük dəyərlərindən biridir, uğurlu inkişafın əsas təminatıdır, çünki bu konsensus, birlik olmadan uğur qazanmaq olmaz: "Böyük uğur qazanmaq, yalnız dostluğun, multikulturalizmin ümumi dəyərləri əsasında ölkəmizi modernləşdirməyi davam etdirmək istəyirik".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan I Avropa Oyunlarını, 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsini keçirdi, Bakı İslam mədəniyyətinin paytaxtı elan edildi, gələn il isə ölkədə İslam Həmrəyliyi Oyunları keçiriləcək: "Azərbaycan Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, mədəniyyətlər, ənənələr, dinlər arasında körpüdür və bu, ölkənin məsuliyyətidir. Biz ölkəmizin uğurlu inkişafını, eləcə də regionda daha sabit, proqnozlaşdırılan vəziyyəti təmin etmək üçün bu rolu üzərimizə götürdük. Əminəm ki, proqramın vacib mövzularının müzakirəsi regionda, eləcə də dünyada müsbət inkişafa əhəmiyyətli dərəcədə xidmət edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti