...

Diaspor rəhbəri: Ermənilər din amilindən siyasi alət kimi istifadə edirlər (MÜSAHİBƏ) (FOTO)

Siyasət Materials 9 İyun 2016 11:33 (UTC +04:00)
Almaniyanın Saksoniya-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Cəmiyyətinin sədri Yaşar Niftəliyevin Trend-ə müsahibəsi
Diaspor rəhbəri: Ermənilər din amilindən siyasi alət kimi istifadə edirlər (MÜSAHİBƏ) (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Almaniyanın Saksoniya-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Cəmiyyətinin sədri Yaşar Niftəliyevin Trend-ə müsahibəsi

- Saksoniya-Anhalt əyalətində nə qədər azərbaycanlı yaşayır və əsasən, hansı sahələrdə fəaliyyət göstərirlər?

- Saksoniya-Anhalt əyalətində 300-ə qədər azərbaycanlı ailə yaşayır. Onlar şəhər meriyasında, idman, biznes və digər sahələrdə fəaliyyət göstərirlər, ölkəmizi layiqincə təmsil edirlər. Artıq orada yaşayan azərbaycanlılar Almaniya cəmiyyətinə inteqrasiya olunublar. Orada bizim gənc nəsilmiz yetişir. Onlar alman məktəblərində, universitetlərində təhsil alır. Yeni nəsil həm Almaniyada partiyalara üzv olacaqlar, həm də dövlət və qeyri-dövlət qurumlarında fəaliyyət göstərəcəklər. Bütün bunlar, əlbəttə ki, bizim diasporumuzu daha güclü edəcək. Yaxın 10 ildə biz bunun bəhrəsini görəcəyik. Gələcək nəsillərimiz daha səmərəli fəaliyyət göstərəcəklər, ölkəmizi daha yaxşı təbliğ edəcəklər.

- Almaniyada fəaliyyət göstərən digər diaspor təşkilatları ilə fəaliyyətiniz necə koordinasiya olunur?

- Berlində azərbaycanlıların koordinasiya mərkəzi var. Koordinasiya işləri həm Azərbaycanın Disaporla İş üzrə Dövlət Komitəsi tərəfindən, həm də Azərbaycan səfirliyi tərəfindən təşkil olunur. Almaniyada fəaliyyət göstərən digər Azərbaycan diaspor təşkilatları ilə sıx fəaliyyət göstəririk, bir-birimizə həmişə dəstək veririk, ermənilərin Azərbaycan torpaqlarını işğal etməsinə qarşı çıxışlar edirik, mitinqlər keçiririk. Bizim Almaniyadakı diasporumuz artıq formalaşma dövrünü keçib. Biz artıq nəticələr dövründəyik. Deyə bilərəm ki, Almaniyadakı diasporumuz səmərəli fəaliyyət göstərir.

Eyni zamanda Almaniya mətbuatı ilə sıx əlaqələr qurmağa çalışırıq. Çünki ermənilərin Azərbaycan haqqında formalaşdırmaq istədiyi yanlış fikirlərin qarşısını almalıyıq, dünya ictimaiyyətinə həqiqəti çatdırmalıyıq. Əlbəttə, mətbuatla əlaqələr qumaqda müəyyən maneələr olur. Buna baxmayaraq, gec də olsa məqsədimizə nail ola bilirik. Zaxhsen-Anhalt əyalətində fəaliyyət göstərən kütləvi informasiya vasitələri ilə əlaqələr qura bilmişik, Azərbaycan, Dağlıq Qarabağ haqqında məqalələr nəşr etdirə bilirik.

- Diaspor sahəsində hansı problemlər mövcuddur, fəaliyyətinizə mane olan amillər hansılardır?

- Deyə bilmərəm ki, elə ciddi problemlərimiz var. Ancaq təbii ki, fəaliyyətimizdə müəyyən maneələrlə rastlaşırıq. Xüsusilə Ermənistana qarşı fəaliyyət göstərəndə maneələrlə qarşılaşırıq. Bu da erməni diasporunun həmişə olduğu kimi yalan danışması ilə bağlıdır. Ermənilər din amilindən də siyasi alət kimi istifadə edirlər. Əlbəttə, Almaniya da xristian dövləti olduğu üçün orada ermənilərə daha tez inanırlar. Amma Almaniyada Azərbaycan diasporu ermənilərdən xeyli güclüdür. Digər ölkələrdə deyə bilmərəm, lakin Almaniyada biz ermənilərdən güclüyük. Biz Almaniyadakı türk diasporu ilə də sıx əməkdaşlıq edirik. Buna görə, orada ermənilər bizə elə də çətinlik yarada bilmirlər.

- Bəs Almaniyada yaşayan yeni nəslimizin vətənpərvər ruhda böyüməsi, milli adət-ənənələrimizi, dilimizi mənimsəməsi istiqamətində hansı işlər görürsünüz? Təbii ki, bu da ölkəmiz üçün vacib məsələdir.

- Tamamilə haqlısınız. Əlbəttə, biz bu məsələyə daim diqqət yetiririk. Öz övladlarımızı vətənpərvərlik ruhunda böyüdürük, çünki hər şey biz valideynlərdən asılıdır, biz onları necə tərbiyə etsək, elə olacaq. Hər şey ailədən başlayır.

Biz övladlarımızı vətənpərvərlik ruhunda böyütməklə yanaşı, onların bilik və bacarıqlarının artmasına da şərait yaratmalıyıq.

Elə götürürəm öz ailəmi. Mən evdə həm Azərbaycan dilində, həm də digər dillərdə danışıram. Misal üçün, bir müddət Azərbaycan dilində, bir müddət fransız, bir müddət ingilis, bir müddət də alman dilində danışıram. Mən belə müəyyən etmişəm. Əlbəttə ki, üstünlüyü ana dilinə verirəm. Amma qoy uşaqlar alman, ingilis, fransz dillərini də öyrənsinlər. Bu həm uşaqların, həm də Azərbaycanın gələcəyi üçün yaxşıdır. Bəlkə kimsə məni qınayar ki, yox, evdə ancaq Azərbaycan dilində danışmaq lazımdır - bu, düzgün deyil. Uşaqlar digər dilləri də bilməlidirlər ki, gələcəkdə ölkəmiz naminə daha yaxşı fəaliyyət göstərsinlər.

Diaspor təşkilatlarının da burada rolu var. Xaricdə yaşayan azərbaycanlıların ailə toplantıları daha çox keçirilməlidir. Əlbəttə ki, Novruz bayramı, Həmrəylik Günü, Respublika Günü və digər bayramlarda toplaşırıq, bayramlarımızı milli adət-ənənələrimizə uyğun qeyd edirik, uşaqlarımız da bunu görür, adət-ənənələrimizi mənimsəyir. Amma ailə topalntılarının sayı çox olsa, daha yaxşı olar. Çünki belə toplantılar zamanı uşaqlar bir-birini tanıyırlar, adət-ənənələrimizlə daha yaxından tanış olurlar, onlarda Vətənə daha çox sevgi yaranır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti