...

Prezidentlərin üçtərəfli görüşü regiona nə vəd edir?

Siyasət Materials 5 Avqust 2016 17:24 (UTC +04:00)
Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda keçiriləcək görüşü regional təhlükəsizlik baxımından çox mühüm əhəmiyyət kəsb edən bir görüş olacaq.
Prezidentlərin üçtərəfli görüşü regiona nə vəd edir?

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda keçiriləcək üçtərəfli görüşü regional təhlükəsizlik baxımından çox mühüm əhəmiyyət kəsb edən bir görüş olacaq. Bunu Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini, politoloq Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, bu, iqtisadi, siyasi və hərbi məsələləri əhatə edən bir görüşə çevriləcək.

Politoloq qeyd edib ki, görüşdə aparılacaq müzakirələrdə hər bir dövlətin öz maraqları var: “Rusiya-Azərbaycan, eyni zamanda, Azərbaycan-İran, Rusiya-İran münasibətləri konteksindən baxdıqda, əsas məsələ "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması və bundan hər bir dövlətin iqtisadi divident götürməsidir. Məlumdur ki, həmin dəhliz Avropa ilə Hindistanı və Çini birləşdirir. İqtisadi baxımdan Rusiyaya qarşı tətbiq olunan sanksiyaların təsirindən çıxmaq üçün ən mühüm yollardan biri məhz budur. İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasından sonra ölkədə bir sıra layihələr həyata keçirilir. Bu layihələrin həyata keçirilməsində "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti böyükdür. Azərbaycan isə bu dəhlizin vacib bir hissəsində yerləşir. Bir neçə dövlətin ərazisindən keçən bu dəhliz Azərbaycan üçün də bir tranzit ölkə kimi böyük dividentlər gətirə bilər”.

A.Nağıyev həmçinin bildirib ki, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən Dağlıq Qarabağ münaqişəsinin həlli baxmından da bu görüşün əhəmiyyəti böyükdür: “İran böyük dövlətdir və bizim qonşumuzdur. İran öz iqtisadi maraqlarını həyata keçirmək üçün regional təhlükəsiziliyin təmin olunmasında maraqlı olmalıdır. Regional təhlükəsizlik üçün də ilk növbədə Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir”.

Politoloq əlavə edib ki, Azərbaycan ilə İran arasında həll edilməmiş bir sıra məsələlər də var: “Həll edilməmiş Xəzər dənizi məsələsi var. Eyni zamanda, əvvəllər razılaşdırılmış iki ölkə arasında körpünün tikintisi, dəmir yolunun çəkilişi, Xudafərin və Qız Qalası su elektrik stansiyalarının tikintisi iqtisadi baxımdan çox mühüm məsələlərdir və görüş zamanı bu məsələlərin həlli istiqamətində müəyyən addımlar atıla bilər”.

Rusiya-Azərbaycan münasibətlərinə gəldikdə isə A.Nağıyev hesab edir ki, Rusiya Dağlıq Qarabağ məsələsinin həlli üçün Ermənistana təsir edə bilər və bu təsirin nəticəsində regional təhlükəsizliyə təhdid olan Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən addımlar atmaq olar: “Yəni bu görüşün formatından istifadə edərək hər bir dövlət həm regional təhlükəsizlik məsələsini, eyni zamanda, özlərinin prioritet istiqamətləri olan iqtisadi və siyasi məsələləri həll edə bilərlər. Bir sözlə, hər bir dövlət bu görüşdən özləri üçün mühüm dividentlər əldə edə bilərlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti