...

Prezident İlham Əliyev: Əldə edilmiş razılaşmalar birliyimizi, əməkdaşlığımızı daha da gücləndirəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 7 Avqust 2016 15:08 (UTC +04:00)
Bu gün sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev: Əldə edilmiş razılaşmalar birliyimizi, əməkdaşlığımızı daha da gücləndirəcək (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Bu gün sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, əldə edilmiş razılaşmalar bizim birliyimizi, əməkdaşlığımızı daha da gücləndirəcək.

Prezident İlham Əliyev deyib ki, bizi əsrlər boyu birləşdirən tarix, mədəniyyət, din ümumi böyük sərvətimizdir: "Biz ikitərəfli əlaqələrimizi möhkəm zəmin üzərində qururuq və mən çox şadam ki, artıq 25 ilə yaxındır Azərbaycan-İran dövlətlərarası əlaqələr uğurla inkişaf edir".

Prezident İlham Əliyev sonra deyib: "Hörmətli cənab prezident, hörmətli qonaqlar, mən sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Şadam ki, səfər çox uğurlu keçir və bu gün apardığımız danışıqlar və imzalanmış sənədlər əminəm ki, İran-Azərbaycan əlaqələrinin gələcək inkişafını təmin edəcək. Əsrlər boyu xalqlarımız bir yerdə, yanbayan, mehriban, dostluq və qonşuluq şəraitində yaşayırlar".

Dövlət başçısı qeyd edib: "İnkişafın son dövrü xüsusilə əhəmiyyətlidir, çünki son bir neçə il ərzində Azərbaycan-İran əlaqələrinin inkişafında çox böyük irəliləyiş var. Cənab prezident, biz sizinlə son bir neçə il ərzində dəfələrlə görüşmüşük, qarşılıqlı rəsmi səfərlərin təşkili də bu istiqamətdə atılan çox önəmli addımlardır. Mən bu ilin fevral ayında İran İslam Respublikasında rəsmi səfərdə idim, bu gün siz birim qonağımızsınız. Bu özlüyündə bir göstəricidir. Onu göstərir ki, əlaqələr çox sürətlə, dinamik şəkildə inkişaf edir və yaxşı nəticələr var. Mənim İran İslam Respublikasında rəsmi səfərim çərçivəsində 10-dan çox sənəd imzalanıb. 6 ay keçməmiş indi yenə 6 sənəd imzalandı və bu sənədlər gələcək fəaliyyətimiz üçün çox böyük əhəmiyyət daşıyır. İranda fevral ayında imzalanmış sənədlərin, razılaşmaların icrası təmin edilir. Bu gün də həm təkbətək görüşdə, həm nümayəndə heyətlərinin iştirakı ilə keçirdiyimiz görüşdə ikitərəfli əlaqələrimizin demək olar ki, bütün sahələri müzakirə edildi və müzakirələr çox konstruktiv şəkildə aparıldı. Əminəm ki, əldə edilmiş razılaşmalar bizim birliyimizi, əməkdaşlığımızı daha da gücləndirəcək. Biz beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirik, bütün üzv olduğumuz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlarda daim sıx əməkdaşlıq edirik. Azərbaycan həmişə İrana qarşı tətbiq olunan sanksiyaların əleyhinə olub, öz mövqeyini açıq şəkildə ifadə edib. Biz çox şadıq ki, bu sanksiyalar aradan qaldırılıb və beləliklə əməkdaşlıq üçün yeni imkanlar yaranıb".

Prezident İlham Əliyev vurğulayıb ki, İran tərəfi həmişə Azərbaycanın ərazi bütövlüyünə böyük hörmətlə yanaşır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir: "Bu dəstək həm BMT, həm İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində özünü biruzə verir. Bu il İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə qəbul edilmiş bəyannamə bir daha münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edir və İran dövlətinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndiririk. Mən bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyəti Prezident Həsən Ruhaniyə bildirdim. Bildiyiniz kimi, uzun illərdir ki, Azərbaycan torpaqları işğal altındadır. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır və bu gün nəinki Dağlıq Qarabağ, onun ətrafında yerləşən 7 rayon işğal altındadır. Azərbaycan əhalisi bu bölgələrdən zorla çıxarılıb. Bizim tarixi abidələrimiz, o cümlədən, məscidlərimiz ermənilər tərəfindən dağıdılıb. Torpaqlarımızın 20 faizi işğal altındadır və bu işğal davam edir. Münaqişənin həlli yolları da aydındır. Azərbaycanın ərazi bütövlüyünü pozan erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Necə ki, bunu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi tələb edir".

Dövlət başçısı sonra deyib ki, bu il İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə Ermənistanın Azərbaycana qarşı aprel ayındakı aqressiyası pislənildi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradılıb: "Bu ilin aprel ayında erməni silahlı qüvvələri Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdilər. Bu təxribat nəticəsində bizim hərbçilərimiz həlak olub. 6 mülki şəxs həlak olub, 20-dən çox mülki vətəndaş xəsarət alıb, 600-dən çox ev ziyan çəkib, 100-dən çox ev isə tamamilə dağıdılıb. Azərbaycan məcbur olub vətəndaşlarını, torpaqlarını qorumaq üçün lazımi addımlar atdı və bu addımlar çox təsirli oldu. Münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Mən bu gün Prezident Həsən Ruhaniyə danışıqların son vəziyyəti haqqında geniş məlumat vermişəm".

Sonra Prezident İlham Əliyev bildirib: "Çox şadam ki, bizim iqtisadi əlaqələrimiz uğurla inkişaf edir. Bu gün geniş tərkibdəki görüşdə məlumat verildi ki, bu il ticarət dövriyyəsi 66 faiz artıb. Bu çox yaxşı göstəricidir. Nəzərə alsaq ki, bu gün dünyada hələ ki iqtisadi, maliyyə böhranı davam edir, bu şəraitdə bu nailiyyəti əldə etmək üçün hesab edirəm ki, böyük səylər qoyulmalı idi və qoyuldu. Hökumətlərarası birgə komissiya çox uğurla, fəal işləyir və iqtisadi sahədə gələcək əməkdaşlıq haqqında bu gün geniş fikir mübadiləsi aparılıb. Şadam ki, səfər ərəfəsində dünən Neftçala şəhərində İran Xodro şirkətinin istehsal edəcəyi avtomobil zavodunun təməl daşı qoyuldu. Bu da əməkdaşlığımızın çox yaxşı nümunəsidir. Hər il 10 mindən çox avtomobil istehsal ediləcək və bu, əməkdaşlığın yeni formasıdır, bu vaxta qədər belə bir əməkdaşlıq olmayıb".

Dövlət başçısı deyib ki, bu gün digər sahələrdə də birgə fəaliyyət haqqında geniş fikir mübadiləsi aparılıb, xüsusilə yaxın zamanlarda Azərbaycanda İran texnologiyası ilə çalışacaq əczaçılıq zavodunun tikintisi də nəzərdə tutulur: "Əlbəttə, bu gün energetika və nəqliyyat problemlərinin həlli üçün yeni imkanlar açılır. Şadam ki, İmişli-Parsabad xətti birləşdi. Bu xətt həm iki ölkə arasındakı əlaqələrə və regional əməkdaşlığa çox müsbət təsir göstərəcək. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması istiqamətində də çox önəmli addımlar atılıb. Keçən il İrandan qayıdandan sonra fevral ayında mən müvafiq göstərişlər vermişəm, onlar icra edilir və bu ilin sonuna qədər söz verdiyim kimi Azərbaycan öz dəmir yolunu İran sərhəddinə qədər uzadacaq. Bununla bərabər bu il İran və Azərbaycan rəsmilərinin iştirakı ilə Astaraçay üzərində körpünün tikintisi artıq başlayıb və işlərin böyük hissəsi artıq görülüb. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin icrasını sürətləndirmək üçün bu gün memorandum imzalanıb və Azərbaycan tərəfi bu layihənin gələcək maliyyələşməsində iştirak etmək arzusundadır. Onu da bildirməliyəm ki, bu məsələ, eyni zamanda, energetika ilə bağlı olan məsələlər sabah İran, Rusiya, Azərbaycan prezidentlərinin birinci zirvə görüşündə də müzakirə olunacaq. Onu da qeyd etməliyəm ki, bu üçtərəfli format yeni bir təşəbbüsdür və çox önəmli bir addımdır. Təbii ki, bu formatın əsasında ikitərəfli əlaqələr dayanır. Azərbaycanın İranla və Rusiya ilə çox yaxşı münasibətləri var".

Prezident İlham Əliyev sonra bildirib ki, Rusiya-İran əlaqələri də çox yaxşı səviyyədədir: "Ona görə bu üçtərəfli əməkdaşlıq formatının yaradılması təbiidir. Bunun əsasında həm tarix, çoğrafiya, eyni zamanda, bizim müştərək layihələrimiz dayanır. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi təkcə ölkələrimiz üçün deyil, qitələr üçün böyük əhəmiyyət daşıyan layihədir və sabah bu layihənin gələcək icrası ilə bağlı çox önəmli addımlar atılacaq. İkitərəfli formata gəldikdə isə geniş spektr məsələlər müzakirə olundu. Turizm sahəsində çox yaxşı perspektivlər var. Artıq İran vətəndaşları Azərbaycana sadələşdirilmiş viza rejmi əsasında gələ bilərlər və Naxçıvan-Təbriz-Məşhəd dəmir yolu açılır, hava nəqliyyatı istiqamətində çox yaxşı mənzərə müşahidə olunur, uşuşların sayı artır".

Dövlət başçısı həmçinin qeyd edib ki, ekologiya, Xəzər dənizinin məsələləri də müzakirə olundu: "Bütün müzakirə olunan məsələlərlə bağlı heç bir fikir ayrılığı yoxdur. Bizim əsas istəyimiz Azərbaycan-İran əlaqələrini inkişaf etdirmək, xalqlarımızın maraqlarını müdafiə və təmin etmək, siyasi, iqtisadi, humanitar əlaqələrimizi möhkəmləndirməkdir. Cənab Prezident Həsən Ruhaninin Azərbaycana bugünki səfəri bu istiqamətdə atılan çox önəmli addımdır. Mən bir daha yenidən Azərbaycana səfər etdiyiniz üçün sizə minnətdaram, sizə və qardaş İran xalqına yeni uğurlar arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti