...

Siyavuş Novruzov "GÜNDƏMİN TRENDİ"ndə Konstitusiyaya dəyişikliklərdən və Gülən hərəkatının Azərbaycana təsirindən danışdı (VİDEO)

Siyasət Materials 26 Avqust 2016 12:43 (UTC +04:00)
"GÜNDƏMİN TRENDİ" verilişində layihə müəllifi Emil Hüseynli hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat SİYAVUŞ NOVRUZOVLA bu və ya digər məsələlərə aydınlıq gətirib.
Siyavuş Novruzov "GÜNDƏMİN TRENDİ"ndə Konstitusiyaya dəyişikliklərdən və Gülən hərəkatının Azərbaycana təsirindən danışdı (VİDEO)

Bakı. Trend:

1. Siyavuş müəllim, Konstitusiyaya dəyişikliklər hansı zərurətdən yarandı?

2. Konstitusiyaya ümumi dəyişikliklərin təqribən 60%-dən çoxu insan haqları və azadlıqların genişləndirilməsi ilə bağlıdır. Ancaq bəzi qüvvələr bunu görməzlikdən gələrək müzakirə etmirlər...

3. Vitse-prezidentlik ölkənin Konstitusion sistemində yeni institut olacaq. Bu institutun yaradılması ölkəyə hansı dəyişikliklər gətirəcək?

4. Vitse-prezidentliyə kimlərin şansları daha yüksəkdir. Artıq mətbuatda bununla bağlı adlar çəkilir.

5. Bəzən belə fikirlər səsləndirilir ki, Konstitusiyaya dəyişikliklər Parlamentin səlahiyyətlərini məhdudlaşdıracaq. Bu, nə dərəcədə doğru yanaşmadır?

6. Siyavuş müəllim, son dönəmlərdə Azərbaycanda aktual olan daha bir məsələyə - Fətullah Gülən şəbəkəsinin ölkəmizlə bağlı fəaliyyətinə toxunmaq istərdim. Azərbaycanda sözügedən məsələ niyə bu qədər geniş müzakirə olunur?

7. Hüquq-mühafizə orqanları tərəfindən artıq Gülən hərəkatı ilə bağlı cinayət işi açılıb və AXCP-də Gülən hərəkatına işləyən insanlar üzə çıxıb...

8. Sizcə, Azərbaycan hakimiyyətində Gülənə bağlı şəxslərin olması haqqında yayılan məlumatlar doğrudur?

"GÜNDƏMİN TRENDİ" verilişində layihə müəllifi Emil Hüseynli hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat SİYAVUŞ NOVRUZOVLA bu və ya digər məsələlərə aydınlıq gətirib.

SİTATLAR:

S.Novruzov bildirib ki, Konstitusiyaya əlavə və dəyişikliklər zərurətdən irəli gəlir: “Bu dəyişikliklərin çox böyük hissəsi insan hüquq və azadlıqları ilə bağlıdır. Digər tərəfdən, dövlət idarəçilik aparatının təkmilləşdirilməsi üçün Konstitusiyaya dəyişikliklərin zərurəti yarandı. Azərbaycan sosial dövlətdir. Sosial dövlət olduğu üçün sosial ədalət prinsipi əsas prinsiplərdən biridir. Sosial ədalət prinsipinin həyata keçirilməsi üçün çevik idarəçilik sisteminin daha da təkmilləşdirilməsi zərurəti ortaya çıxıb. Həmçinin, insan hüquq və azadlıqlarını məhdudlaşdıran yaş zenzinin aradan qaldırılması vətəndaşlarımızın özlərinin sərbəst seçib-seçilmək hüququnu sərbəst şəkildə həyata keçirməsinə imkan yaradacaq. 18 yaşına çatmış bir insanın istənilən bir məsələyə münasibət bildirməsinə məhdudiyyətin qoyulması tarazlığın pozulmasına gətirib çıxarırdı. Azərbaycanda 5 milyona yaxın seçici var. 3 milyona yaxını 35 yaşa qədər olan vətəndaşlardır. Yəni, 3 milyona yaxın insana digər rəhbər vəzifələrə seçib, seçilmək hüququ veriləcək”.

YAP rəsmisi bildirib ki, bəzi qüvvələr Konstitusiyanı qərəzli şərh edirlər: “Həmin qüvvələrin hüquqşünasları əlavə və dəyişikliklərdə doğru olmayan hər hansı məqamlarla bağlı tutarlı hüquqi fakt ortaya qoya bilməyiblər.

S.Novruzov Azərbaycanda vitse-prezidentlik institutunun yaradılmasını zəruri hesab edir: “Azərbaycan yerləşdiyi coğrafi məkan bütün dünya ölkələri ilə əlaqə qurulması üçün vacib strateji əhəmiyyətli nöqtədir. Bu baxımdan Azərbaycanın təmsilçiliyi məsələsi çox aktuallaşıb. Keçmişdə 10 ilə görülən işlər indi bir neçə aya, bir neçə günə görülür. Dünya operativ idarəetmə sisteminə keçib. Vitse-prezidentlik institutunun yaradılması cənab Prezidentin həyata keçirdiyi islahatların daha da surətləndirilməsinə imkan verəcək.

Vitse-prezidentlik institutu təmsilçilik baxımından yüksək instansiya hesab olunur. İdarəçilik sistemi getdikcə genişlənir. Hər hansı beynəlxalq konfranslarda, tədbirlərdə Azərbaycanın təmsil olunması, bunun hamısını cənab Prezidentin çatdırması çətin məsələdir. Elə tədbirlər var ki, orada Azərbaycanı vitse-prezidentlər təmsil etməlidir, o cümlədən, daxildə olan idarəçilik sistemində operativ idarəçiliyin həyata keçirilməsi üçün bu institut yaradılmalıdır. Yəni, dünyada idarəetmə sistemi daha operativləşdiyindən vitse-prezidentlik institutunun yaradılmasına ehtiyac var. Vitse-prezidentlik institutunun yaradılmasından sonra Azərbaycanın ali icra orqanlarında struktur dəyişiklikləri olacağı gözləniləndir.

Azərbaycanda kimlərin vitse-prezidentliyə şanslı olmasına gəlincə, bu səlahiyyət cənab Prezidentə aiddir. Cənab Prezident kimi məsləhət, layiq biləcəksə, təbii ki, o şəxslər də vitse-prezident kimi fəaliyyət göstərəcək”.

“Konstitusiya dəyişiklikləri Parlamentin səlahiyyətlərini məhdudlaşdırmayacaq”

S.Novruzov deyib ki, Yeni Konstitusiya dəyişiklikləri Parlamentin fəaliyyətini, səlahiyyətlərini məhdudlaşdırmayacaq: “Parlamentin səlahiyyətləri olduğu kimi qalır. Prezidentə impiçmentdən tutmuş, hökumətlərin hesabatları, Baş nazirin təsdiqi, büdcənin təsdiqi və ona nəzarət, Ombudsmanın təsdiqi və digər məsələlər Azərbaycan Parlamentinin səlahiyyətlərinə aiddir. Sadəcə, Parlamentin buraxılması məsələsi ilə bağlı bəzi əlavələr olub. Bu da ölkədə baş verə biləcək hər hansı xaosun yaranmasının qarşısının alınmasına xidmət edir. Tutaq ki, Parlament bir il ərzində iki dəfə hökumətin hesabatını qəbul etməsə, bu praktikada heç müstəqillik dövründə olmayıb, onda Prezident parlamenti buraxmaq səlahiyyətlərə malik olacaq. Yerdə qalan məsələlərdə Parlamentin fəaliyyətini məhdudlaşdıran məsələlər yoxdur. Və ya Prezidentin səlahiyyətlərinin genişlənməsindən söhbət getmir. Sadəcə, operativ idarəetmə sistemi üçün vitse-prezidentlik institutunun yaradılması ehtiyacı yaranıb”.

“Bu kimi insanlar Güləndən də vəsait almamış deyillər”

S.Novruzovun fikrincə, Azərbaycan-Türkiyə münasibətlərinin yaxınlaşmasını görənlər 15 iyul hadisələrindən sonra iki ölkə münasibətlərinə kölgə salmağa çalışırlar: “Bu gün dünyanın bəzi dövlətlərini güclü, müasir müsəlman dövlətlərinin inkişafı narahat edir. Ona görə də daxili qüvvələrdən istifadə edərək həmin İslam ölkələrini zəiflətmək istəyirlər. 15 iyul hadisəsi də buna xidmət edirdi. Türkiyədə 15 iyul hadisəsi terrora və dövlət çevrilişinə cəhd idi. Təbii ki, həmin qüvvələr Fətullah Gülən hərəkatından istifadə etməyə çalışan qüvvələr idi. Azərbaycana gəlincə, ölkəmizdə müəyyən qüvvələr var ki, neçə illərdir, Gülən hərəkatına qulluq edirdilər. Müəyyən dövrdə gözləyirdilər ki, onlara göstəriş veriləndə hərəkətə keçsinlər. Ancaq bilməlidirlər ki, Azərbaycan güclü dövlətdir, cənab Prezident tərəfindən güclü idarə olunur, xalq-iqtidar birliyi var və istənilən bu xəyala, fikrə düşmək istəyənlərin qarşısını almağa qadirdir.

Təəssüf ki, Azərbaycanda pulla, şirnikdirmək yolu ilə ölkəmizin maraqlarını satan qüvvələr var. Müxtəlif partiyalar, QHT-lər var, hətta dolayısı ilə erməni lobbisindən pul alaraq Azərbaycanın ictimai-siyasi sabitliyini pozmaq, ölkənin dövlət quruluşunun dəyişdirilməsinə cəhd etmək istəyən, arzusunda olan qüvvələr var. Bu kimi insanlar Güləndən də vəsait almamış deyillər. AXCP-də də belə insanlar var. Onlar bütün qüvvələrə işləyirlər. Azərbaycanın əleyhinə olan şeytanla da əlbir olmağa hazırdırlar. Xatırlayırsınızsa, aprel hadisələrində bütün erməni mətbuatı Əli Kərimlinin çıxışları, köşə yazılarını verirdilər. Onlar xalqı bu çıxışlarla sakitləşdirirdilər. Erməni lobbisi tərəfindən əmr gəldi, Əli Kərimlinin yazıları ilə Ermənistan cəmiyyəti sakitləşdirilirdi.

Azərbaycanda Gülənin institutları, orta məktəbləri fəaliyyət göstərib, o cümlədən Türkiyədə təhsil alanlar olub. Azərbaycan hakimiyyətində olan bu kimi insanlar arasında yoldan çıxarılanlar ola bilər. Dövlət cinayətinə qoşulan hər bir şəxs vəzifəsindən asılı olmayaraq cəzalandırılmalıdır”.

"GÜNDƏMİN TRENDİ" verilişinin tam mətnini Youtube, Twitter və ya Facebook-dan izləyə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti