...

"Referendumqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri" mövzusunda seminar-müşavirə keçirilib (FOTO)

Siyasət Materials 31 Avqust 2016 12:19 (UTC +04:00)
"Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri" mövzusunda seminar-müşavirə keçirilib.
"Referendumqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri" mövzusunda seminar-müşavirə keçirilib (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Bakıda Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə "Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri" mövzusunda seminar-müşavirə keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qeyd edib ki, sentyabrın 26-da keçiriləcək referendumla bağlı tədbirlər planı hazırlanıb və ona uyğun tədbirlər davam etdirilib. Artıq 3 təşviqat qrupu qeydiyyatdan keçib, səlahiyyətli şəxslər təsdiq olunub.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan müstəqillik illərində seçki və referendumların keçirilməsi ilə bağlı böyük təcrübə əldə edib. 1991-ci ildən indiyədək Azərbaycanda 6 prezident, 5 parlament, 4 bələdiyyə seçkisi və 5 ümumxalq səsverməsinin keçirildiyini deyən Ə.Həsənov əlavə edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış əsas qanunumuz 1995-ci il noyabrın 12-də keçirilmiş 3-cü referendumda qəbul edilib. Ötən dövrdə Konstitusiyaya zəruri dəyişikliklərin edilməsi 2002 və 2009-cu illərdə referendum yolu ilə baş verib.

Azərbaycan Prezidenti İlham Əliyevin Konstitusiyaya 3-cü dəfə dəyişikliyin edilməsi məqsədilə təşəbbüs irəli sürdüyünü xatırladan Ə.Həsənov qonşu ölkələrin konstitusiyalarında da bir sıra dəyişikliklərin edildiyini qeyd edib: "Sosial sifarişlər və dövrün tələbləri nəzərə alınaraq, Konstitusiyaya dəyişikliklərin edilməsi həm zəruri, həm də faydalıdır. 2009-cu ildə keçirilmiş referendumdan sonra keçən 7 il ərzində Azərbaycanda baş verən əsaslı dəyişikliklər, yeni qlobal çağırışlar Azərbaycan Konstitusiyasının bu tələblərə uyğunlaşdırılmasını zəruri edir. Konstitusiyada 23 maddəyə dəyişiklik edilməsi, 6 maddənin əlavə edilməsi nəzərdə tutulur. Təklif olunan əlavə və dəyişikliklərə əsasən, yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu xüsusilə iqtisadi və siyasi islahatların davamlılığını, qəbul olunmuş qərarların operativ və tam həcmdə icrasını təmin etmək üçün optimal idarəçilik mexanizmi kimi düşünülüb. Bu yeni təsisat dövlət idarəçiliyini prezidentin həyata keçirdiyi islahatların sürətinə uyğunlaşdırmaq zərurətindən irəli gəlib. Dəyişikliklərin mühüm hissəsi insan hüquq və azadlıqları ilə bağlıdır. Şübhəsiz ki, seçkili və təyinatlı vəzifələr üçün müəyyənləşdirilmiş aşağı yaş senzinin aradan qaldırılması dövlət idarəçiliyində gənclərin daha geniş təmsil olunmasına, vətəndaşların seçib-seçilmək hüququnu sərbəst şəkildə reallaşdırmasına imkan yaradır".

Ə.Həsənov deyib ki, MSK referendumun yüksək səviyyədə keçirilməsini təmin edəcək.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov deyib ki, Azərbaycanda bundan öncəki seçkilərdə təşviqat aparılması prosesində ciddi problem ortaya çıxmayıb və referendumqabağı təşviqatda da problem yaranmayıb.

Şura sədri telekanallarda ödənişli və ödənişsiz əsaslarla referendumqabağı təşviqat prosesi zamanı riayət edilməli olan qaydalardan da söz açıb: "Ödənişsiz efir vaxtı yalnız İctimai TV üçün nəzərdə tutulub və efir vaxtının bölünməsi püskatma yolu ilə həyata keçirilir. Həmin efir vaxtının ödənişi isə dövlət büdcəsi hesabına həyata keçirilir".

Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev bildirib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin mahiyyətinin geniş ictimaiyyətə çatdırılmasında media və vətəndaş cəmiyyəti institutlarının üzərinə mühüm vəzifə düşür.

Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov təşviqat müddətinin sentyabrın 3-də başlayaraq 25-də bitəcəyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti