...

Ermənistanın qonaqlıq məzhəkəsi

Siyasət Materials 31 Avqust 2016 19:05 (UTC +04:00)

Azərbaycan xəbərlər xidməti

Mətanət Əliyeva - Trend:

Başlamadan bitən erməni oyunu və ya xaosa sürüklənən Ermənistanın qonaqlıq məzhəkəsi

Ermənilər qonaqlığa yamanca hazırlaşmışdılar. Özü də silsilə şəkildə. Oğurluq pullarla ordan-burdan dartıb gətirəcəkləri qonaqları ilə şəhərbəşəhər dolaşacaqdılar. Yalanları, dolanları ilə. İstəkləri qursaqlarında qaldı. Bu barədə bir az sonra. Əlqərəz, keçək mətləbə.

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "25 illiyi” ilə bağlı tədbir ləğv edilib. Ermənistan Dağlıq Qarabağda yaratdığı cinayətkar rejimin “müstəqilliyinin 25 illiyi” bəhanəsi ilə gizli şəkildə planlar quraraq təxribatçı tədbirlər keçirməyə hazırlıq görürdü. Azərbaycanın diplomatik nümayəndəlikləri tərəfindən tədbirin təşkilatçıları və dəvət olunan şəxslərlə danışıqlar aparıldı. Nəticə isə o oldu ki, dəvətlilərin əksəriyyəti regiondakı həssas durumu nəzərə alaraq tədbirdə iştirakdan imtina etdilər.

Ermənistan Fransada yerləşən Siyasi və Xarici Siyasət məsələləri üzrə Mərkəzin (Center for Political and Foreign Affairs) xətti ilə avqustun sonu, sentyabrın əvvəlində təşkilinə hazırlıq gördüyü "beynəlxalq konfrans"da iştirak etmək üçün bir sıra keçmiş dövlət rəsmilərinə, ictimai xadimlərə, parlament üzvlərinə dəvətlər göndərirdi. Tədbirə gizli hazırlıq aparmaları hər zaman olduğu kimi ermənilərin çirkin niyyətlərini bir daha büruzə verdi. Rəsmi Yerevan və erməni lobbi dairələri pul gücünə bəzi şəxslərin bu tədbirdə iştirakını təmin etməyə çalışırdılar.

Ayının min oyunu bir armudun başındadır. İmperialist güclərə kürəyini söykəyən, saxta diplomatiyaları ilə bu günə kimi bir arşın yol almayan ermənilər belə oyunları ilə işğallarını sürdürmək niyyətindədirlər. Sarkisyan illərdir qeyri-ciddi, boş bəyanatlar verməklə cinayətkar Qarabağ rejimini qorumağa çalışır. Ölkəsindəki acınacaqlı vəziyyəti, iqtisadi səfaləti, xaosu, çöküşü bir növ pərdələməyə çalışan çürük Sarkisyan rejimi bu tip tədbirlərlə “haqlı” mövqelərinin beynəlxalq təbliğatını apardığını zənn edir.

Dünya, dövr dəyişir. Sürətli inkişaf tempi, bölgədə, regionda, eləcə də beynəlxalq aləmdə iqtisadi sıçrayışların diktə etdiyi siyasi maraqlar müstəvisində bir oyunçu olaraq Ermənistan artıq çoxdan uduzub və kənara atılıb. Bu gün meydanda ermənilər nəinki oyunçu və ya ehtiyat oyunçu, heç tamaşaçı da deyillər. Regionda siyasi, iqtisadi, hərbi güc liderinə çevrilmiş Azərbaycanla bacarmayacağı qənaətini Ermənistan son olaraq aprel döyüşlərindəki məğlubiyyətində anladı. Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin pozulmasına yönəlmiş bu tip tədbirlərlə Ermənistan hakimiyyəti həm də təklənmiş cinayətkar rejimini qoruyub saxlamağa çalışır. Rəsmi Yerevanın bu addımları hər vəchlə münaqişənin həlli istiqamətində atılan konstruktiv addımların qarşısını almağa, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri tərəfindən aparılan danışıqlar prosesinə xələl gətirməyə, regionda davamlı sülhün təmin olunması istiqamətindəki səyləri pozmağa, cəbhədə atəşkəs rejiminin pozulmasına, vəziyyətin gərginləşməsinə və nəhayətində, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma cinayətkar rejimin təbliğinə xidmət edir.

Bir xeyli vaxtdır qonaqlığa hazırlaşan erməni tör-töküntülərinin necə deyərlər, həvəsləri qursaqlarında ilişib qaldı. İl artıq 1994 deyil, 2016-dır, cənab Sarkisyan.

Karvan çoxdan keçdi...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti