...

Əddis-Əbəbədə Ulu Öndər Heydər Əliyevin xatirəsi silsilə tədbirlərlə yad edilib (FOTO)

Siyasət Materials 12 Dekabr 2016 13:11 (UTC +04:00)
Əddis-Əbəbə şəhərində yerləşən Kebebe Tsehay uşaq evində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.
Əddis-Əbəbədə Ulu Öndər Heydər Əliyevin xatirəsi silsilə tədbirlərlə yad edilib   (FOTO)

Bakı. Trend:

Azərbaycanın Efiopiyadakı səfirliyi tərəfindən Əddis-Əbəbə şəhərində yerləşən Kebebe Tsehay uşaq evində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, xeyriyyə aksiyası zamanı uşaq evinə ehtiyac duyulan dərman preparatları təqdim edilib. Tədbirdə çıxış edən səfir Elman Abdullayev müasir Azərbaycanın banisi olan Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri barədə danışıb. Uşaq evinin direktoru xanım Menbere Qebriel Efiopiyada kimsəsiz uşaqlara bu cür qayğı göstərdiyinə və xüsusilə ciddi ehtiyac duyulan dərman preparatları hədiyyə etdiyinə görə Azərbaycan dövlətinə dərin təşəkkürünü bildirib. O, bu cür addımı Efiopiyanın gələcək nəsli üçün önəmli mənəvi dəstək kimi qiymətləndirib.

Xeyriyyə aksiyasından sonra Azərbaycanın Əddis-Əbəbədəki səfirliyində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Anım mərasimində çıxış edən səfir E.Abdullayev müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin xalqının dəstəyi və sevgisi ilə uzaqgörən və praqmatik siyasəti nəticəsində ölkəmizi ağır vəziyyətdən xilas etdiyini, sabitliyin, davamlı inkişafın təməlini qoyduğunu və vətəndaş qarşıdurmasının qarşısını aldığını bildirib. Ümummilli Lider Heydər Əliyevin həm SSRİ, həm də müstəqil Azərbaycanda hakimiyyətdə olduğu dövrlərdə ölkəmizin inkişafında, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsində, Azərbaycanın dünyada nüfuzunun gücləndirilməsində tarixi rolunu qeyd edən səfir Ulu Öndərin hər zaman xalqının yanında olduğunu vurğulayıb.

Anım mərasimində Azərbaycanda təhsil almış efiopiyalı məzunlar, akademik dairələrin nümayəndələri, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər. Tədbirdə dahi şəxsiyyətin siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti