...

Azərbaycan və Belarus hüquq-mühafizə orqanları Lapşinin işi üzrə danışıqlar aparırlar

Siyasət Materials 28 Dekabr 2016 14:31 (UTC +04:00)
Azərbaycan və Belarus hüquq-mühafizə orqanları bu iş üzrə danışıqlar aparırlar.
Azərbaycan və Belarus hüquq-mühafizə orqanları Lapşinin işi üzrə danışıqlar aparırlar

Bakı. Maksim Tsurkov - Trend:

Bloqer Aleksandr Lapşin iki ay müddətinə saxlanılıb, Azərbaycan və Belarus hüquq-mühafizə orqanları bu iş üzrə danışıqlar aparırlar.

Trend-in məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, əgər bu və ya digər şəxsin ekstradisiyası barədə müraciət hüquqi əsasa malikdirsə, o zaman qanun pozucusunun təhvil verilməsi ilə bağlı heç bir problem yoxdur.

Azərbaycan Baş Prokurorluğunun bundan əvvəl yaydığı məlumatda bildirilir ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.

Belarus hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində A.Lapşin saxlanılıb. Hazırda A.Lapşinin Azərbaycana ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti