...

Azərbaycan və Litva arasında elmi əməkdaşlığın imkanları müzakirə edilib (FOTO)

Siyasət Materials 13 Mart 2017 11:42 (UTC +04:00)
AMEA-nın Rəyasət Heyətinin üzvü, Akademiyanın Humanitar elmlər bölməsinin akademik-katibi Teymur Kərimli Litvada bir sıra görüşlər keçirib.
Azərbaycan və Litva arasında elmi əməkdaşlığın imkanları müzakirə edilib (FOTO)

Bakı. Trend:

9-12 mart tarixlərində Litvada işgüzar səfərdə olmuş Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin üzvü, Akademiyanın Humanitar elmlər bölməsinin akademik-katibi Teymur Kərimli bir sıra görüşlər keçirib.

Azərbaycanın Litvadakı səfirliyindən Trend-ə verilən məlumata görə, martın 9-da Litva Elmlər Akademiyasının prezidenti Valdemaras Razumas, sonra isə Rəyasət heyətinin üzvləri ilə keçirilmiş görüşdə iki ölkə arasında elmi əməkdaşlığın inkişafı istiqamətində mövcud imkanlar müzakirə edilib.

Litva Elmlər Akademiyasında baş tutmuş görüş zamanı akademik T.Kərimli AMEA-nın fəaliyyəti, strukturu və elmi nailiyyətləri, həmçinin AMEA-da aparılan islahatlar barədə məlumat verib.

Professor V.Razumas Litva Milli Elmlər Akademiyasının yaradılması tarixi haqqında danışıb və Akademiyanın elm sahəsində ölkə daxilində, eləcə də beynəlxalq təşkilatlardakı fəaliyyəti barədə ətraflı məlumat verib. O, eyni zamanda Litvada təhsil sahəsində aparılacaq islahatlara toxunaraq, gələn ildən Litvada fəaliyyət göstərən ali məktəblərin sayının azaldılmasının gözlənildiyini bildirib.

Görüşdə Litva və Azərbaycan arasında elmi əməkdaşlığın imkanları məsələləri müzakirə edilib və hər iki tərəf qurumlar arasında əməkdaşlıq haqqında Sazişin imzalanmasında maraqlı olduqlarını bildiriblər. Həmin gün Litva Ədəbiyyatı və Folkloru İnstitutunda baş tutmuş görüşdə Azərbaycan və Litva arasında ədəbiyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Litva Ədəbiyyatı və Folkloru İnstitutunun direktorunun elmi məsələlər üzrə müavini Auşra Martişiute-Linartiene ilə keçirilmiş görüşdə T.Kərimli Azərbaycan ədəbiyyatı haqında danışaraq, qarşı tərəfə qədim və orta dövr, həmçinin müasir Azərbaycan ədəbiyyatı haqqında məlumat verib.

İnstitutun direktor müavini Auşra Martişiute-Linartiene Litva ədəbiyyatı haqqında qısa məlumat verdikdən sonra, iki ölkə arasında ədəbiyyat sahəsində əlaqələrin XX əsrin 50-ci illərindən başlandığını və bu müddət ərzində bir sıra Azərbaycan ədiblərinin əsərlərinin Litva dininə tərcümə edildiyini qeyd edib. Sonda tərəflər arasında hər iki ölkənin müasir yazarlarının əsərlərinin qarşılıqlı tərcümə edilərək nəşr olunması məsələləri müzakirə olunub.

Mart ayının 10-da Vilnüs Universitetinin rektoru Arturas Jukauskas ilə baş tutmuş görüşdə T.Kərimli qarşı tərəfə AMEA haqqında məlumat verib. O, fundamental elmlərə yiyələnmək məqsədilə üç il əvvəl AMEA-da magistratura təhsilinin verilməsinə başlandığını və hazırda bakalavr təhsilinin verilməsi istiqamətində də işlərin aparıldığını bildirib. A.Jukauskas universitetin yaranma tarixi və fəaliyyət istiqamətləri haqqında məlumat verdikdən sonra, universitet ilə Azərbaycanın Litvadakı səfirliyi arasında sıx əməkdaşlığın mövcud olduğunu və hazırda universitetdə Azərbaycanlı tələbələrin təhsil aldığını vurğulayıb. Həmin günün ikinci yarısı akademik T.Kərimli Litvanın Türkiyədə və eyni zamanda Azərbaycanda keçmiş səfiri olmuş Halina Kabatskaite (Karay türküdür) ilə birlikdə Trakay şəhərində yerləşən Karaylar Muzeyini ziyarət ediblər. Muzeylə tanışlıqdan sonra, Teymur Kərimli tərəfindən muzeyə Azərbaycan xalçası və AMEA tərəfindən ingilis dilində nəşr edilmiş “Azərbaycan xalçaları: İrəvan qrupu” adlı kitab hədiyyə edilib. Görüşlərdə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti