...

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal problemlərdən çıxış yolunu təqdim edir

Siyasət Materials 5 May 2017 07:30 (UTC +04:00)
Bakıda artıq 4-cü dəfədir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal problemlərdən çıxış yolunu təqdim edir

Bəxtiyar Hacıyev – Trend:

Bakıda artıq 4-cü dəfədir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Mövzusu "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" olan cari Forumda insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mühüm məsələlər müzakirə ediləcək. Bundan başqa, Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü kimi əhəmiyyətli tədbirlər də keçiriləcək.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan Prezidenti İlham Əliyevin qlobal miqyaslı təşəbbüsüdür. Prezident İlham Əliyevin məqsədyönlü, müdrik siyasəti nəticəsində ölkəmiz dünyanın mühüm mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Təsadüfi deyil ki, Azərbaycan xalqının çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri bu gün dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə "Bakı Prosesi" təşəbbüsü irəli sürüldü. Bu təşəbbüs çərçivəsində 2008-ci il dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransı, "Bakı Prosesi"nin davamlılığını təmin etmək məqsədilə isə 2009-cu il oktyabrın 13-15-də paytaxtımızda İslam ölkələri mədəniyyət nazirlərinin VI konfransı keçirildi. Avropa konfransına 10 müsəlman ölkəsindən, İslam ölkələri nazirlər konfransına isə 10 Avropa ölkəsindən nümayəndələrin Azərbaycan tərəfindən dəvət edilməsi ilə dövlətimiz beynəlxalq tədbirlərin formatına yeni ənənələr gətirdi. Bunun davamı olaraq 2010-cu il sentyabrın 23-də BMT Baş Assambleyasının 65-ci sessiyasında Prezident İlham Əliyev tərəfindən Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü elan edildi.

Beləliklə, Azərbaycanın bu regional təşəbbüsü qlobal miqyasa çıxdı. Nəticə olaraq, Azərbaycan Prezidentinin təşəbbüsü ilə əsası qoyulmuş "Bakı prosesi" çərçivəsində 2011, 2013 və 2015-ci illərdə müvafiq olaraq I, II və III Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, habelə 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ölkəmizdə yüksək səviyyədə təşkil edildi. Bu tədbirlərə 170-dən çox ölkədən, nüfuzlu beynəlxalq təşkilatlardan qatılanlarının sayının 10 minə yaxın olduğunu xüsusilə qeyd etmək lazımdır.

Forumun və "Bakı prosesi"nin tərəfdaşlarının UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO kimi beynəlxalq təşkilatlar olması, eləcə də IV Forumun işində Bolqarıstan vitse-prezidentinin, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katiblərinin, Mali Prezidentinin, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirlərinin iştirakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun dünya əhəmiyyətli tədbir olmasından xəbər verir. Və ilk dəfə olaraq, BMT bilavasitə özünün təşkil etmədiyi tədbiri öz televiziyası və internet resursu vasitəsilə canlı yayımlayır.

Nümunəvi multikultural mühitin mövcud olduğu Azərbaycanın sivilizasiyalararası dialoqun təmin olunması məqsədilə təşkil etdiyi Forum dünyada mürəkkəb siyasi, iqtisadi proseslərin, qanlı münaqişələrin baş verdiyi bir dövrdə bütün bu problemlərdən çıxış yolu kimi fərqli fikir və konsepsiyalar arasında ziddiyyətlərin aradan qaldırılması, xalqlar arasında dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsı üçün beynəlxalq dialoq, eləcə də mövcud problemlərin həlli üçün innovativ əməkdaşlıq mexanizmlərinin yaradılması, əldə edilmiş mütərəqqi təcrübənin tətbiqi və paylaşılması kimi məsələlərin müzakirəsini təqdim edir.

IV Bakı Forumu mədəniyyətlər və sivilizasiyalar arası gərginliklərin aradan qaldırılması, davamlı inkişaf və inklüziv cəmiyyət məsələlərinin müsbət dinamika üzrə inkişafını təmin etmək və başqa bu kimi ali məqsədlərin həll olunmasına səy göstərir, qlobal miqyasda narahatlıq doğuran məsələlərin həlli istiqamətində beynəlxalq təşkilatların müştərək fəaliyyət mexanizminin daha səmərəli fəaliyyəti üçün yeni imkanlar yaradır.

Öz fəaliyyəti ilə bütün dünyada mədəniyyətlərarası dialoqun əhatə dairəsini artıran, dövlət və hökumət başçıları, nazirlər, müxtəlif beynəlxalq təşkilatların rəhbərləri, yüksək vəzifəli siyasətçilər, mədəniyyət işçiləri, jurnalistlər, ziyalılar – müxtəlif milli, mədəni, dini, etnik mənsubiyyətlərə məxsus insanları bir araya gətirərək bu insanlar arasında qarşılıqlı fəaliyyət, səmərəli və intensiv dialoqun yeni, zəruri forma və səviyyələrini yaradan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu heç şübhəsiz ki, beynəlxalq aləmdə sülh və əmin-amanlığın möhkəmlənməsinə, istər etnik-mədəni, istərsə də dini-siyasi sferada konstruktiv ideyaların reallaşması və yayılması prosesinə öz töhfəsini verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti