...

Azərbaycan və Sloveniya arasında siyasi məsləhətləşmələr keçirilib

Siyasət Materials 9 İyun 2017 10:40
Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan və Sloveniya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə Sloveniyada rəsmi səfərdə olub.
Azərbaycan və Sloveniya arasında siyasi məsləhətləşmələr keçirilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan və Sloveniya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə Sloveniyada rəsmi səfərdə olub.

Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər əsnasında X.Xələfov Sloveniyanın dövlət katibi, xarici işlər nazirinin müavini xanım Darya Bavdaj Kuretlə görüşüb. Görüşdə Sloveniya Xarici İşlər Nazirliyinin Siyasi Direktoru Matey Marn və digər rəsmi şəxslər də iştirak edib.

Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycan və Sloveniya arasındakı ikitərəfli əlaqələr müzakirə edilib, iqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya, energetika, yüksək texnologiyalar, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.

Görüşdə X.Xələfov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti barədə ətraflı məlumat verib və münaqişənin danışıqlar yolu ilə həlli üçün işğala əsaslanan status-kvonun dəyişdirilməsi və Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin tezliklə çıxarılmasının zəruriliyini vurğulayıb.

X.Xələfov bildirib ki, münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının alternativi yoxdur. Regionda mövcud münaqişələrin həll olunmasının ümumavropa təhlükəsizlik arxitekturasının vacib faktoru olduğu qeyd edilib.

D.Bavdaj Kuret Azərbaycan və Sloveniya arasındakı münasibətlərin yaxşı səviyyədə olduğunu bildirib və münasibətlərin daha da inkişaf etdirilməsi üçün hər iki ölkənin geniş potensiala malik olduğunu vurğulayıb. O, Sloveniya və Azərbaycan arasında enerji sahəsi ilə bərabər işgüzar dairələr və insanlararası əlaqələrin intensivləşdirilməsinin vacib olduğunu ifadə edib. D.Bavdaj Azərbaycanda mövcud olan təhlükəsizlik və sabitlik mühitini təqdir edərək Avropa İttifaqının bunda maraqlı olduğunu qeyd edib.

Görüşdə, habelə qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti