Bakı. Yelena Kosolapova - Trend:
Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın mülki şəxslərinin həlak olması göstərir ki, Dağlıq Qarabağ münaqişəsini təcili olaraq həll etmək lazımdır.
Bunu Trend-ə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.
Diplomat qeyd edib: "Təmas xəttindəki son hadisə göstərdi ki, bu münaqişə tez bir zamanda dinc yolla həll edilməlidir".
Onun sözlərinə görə, Meksika beynəlxalq hüquqa, o cümlədən ərazi bütövlüyü prinsipinə ehtiram göstərdiyini dəfələrlə bəyan edib:
"Əlbəttə ki, biz vəziyyətin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində sülh yolu ilə həllinə çağırırıq".
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.