Bakı. Ləman Zeynalova - Trend:
Bolqarıstanın Avropa İttifaqı (Aİ) Şurasındakı sədrliyi Azərbaycanla əməkdaşlığın daha da genişlənməsi üçün əlavə imkanlar yaradacaq.
Bunu Trend-ə müsahibəsində Bolqarıstanın Baş naziri Boyko Borisov deyib.
B.Borisov qeyd edib ki, Bolqarıstan Aİ ilə Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqlarda irəliləyişi alqışlayır: “Bu saziş tərəflər arasında münasibətlərdə yeni səhifə açacaq”.
Baş nazir vurğulayıb ki, Bolqarıstan Aİ-nin “Şərq tərəfdaşlığı” proqramını Aİ-nin mehriban qonşuluq siyasətinin strateji istiqaməti və Şərqi Avropada sabitliyin aparıcı amili olaraq qətiyyətlə dəstəkləyir.
Qeyd edək ki, bu ilin yanvarında Bolqarıstanın Aİ Şurasında altı aylıq sədrlik müddəti başlayıb. Bu müddət iyunun 30-da başa çatacaq.