...

Azərbaycanın İrandakı səfirliyində səsvermə başa çatıb (FOTO)

Siyasət Materials 11 Aprel 2018 19:47 (UTC +04:00)
İrandakı səfirlikdə yaradılan seçki məntəqəsi üzrə yerli vaxtla saat 19:00-da səsverməyə yekun vurulub.
Azərbaycanın İrandakı səfirliyində səsvermə başa çatıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar İrandakı səfirliyimizdə yaradılan seçki məntəqəsi üzrə yerli vaxtla saat 19:00-da səsverməyə yekun vurulub.

Trend AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılan səsvermə 96 faiz seçici fəallığı ilə başa çatıb.

Səfirlikdə Azərbaycan Mərkəzi Seçki Komissiyasının 16 saylı Yasamal II seçki dairəsi dairə seçki komissiyasının 31 nömrəli məntəqəsi üzrə İranda müvəqqəti və daimi yaşayan vətəndaşlarımız, səfirliyin əməkdaşları və onların səsvermə hüququ olan ailə üzvləri, habelə səsvermə günü müxtəlif səbəblərə görə Tehranda olan vətəndaşlarımız səs veriblər.

Məntəqə seçki komissiyasına hər hansı qanun pozuntusu barədə şikayət və irad daxil olmayıb.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti