...

Kanada azərbaycanlıları Helsinki Komissiyasının dinləmələrinə etiraz edir

Siyasət Materials 15 May 2018 17:41 (UTC +04:00)
Kanada Azərbaycan Tədqiqatlar İnstitutu (KATİ) ABŞ Helsinki Komissiyasının Azərbaycana dair dinləmələri ilə əlaqədar etiraz bəyanatı yayıb.
Kanada azərbaycanlıları Helsinki Komissiyasının dinləmələrinə etiraz edir

Bakı. Trend:

Kanada Azərbaycan Tədqiqatlar İnstitutu (KATİ) ABŞ Helsinki Komissiyasının Azərbaycana dair dinləmələri ilə əlaqədar etiraz bəyanatı yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bəyanatda KATİ Helsinki Komissiyasının 2018-ci il mayın 9-da Azərbaycanda seçkilər və fundamental azadlıqlarla bağlı keçirilmiş dinləmələrinin səthi və əsassız olduğu diqqətə çatdırılır. Bildirilir ki, araşdırma prosesinin bir qismi, tənqid olunma da daxil olmaqla spekulyasiyaya və ümumiləşdirməyə əsaslanır, hətta gerçəkləri faktlarla əks etdirmir: “Biz inanırıq ki, demokratiyanı gücləndirmək baxımından irəli sürülmüş təkliflər obyektiv analiz və prinsiplərə əsaslanmalıdır. Sizin tənqidlərinizdən bəlli oldu ki, 1991-ci ildə Sovet hakimiyyətinə qarşı qalxaraq, Azərbaycanı Ermənistanın təcavüzündən qorumaq üçün minlərlə qurban verən Azərbaycan xalqının demokratik düşüncəsini anlamamısınız”.

Bəyanatda daha sonra deyilir ki, gündəlik müşahidələrə əsasən Azərbaycan mətbuatında hakimiyyətin qanunvericilik, icra və məhkəmə orqanlarının bir çox aspektləri ilə bağlı tənqidi müzakirələr olub, müxalifətin nümayişlər və ya etirazlar yolu ilə hökumət əleyhinə fikrini sərbəst şəkildə ifadə etmək hüququna heç bir təzyiq göstərilməyib. Buna görə də, demokratiyanın bütün əsas elementlərinin bu gün Azərbaycanda yaxşı vəziyyətdə olduğu qeyd olunur.

KATİ Helsinki Komissiyasının Azərbaycanla bağlı son hesabatının təhriflərlə dolu olduğunu hesab edir və Komissiyanı bəzi ölkələrdə, o cümlədən Ermənistanda insan haqları ilə bağlı dəhşətli vəziyyətə nəzər salmağa çağırır.

Qeyd edək ki, Kanada Azərbaycan Tədqiqatlar İnstitutu (The Canadian İnstitute of Azerbaijani Studies - CIAS) - Kanadadakı Azərbaycanı tədqiq edən akademik mərkəzdir, eyni zamanda Kanadada akademik cəmiyyətin geniş bir hissəsini təmsil edən bitərəf, müstəqil təşkilatdır. Təşkilat yarandığı gündən etibarən, Azərbaycanda, eləcə də Mərkəzi və Şərqi Avropada demokratiya, insan və milli azlıqların hüquq və azadlıqlarını müdafiə edir, qanunun aliliyinə dəstək verir. KATİ həmçinin, Şimali Amerika və Azərbaycan əlaqələrini dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti