...

Cəlal Əliyevin 90 illik yubileyi keçiriləcək

Siyasət Materials 22 May 2018 18:14 (UTC +04:00)
Prezident İlham Əliyev Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Cəlal Əliyevin 90 illik yubileyi keçiriləcək

Bakı. Trend:

Prezident İlham Əliyev Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

2018-ci ilin iyun ayında Azərbaycanın görkəmli alimi, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əlirza oğlu Əliyevin anadan olmasının 90 illiyi tamam olur.

Akademik Cəlal Əliyev fundamental araşdırmaları və elmi nailiyyətləri ilə Azərbaycanda biologiya elminin bir sıra yeni istiqamətlərini müəyyənləşdirmiş və onun aktual problemlərinin həllinə sanballı töhfələr vermişdir. Alimin nəzəriyyə və təcrübənin vəhdətini daim əsas götürməklə qazandığı nəticələrin tətbiqi respublika iqtisadiyyatının inkişafı və məhsuldarlığın yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb etmişdir. Cəlal Əliyevin ölkədə bioloji müxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında mühüm xidməti vardır. Yetirmələri dünyanın müxtəlif tədqiqat mərkəzləri və tədris ocaqlarında bu gün də uğurla çalışan alim mötəbər beynəlxalq elmi təşkilatlarla əlaqələrin qurulması və Azərbaycan elminin nailiyyətlərinin tanıdılması üçün təqdirəlayiq işlər görmüşdür.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda biologiya elminin inkişafında, müasir kadr potensialının formalaşdırılmasında və ümumən elmin təşkilində uzunmüddətli ardıcıl fəaliyyətini nəzərə alaraq akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Milli Elmlər Akademiyasına Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə akademik Cəlal Əliyevin 90 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti